Ev Cəmiyyət

Araşdırmaçı-yazar Arzu Nağıyevin «Qara kabus» kitabı təqdim edilib…

PAY
Tovuz Arzu Nağıyev

Bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində uzun müddət hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmiş tanınmış araşdırmaçı-yazar Arzu Nağıyevin «Qara kabus» kitabının təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, təqdimat mərasimində ictimaiyyət nümayəndələri, yazıçı və şairlər, mütəxəssislər və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalı kitabın əhəmiyyəti barədə danışıb. Ə.Qoşalı qeyd edib ki, bəşəriyyətin ən böyük bəlası olan narkomaniyadan bəhs edən bu kitabın əhatə etdiyi mövzu cəmiyyət üçün öz aktuallığını saxlamaqdadır.Ə.Qoşalı bildirib ki, bu kitab daha geniş auditoriyalarda gündəmə gəlməli, müzakirə olunmalıdır: «Xüsusən kitabın mövzusuna uyğun olaraq, bu kitab yalnız birbaşa narkomaniyadan əziyyət çəkən, yəni narkomaniya daşıyıcıları olan insanların yox, eyni zamanda onlarla işləyən insanların da toplaşdığı auditoriyalarda təqdim olunmalı və müzakirə edilməlidir».
Ə.Qoşalı əlavə edib ki, kitabdan irəli gələn vəzifələr cəmiyyətimizin üzərinə öz əksini tapmalıdır. Onun sözlərinə görə, «Qara kabus» kitabı ilk növbədə öz orijinal üslubu, müəllifin məsələyə təkcə bir mütəxəssis kimi deyil, bir vətəndaş yanğısı ilə yanaşması məqamı ilə daha da maraqlıdır: «Müəllifin bu kitabda uğuru ondan ibarətdir ki, kitab kifayət qədər anlaşıqlı bir üslubda qələmə alınıb. Kitabda gətirilən faktlar, istifadə olunan ədəbiyyat və müəllifin özünün uzun müddət məşğul olduğu bu mövzu həm də kifayət qədər elmi üslubda oxuculara çatdırılır».
BMT-nin Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev isə çıxış edərək kitabın cəmiyyətin, xüsusən də gənclərin maarifləndirilməsi baxımından vacib olduğunu bildirib.

M.Əfəndiyev qeyd edib ki, Arzu Nağıyevin uzun illər peşəkarlıq fəaliyyətində üzləşdiyi məqamları, əsas məqsədi cəmiyyətin maariflənməsinə, narkomaniya probleminə düçar olmayan, lakin potensial risk dərəcəsinə aid olan insanları bu yoldan yayındırmağa yönələn məlumatları bir kitabda cəmləməsi sözsüz ki, tədqirəlayiq haldır: «Bu gün Azərbaycan cəmiyyətinə insanların maaariflənməsi üçün, onların daha düzgün, sağlam tərbiyə edilməsi üçün istər dəyərli yazıçılarımız tərəfindən, istərsə də bu problemi dərk edən insanlar tərəfindən ciddi mesajlar ünvanlanmalıdır. Bu baxımdan bu kimi kitabların Azərbaycan cəmiyyətinə, xüsusən də yeni nəslə çox böyük faydası var».
Daha sonra çıxış edən Mahmud Kaşqari adına Beynəlxalq Fondun icraçı direktoru, tanınmış şair Elxan Zal Qaraxanlı da kitabın gənc nəslin maarifləndirilməsi, narkomaniya problemi barədə insanların peşəkarların dili ilə məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Sonda çıxış edən «Qara kabus» kitabının müəllifi Arzu Nağıyev onu bu kitabı yazmağa vadar edən səbəblərdən danışıb: «Narkomaniya əsrin bəlasıdır. Fəaliyyətim dövründə insanların bu problemdən nə qədər əziyyət çəkdiyini, nə qədər ailələrin dağıldığını, nə qədər gənclərin öz həyatlarını məhv etdiyini, övladları narkomaniyaya qurşanan valideynlərin hansı əzab-əziyyətə qatlaşdığını görmüşəm. Mən bu kitabı qələmə alarkən düşündüm ki, heç olmasa hansısa ailəyə, hansısa valideynə, kiməsə təsəlli verə bilərəm, yeni ailə qurmaq istəyənlərə narkomaniyanın nə qədər böyük bəla olduğunu çatdıra bilərəm».Tovuz  Arzu Nağıyev

Tədbir zamanı Arzu Nağıyev cəmiyyətin maarifləndirilməsində göstərdiyi dəstəyə görə Mahmud Kaşqari adına Beynəlxalq Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin xüsusi mükafatları ilə təltif edilib.

Araşdırmaçı-yazar Xalıdə Xalid və şair-publisist Ehtiram İlham müəllif haqqında ürək sözlərini söyləyib, kitabın mahiyyəti barədə danışıblar.

Qeyd edək ki, Arzu Nağıyev uzun illər hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışıb. Hazırda cəmiyyət həyatının müxtəlif sahələri ilə bağlı ciddi araşdırmalarla və bədii yaradıcılıqla məşğuldur. «Qara kabus» kitabı bəşəriyyətin ən böyük bəlası olan narkomaniyadan bəhs edir. Xeyli müddət həmin problemin tədqiqi üzərində çalışan müəllif bu kitabında narkomaniyanın mahiyyətini və xüsusiyyətlərini, narkotikadan xilas yollarını elmi və praktik cəhətdən, həm də real həyat faktları əsasında qələmə alıb. «Qara kabus» kltabında bu problemə laqeyd olmayan hər bir valideynin, hər bir insanın bilməli olduğu çox maraqlı məlumatlar da öz əksini tapıb.

PAY