Ev Cəmiyyət

Azərbaycan-Türkiyə-Türkmənistan XİN rəhbərlərinin görüşü region üçün nələri vəd edir?..(video)

PAY
Arzu Nağıyev

“Trend” İnformasiya Agentliyinin şərhçisi Arzu Nağıyev “Bu həftə”yə Xarici işlər nazirlərinin görüşlərinin təfərrüatları və əldə olunan nəticələr haqqında müsahibə verib.

— Arzu müəllim, ötən həftə regionda və ölkəmizdə bir sıra mühüm hadisələr baş verdi. Şübhəsiz ki, Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin Bakıda keçirilən görüşü bizim ölkə üçün daha əhəmiyyətli idi. Bu görüşü bizim üçün əhəmiyyətli edən ən əsas amillər nələr idi?

— Düşünürəm ki, qeyd etdiyiniz kimi may ayının 26-sı Bakıda ilk dəfə keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü ən mühüm əhəmiyyət kəsb edən görüşlərdən biri idi. Görüş ilk dəfə idi ki, bu formatda təşkil olunmuşdu. Əvvəllər Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə və İran belə bir formatda görüşlər keçirmişlər, ancaq Türkənistanın daxil olması ilə bağlı ilk dəfədir ki, belə görüş keçirildi. Və görüşdə hər üç ölkənin XİN rəhbəri tərəfindən regionda aktual olan problemlərin həlli yollarının tapılmasının müzakirəsi aparıldı.

— Şübhəsiz görüşün həm strateji, həm də iqtisadi tərəfləri var idi. Bu baxımdan üçtərəfli görüşün əhəmiyyəti nədən ibarət idi?

— Bu görüşdə istər Azərbaycan-Türkmənistan, istər Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə arasında anlaşılmayan müxtəlif problemlərin müzakirəsi qoyulduğu üçün görüş mühüm əhəmiyyət kəsb edirdi. İqtisadi baxımdan dedikdə bu gün Azərbaycanla Türkmənistan arasında enerji daşıyıcıları ilə bağlı müəyyən həll olunmamış problemlər mövcuddur. Yəni bizim birgə işlənməyə ehtiyacı olan bir neçə neft və qaz yataqlarımız var. Bundan başqa bu görüşlərin Azərbaycan-Türkmənistan üçün ən əhəmiyyətli hissəsi ondan ibarət olar ki, bu görüş Xəzərin statusunun gələcəkdə ayırd edilməsində bir təkan olardı.

— Azərbaycan və Türkiyə tərəfi uzun illərdir Orta Asiya ölkələri ilə qarşılıqlı münasibətləri, əməkdaşlığı artırmaqda maraqlıdırlar. Həmin istiqamətdə potensial qoyuldu və demək olar ki, Türkmənistanla istənilən səyivvədə əməkdaşlığa nail olundu. Bu uğurun arxasında hansı addımlar dayanır?

— Bildiyimiz kimi, Türkmənistan heç bir bloka qoşulmayan, neytralitet elan etmiş bir dövlət idi. Lakin eyni zamanda da son proseslər, regionda baş verən hadisələr göstərir ki, tək olmaqla istənilən uğura çatmaq qeyri-mümkündür. Məhz bu baxımdan istər Azərbaycanla, istər Türkiyə ilə Türkmənistanın belə bir formatda münasibət qurması onun üçün təqdirəlayiqdir. Bəli, Azərbaycan dəfələrlə Türkmənistana belə bir formatda görüşlər keçirilməsini təklif edib. Və bildiyimiz kimi Prezidentimizin və Şeyxulislamın bu ölkəyə etdiyi səfərlər ölkələr arasında münasibətlərin yaxşılaşmasına səbəb oldu və təbii ki, dövlətimiz tərəfindən atılan addımlar öz bəhrəsini verdi. Bu səbəbdən də Türkmənistan da Azərbaycanla yaxınlaşmağa doğru bir neçə addım atdı.

— Nəzərə alsaq ki, Azərbaycan və Türkmənistanın Xəzər dənizində bəzi üst-üstə düşməyən mövqeləri var. Ancaq istənilən halda hər iki ölkə bu gün problemləri bir kənara qoyub əməkdaşlığa səy göstərirlər. Bu əməkdaşlığın gələcək perspektivini, davamını necə görürsünüz? Gələcəkdə hansısa başqa ölkələrlə bu formatda görüşlər keçirilə bilərmi?

— Məlumdur ki, həmişə Orta Asiya dövlətlərinin kökü, soyu eyni olan dövlətlər kimi bu haqda danışılıb. Buna görə də Türkmənistanla Azərbaycanın yaxınlaşması başqa Orta Asiya ölkələri üçün də bir örnək olardı. Çünki bu gün Orta Asiya regionu, istər Uzaq Şərq regionu elə bir regiona çevrilib ki, dünyanın bütün məsələləri o regionda həllini tapır. Azərbaycan isə istənilən region üçün Avropaya keçid rolunu oynayır.

