Ev Cəmiyyət

Dəyərləşən, müqəddəsləşən qürür mənbəyimiz…

PAY
Tovuz Emil Huseynli

Bu gün Dövlət Bayrağı Günüdür. Demək ki, Azərbaycanın simasının, tanıtımının bayramıdır. Demək ki, bu bayram digər bayramlarımızdan daha uca, müqəddəs bayramdır. On minlərlə şəhidlərimizin bayramıdır bu bayram. Bayraq uğrunda döyüşən, bayraqla da torpağa tapşırılan şəhidlərimizin bayramıdır. Şəhidlərin payına daha çox düşən bayramımızdır Dövlət Bayrağı Günü. Ona görə də bu bayramda insanlarımızda daha çox vətəndaş hissi baş qaldırır. Bayraq adı altında insanlar ölkə, millət, torpaq, ana Vətən kimi müqəddəs hisslərin girovuna çevrilir. Bunları yaşamaq gözəl hisslərdir, ucalırsan, qürurlanırsan, «bu Vətənin övladıyam» deyirsən, dövlətlər içərisində dövlətinin qüdrətini hiss edirsən. Bir anlıq təsəvvür edirsən ki, Bayrağımız olmasaydı, Azərbaycanı necə tanıtmaq olardı? Azərbaycan vətəndaşı özünü necə tanıtdıra biləcəkdi? Bax elə Bayrağın müqəddəsliyi bundadır. Bayraq bir ölkənin milyonlarla insanını, bir dövlətin sərhədlərini tanıdır.
Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilib. Deməli, üçrəngli Bayrağımızın yaranmasının 100 ilə yaxın yaşı var. Ancaq necə şux qaməti, duruşu var Bayrağımızın. Heç qocalmaq bilmir, çünki onu saxlayan, ona dəyər verən, nəfəs verən vətəndaşları var. İllər ötdükcə, Bayrağımız daha da ucalır, dəyərləşir, Bayrağımızın altından keçənlərimiz çoxalır. Azərbaycanı sevənlər də, gözü götürməyənlər də, ölkəmizin uğuruna sevinməyənlərin hamısı dəyərləşən Bayrağımızın önündən keçməyə məcbur olurlar. O səhnəni görmək necə qürurvericidir. Sənin bayrağını milyonlar izləyir…
Biz hamımız bayrağımız naminə Azərbaycanın gələcəyini düşünməliyik. Ölkəmizin təhlükəsizliyini təmin etməliyik. Bu gün müstəqil ölkə kimi öz Bayrağımızın altında yaşamağımız böyük xoşbəxtlikdir, böyük sərvətdir. Azərbaycan xalqı öz bayrağının, taleyinin sahibidir. Bu gün Azərbaycanın hər bir bölgəsində, yerində Dövlət Bayrağı dalğalanır. Nə gözəl ki, son 10 ildə Azərbaycan Bayrağına verilən dəyər, qiymət onu daha da müqəddəsləşdirdi, zirvələrə qaldırdı. Nə gözəl ki, Dövlət Bayrağı Meydanımız yarandı, bayraqlarımızın tarixi muzeyi yaradıldı. Bu gün ürəklərdə sevilir Bayrağımız.

Vətəndaşlarımız sabaha ümidlə baxır, sabaha inanır. İnanır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra Milli Bayrağımız işğal altında olan torpaqlarda qaldırılacaq. Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bayraq, torpaq uğrunda şəhidlərimizn ruhu rahatlıq tapacaq.
Hər gün binalarda, meydanlarda dalğalanan bayraqları görəndə qürur, sevinc hissi keçirirsən. Bu hisslərlə Azərbaycan Bayrağının önündə baş əyək! Qoy ucalsın, daim dalğalansın Azərbaycan Bayrağı! Qürur mənbəyimiz mübarək!

Emil Hüseynli — Trendin Azərbaycan xidmətinin rəhbəri

PAY