Ev Foto - video

Məscidin «Daş kitabəsi» yoxa çıxdı — VİDEO

PAY
Tovuz Tarix

Tovuz rayonunun Yanıqlı kəndində 5 əsr bundan qabaq inşa edilən Şah Abbas məscidi belə getsə, öz tarixini yaddaşlardan siləcək.
Milli.Az Türkel TV-yə istinadən bildirir ki, hər daşında bir sirr yatan tariximizin keçmişini öyrənmək üçün, gərək, daşlara toxunasan. Əvvəllər dini ibadətgah və mədrəsə kimi fəaliyyət göstərən, Sovet dövründə isə sovxozun anbarı kimi istifadə edilən bu tarixi abidə də öz-özlüyündə çox sirlərə sirdaşdır. Söhbət Şah Abbasın əmri ilə Tovuzun Yanıqlı kəndində inşa edilən məsciddən gedir.
Tarixi mənbələrdə Tovuzun bu kəndi Xavərzəmin şəhəri kimi təqdim olunur. Rəvayətə görə, şəhər karvan yolunun üzərində yerləşdiyindən səyahətə gedib-gələn əhalinin dini ibadətlə məşğul olması üçün məscidin tikilməsinə ehtiyac yaranır. Bundan sonra kvadrat şəklində ümumi eni 28 m-dən ibarət 8 otaqlı iki mərtəbəli məscidin tikilməsinə qərar verilir. XVI əsrdə inşa edilən bu məscidin memarı Şeyx Bahəddin Məhəmməd Amil olub. İlk görünüşdən Gəncədəki Şah Abbas məscidini xatırladan bu tarixi abidə, deyilənlərə görə, 50 ilə ərsəyə gəlib.
Məscidin tikintisi zamanı isə onun möhkəm və davamlı olması üçün çiy yumurtadan istifadə olunub. Axırıncı dəfə binada əsaslı təmir işləri 1978-1980-ci illərdə aparılıb. Lakin həmin bərpa işlərinin qeyri-peşəkar şəxslər tərəfindən görülməsi bu ibadətgahın, necə deyərlər, dərdinin üstünə dərd gətirib. Əgər belə olmasaydı, məscidin daş kitabəsi bu günə qədər qorunub saxlanardı. Məscid dövlət tərəfindən mühafizə edilən abidələr siyahısına daxil edilsə də, onun qorunması və bərpası haqda düşünən olmayıb.
Artıq bir hissəsi uçmuş məscidin baxımsızlıq ucbatından tamamilə yerlə-yeksan olacağı da qaçılmazdır. Hətta iş o yerə gəlib çatıb ki, abidənin adı əks olunmuş lövhə yenilənmək əvəzinə asıldığı yerdən çıxarılıb.
Qeyd edək ki, Şah Abbas məscidi kənddə yox olmaq təhlükəsi ilə üz-üzə qalmış yeganə abidə deyil. Belə ki, kəndi yarı bölən Zəyəmçay üzərindəki Xan körpüsündən yaxın onilliklərədək təyinatı üzrə istifadə olunmasına baxmayaraq, hazırda ondan cəmi bircə yarıuçmuş tağ qalıb.
Uzun illər Rayon Mədəniyyət Şöbəsində mühafizəçi vəzifəsində çalışan kənd sakini Əli Hüseynovun sözlərinə görə, bu körpü XIII əsrə aiddir. Amma burda da abidənin qədimliyini əks etdirən lövhə qorunub saxlanılmayıb. Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlikdən TTV-yə verilən xəbərə görə, məscidə mütəxəssislər tərəfindən baxış keçirilib. İbadətgahın dağılmasının qarşısını almaq məqsədi ilə onun yaxınlığından axan Zəyəmçayın yatağında sahilbərkitmə işləri aparılıb. Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsindən isə bildirdilər ki, məsciddə təmir-bərpa işlərinin aparılmasına bu ildən başlanılacaq.

Vüsal Tağıyev

http://vk.com/video191544402_164312624?hash=f273ce5a7f166de3

PAY