— Ümumilikdə götürdükdə Türkmənistan, həm Azərbaycan həm də Türkiyə üçün nə ifadə edir?

— Bu məsələyə iki bucaqdan nəzər salaq; İqtisadi baxımdan götürdükdə strateji baxımdan neft yataqlarına malik olan Türkmənistan Azərbaycan vasitəsilə öz qazını xaricə ixrac edə bilər və əlbəttə ki, bizim burada taranzit maraqlarımız ola bilər. İkinci tərəfdən bizim öz enerji daşıyıcılarımızın Çinə və Şərq regionlarına göndərilməsində Türkmənistanın böyük rolu ola bilər. Strateji baxımdan isə demək olar ki, Azərbaycanla Türkmənistanı bir dəniz ayırır. Kökümüz, soyumuz birdir. Dilimiz oxşardır. Bir sözlə bizi birləşdirən tellər çoxdur.

— Görüşdə qeyd edildi ki, burada heç bir xarici dildə söhbətlər getmədi, hərə öz dilində danışdı və hamı bir-birini başa düşdü. Bunun özü çox böyük mesaj idi.

— Yəni bu gün müxtəlif dövlətlərin müxtəlif qurumlar yaratmaq iddiası var. Və bu gün bu türkdilli xalqların bu cür qurumları yaratması, belə bir formatda görüşlərin keçirilməsi çox təqdirəlayiq haldır. Və bu, doğrudan da türkdilli, türksoylu millətlərin yaxınlaşmasına doğrudan da böyük bir mesajdır.

— Bundan əvvəl Azərbaycanın regionda Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə modeli mövcud olub. Bu gün də Azərbaycan-Türkmənistan-Türkiyə modeli ortaya qoyuldu bu modellərin bir-birləri ilə oxşar və fərqli cəhətləri nədən ibarətdir və regionda budan sonra bu cür üçlü modellərin yaradılması mümkündürmü və bunların daha böyük- 5-6-lıq formatda birləşdirilməsi mümkündürmü?

— Azərbaycan bu gün geosiyasi baxımdan regionun elə bir hissəsindədir ki, Avropa ilə Asiyanı birləşdirmək üçün bir tranzit keçiddir. Yəni istər İranla, istər Türkmənistanla, istərsə də Gürcüstanla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Təsəvvür edin ki, bu gün Bakı-Tbilisi-Qars layihəsi başa çatdıqdan sonra bizim Türkiyəyə birbaşa çıxışımız necə olur. Məlumdur ki, bu gün İranla dəmiryolu əlaqəsi yaradılmaq səviyyəsindədir. Hələlik Azərbaycanla Türkmənistan arasında isə bərə yolu fəaliyyət göstərir. Təbii ki, bütün bu məsələlər həll olunduqdan sonra əlbəttə böyük potensiallı birlik yaratmaq mümkün olacaqdır. Xəzər dənizində strateji, hərbi, siyasi baxımdan böyük maraqlar toqquşur. Azərbaycan, İran və Türkmənistan Xəzərətrafı ölkələrin ən sözükeçən ölkələrindəndirlər. Ona görə də Xəzərin statusunun ayırd edilməsinə bu birliyin böyük töhfəsi ola bilər. Eyni zamanda istər mütəşəkkil cinayətkarlıqla, narkotiklə, qaçaqmalçılıqla bağlı mübarizədə bu alyansın çöx önəmli rolu ola bilər.

— Görüş çərçivəsində Bakı bəyannaməsi qəbul edildi, bu görüşlərin davamı olacağı bildirildi. Bakı bəyanatında siz yuxarıda vurğuladığınız və bir çox digər sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulurmu?

— Bəli, səslənən fikirlərlə bağlı bunu qeyd etmək lazımdır ki, istər BMT, istərsə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu danışıqlar davam etdiriləcək. Bir də qeyd etdiyim kimi terrorizmlə, digər sahələrdəki problemlərlə bağlı mübarizənin gücləndirilməsi də bu bəyanatda öz yerini tapıb. Enerji, ticarət, müxtəlif iqtisadi sahələrdə əlaqələrin daha da genişləndirilməsi, öhdəliklərin təsdiq edilməsi göstərilib. Yəni bəyanatda Azərbaycan, Türkiyə və Türkmənistanda olan enerji və nəqliyyat layihələrinin işlənməsi bunun region üçün faydasının daha da artırılması haqqında fikirlər öz əksini tapmışdır. Doğrudan da bu gün region geosiyasi maraqların toqquşduğu bir regiondur.
2 iyun, 2014 — 10:27

PAY