Ev Cəmiyyət

Avropanın iqtisadi maraqları Ukraynada mühüm faktor olaraq qalır…

PAY
Tovuz Arzu Nağıyev

“NATO, Ukraynada millətçilərdən istifadə edə bilər”
Arzu Nağıyev: «Avropanın da iqtisadi maraqları mühüm faktor olaraq qalır”

Rusiyanın Ukraynaya hərbi təcavüzü, Krımla bağlı işğalçılıq siyasəti bütün region ölkələri kimi Azərbaycanı da narahat edir. Dünya baş verən prosesləri diqqətlə izləyir, proseslər demək olar ki, hər saat yenilənir. Hələ ki, Qərb məsələ ilə bağlı tənqidi açıqlamalar və Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı bəyanatlarla kifayətlənir. Ukraynada isə qorxurlar ki, Qərb Gürcüstan olayı zamanı sərgilədiyi mövqeyi Ukrayna ilə bağlı da sərgiləsin. Amma bir çox ekpertlər bu məsələnin fərqli olduğunu, Rusiyanın böyük siyasi səhvə yol verdiyini və bu addımla Rusiyanın çöküşünün əsasının qoyulduğunu bidirirlər. Siyasi analitik Arzu Nağıyev «Xalq Cəbhəsi»nə müsahibəsində baş verən prosesləri şərh etdi.
— Hazırkı durumu necə dəyərləndirisiniz, proqnozlarınız nədən ibarətdir?
— Ukraynada faktiki olaraq inqilab baş verdi. Bütün inqilablarda olduğu kimi ölkə ərazisində özbaşınalıq, qarışıqlıq, dövlət strukturlarının çoxunun işinin dayanması, bir sözlə xaos hökm sürdü. Belə olanda təbii ki, cinayətkarlıq da artır, insanlar stressə düşür. Çox maraqlıdır ki, Ukraynada baş verənlər digər ölkələrdəki çevirilşlərdən fərqli olaraq, bütün ölkəyə təsir etdi. Faktiki olaraq ölkə bir neçə hissəyə bölünüb. Yəqin ki, bu bir müddət davam edəcək, ən ağırı isə iqtisadi problemlər ola bilər, məvaciblərin verilməməsi, iş yerləinin bağlanması, qrivnin məzənnəsinin düşməsi və s. Məhz buna görə də yeni hakimiyyət kənardan maddi yardım gözləmədən yerli oliqarx və biznesmenlərin maddi durumuna «müraciət» edəcək. Vəziyyət stabilləşənə qədər hətta onlar vəzifələrə də təyin edilə bilərlər…
— Ukraynada səfərbərliklə bağlı nə deyə bilərsiniz, Ukrayna müharibəyə başlaya bilərmi?
— Artıq Ukraynada səfərbərlik başlayıb, müxtəlif regionlarda hökumət tərəfindən əsgərliyi başa vurmuş hərbi mükəlləfiyyətlı kişilərin hərbi təlimlərə cağırılması ilə bağlı səfərbərlik elan edilib. Məlumdur ki, 1950-ci illərə qədər partizan hərəkatları ilə yadda qalmış bu ölkə müharibənin hansı fəsadlar verə bilıcəyini də başa düşür. Əlbəttə hər hansı müharibəni aparmaq üçün maliyyə dəstəyi də labüddür. Qərb, yəni Avropa Birliyi 11 milyard avroluq kredit xətti açarsa və Vaşinqton da söz verdiyi 1 milyard dolları verərsə bu böyük bir maliyyə dəstəyi ola bilər…
— ABŞ və Avropa Birliyi Gürcüstandakı kimi bəyanatlarla kifayətlənəcəksə proseslər hansı məcrada davam edəcək?
