Ev Foto - video

Gözəllik qənimləri…

PAY
Tovuz Mədəniyyət

Dünyada mövcud olan 11 iqlimdən doqquzunun mövcud olduğu  Azərbaycanda  hər bölgənin bir füsunkar təbiəti və özəlliyi var.  Özünəməxsus gözəlliyi , səfalı və şəfalı havası , hər damlası bir dərdə dərman olan bulaqları , qərb bölgəsində rayon ictimaiyyətinin və eləcə də ətraf rayonların sakinlərinin istirahətini təmin edəcək parkı və keçilməz meşələri ilə daim diqqət mərkəzində olan məkanlardan biri də Tovuz rayonudur. Rayonda təbii gözəlliklə yanaşı, insan əlləri ilə yaradılan zövq oxşayan məkanlar da var. Bu məkanlar əhalinin rahat və zövqli istirahətini təmin etmək, qonaqları, o cümlədən turistləri rayona cəlb etmək, bura gələnlərin xoş təəssüratla geri dönmələrinə qulluq etmək məqsədi daşıyır. Amma bu sahədə təəssüf doğuran bir hal da var. Təəssüflər olsun ki, aramızda bu sərvəti qorumağı özünə eyib bilən, əksinə sındırıb dağıtmağı şərəf bilən “qəhraman”larımız da var. Tovuzun insan zəhməti nəticəsində qurulan ən gəzməli yerlərindən olan Mərkəzi Parkın əməkdaşları bu cür qəhramanlığın nəticələrini vaxtaşırı aradan qaldırmaq məcburiyyətində qalırlar. Bu vandallığın nəticəsi axşam vaxtı, qaranlıq düşəndə daha qabarıq şəkildə özünü biruzə verir. Qırıq lampalar ətrafındakı qaranlıq ümumi xoş təəssurat və ovqata müəyyən acılıq qatır. Bu hal başqa yerlərdən gəlmiş qonaqların da diqqətindən yayınmır. Baş verənlərin ən azı xuliqanlıq olduğu danılmazdır. Üstəlik bu hərəkətlər nəticəsində müvafiq strukturlara maddi ziyan vurulub. Həmin şəxslərin saxlanılıb cəzalandırılması üçün bütün əsaslar göz qabağındadır. İnanmaq istərdik ki, görülən tədbirlər lazımı effekti verəcək. Axı bir neçə xuliqanın çoxların rahatlığını pozması  yol verilməzdir. Bu halların qarşısının alınması, hüquq-mühafizə orqanları ilə yanaşı həm də bizim, yəni sıravi vətəndaşların da işidir.

CÜMŞÜD MƏMMƏDOV (turkeltv.az)

PAY