— İstər geosiyasi, istərsə də strateji baxımdan yanaşanda Ukrayna və Gürcüstan arasında ABŞ və Avropa Birliyi üçün böyük fərq var. Avropa Birliyi öz sərhədlərini genişləndirməklə bərabər Rusiya sərhədlərinə daha da yaxınlaşır və NATO üçün geniş perspektivlər əldə edir. Eyni zamanda ABŞ da Qara dənizdə öz hərbi mövqeyini möhkəmlətmək imkanı əldə edir. Buna görə də yəqin ki, tək bəyantlarla kifayətlənmək heç cürə xeyir gətirə bilməz. Həm də Ukrayna misalında Budapeşt razılaşması faktoru mövcuddur…
— NATO prosesə hərbi müdaxilə edə bilərmi? Əgər belə olarsa bu 3-cü dünya müharibəsinin başlabnmasına şərait yaradacaqmı?
— Hərbi müdaxilə tək qoşun yeritmək, müharibədə bilavasitə iştirak etmək demək deyil ki? Faktiki olaraq Suriyada və digər regionlarda rəsmi olaraq NATO yoxdur, lakin bu o demək deyil ki, müdaxilə yoxdur. Təcrübələr göstərir ki, əsgəri müdaxilədən başqa döyüş sursatı, silah və hətta hərbi müşavirlər vasitəsilə müdaxilə etmək olur. Suriyada Əsəd rejiminə qarşı dini qurumlardan istifadə edən NATO, Ukraynada millətçilərdən istifadə edə bilər. Düşünmürəm ki, 3-cü dünya müharibəsinə şərait yaranacaq. Çünki, Avropanın da iqtisadi maraqları mühüm faktor olaraq qalır.
— Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləsə, bu, Rusiya üçün hansı iqtisadi, siyasi nəticələrə gətirib çıxaracaq?
— Avropa Birliyi və Rusiya arasında qarşılıqlı iqtisadi maraqlar mövcuddur. Hazırda Rusiya enerji daşıyıcılarının satıcısı, Avropa Birliyi isə alıcısı rolunda çıxış edir. Alıcı imtina etsə, əlbəttə ki, acınacaqlı nəticələrə gəlib çıxa bilər. Məlumdur ki, rublun məzənnəsi müharibə sözü eşidilən kimi nə qədər dəyişdi, alıcılıq qabiliyyəti düşdü. İqtisadi tənəzzül də avtomatik olaraq siyasi təsirini göstərir.
— Türkiyənin mövqeyi sizi qane edirmi, Krımla bağlı qardaş ölkə hansı addımı ata bilər və atmalıdır?
— Türkiyə, Ukrayna üçün və əksinə strateji baxımdan tərəfdaş olduqlarına görə, bir dövlət olaraq öz maraqlarını qorumaq mövqeyindən çıxış edir, bəyanatlar verir. Ukraynanın suverenliyini qəbul edir və tatarların mövqeyini dəstəkləyir. Beynəlxalq normalara baxsaq, Ukrayna konstitusiyasının 73-maddəsinə əsasən ərazi dəyişikliyi ancaq ümumxalq, yəni bütün Ukrayna referendumunda qəbul edilə bilər. Kiyev buna razılıq vermir və verməz də. Bu baxımdan da Türkiyə öz mövqeyini ancaq beynəlxalq normalara uyğun atmalıdır.
— Bu proseslər Qarabağla bağlı nə vəd edir, Azərbaycan hansı addımı atmalıdır?
— Baş verən proseslər Qarabağla bağlı heç bir müsbət vədlər verə bilməz. Çünki bu ölkə daxilində onun suverenliyinə ciddi bir müdaxilədir. Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu bütün beynəlxalq sənədlərdə öz əksini tapıb. Azərbaycan Ukraynanın ərazi bütövlülüyünü konstitusiya çərçivəsində tanıyır və qəbul edir. Eyni zamanda Ukrayna Azərbaycanın ən vacib strateji tərəfdaşlarından biridir və legitim hakimiyyətlə yəqin ki, əlaqələr yenə də davam etdiriləcək.

Əli

PAY