Ev Cəmiyyət

55 ilə 300 saz bəndləyən tovuzlu sazbənd… REPORTAJ (VİDEO)

PAY
Tovuz Sazbənd Əli

Bu alət bizə çoxdan tanışdır. Lap Dədə Qorquddan. Qopuz olanda da sazın bir missiyası olub. Milli dəyərlərimizin, mədəniyyətimizin keşiyində durmaq və yaşatmaq. Min illərdir ki, sazın ərsəyə gətirildiyi emalatxanalar da mövcuddur. Bu emalatxanalar sazı bənd edənlərə-sazbəndlərə məxsusdur. Sazbənd Əli Abbasov: “Atam dəmirçi idi. Mən də onun yanında işləyirdim. Sənətkarlar, dülgərlər ağsaqqal kişilər gəlirdilər yanımıza. Aşıqdan, sazdan söhbət eləyirdilər. Məndə fikirləşirdim ki, görəsən bu sazı necə düzəldirlər, ağacı necə əyirlər? Fikirləşirdim ki, görəsən bunu mən düzəldə bilərəmmi?”
Bir vaxtlar sazbənd Əliyə müəmalı olan sənət bizimçün də maraqlıdı. O, ilk sazını təsadüffən düzəldib.
Sazbənd Əli Abbasov: “Qalın tut ağacı var idi. Kəsib gətirmişdilər. Mən də bunu paralayıb sıyırırdım belə. Bunun bir qəlpəsi qopdu. Əlimlə əyəndə gördüm ki, bu əyilir, yumuşaqdır. Sonra onu suya saldım, kürədə qızdırdım. Əyildi və bunu başqa alətlərlə düzəldib birdənə saz düzəltdim.”
Bu hadisə 55 il bundan öncə olub. O vaxtan bu vaxta Əli usta 300-ə yaxın saz bəndləyib. Alət əsasən tut ağacından düzəlir. Tut ağacının elastikliyi onu istənilən formaya salmağa imkan verir.
Sazbənd Əli Abbasov: “Bu tut ağacındandır. Tut ağacının elastikliyi yumuşağ olur. Başqa ağacların əyilməsi çətin olur. Bundan əlavə həm də çanaqda səsi yığmır.Elə dədə-babadan tutdan düzəltmək adətdir. Nə qədər yoğun kötük olsa onu tapıb kəsib düzəldirlər ki, onun içində səs yaxşı əks-səda olsun.”
Sazın keyfiyyətli olması, alətdən istənilən səsin çıxması üçün ilk növbədə onun xammalı tələblərə cavab verməlidir. Ancaq sazbənd də öz işinin peşəkarı olmalıdır. Usta deyir ki, sazda ifa edilən musiqi ovqata xoş təsir göstərməli, əhval-ruhiyyəni qaldırmalıdır.
Sazbənd Əli Abbasov: “Saz elə edir ki, insana ruh verir, can verir. Aşıq saz çalanda, nağıl deyəndə dincəlirsən, həvəslənirsən. Sağlamlıqdır bunun özü.”
Əli ustanın davamçısı yoxdu. Deyir ki, əvvəlki kimi deyil. Son illər sazbəndliyə maraq azalıb. Lakin ustanın davamçısı olmasa da, oğlanlarına saz ifa etməyi və bir az da sazbəndliyi öyrədə bilib. Özü isə ömrünün sonuna kimi bu sənəti yaşadacağına söz verir.

Nicat Abdullayev (www.ttv.az)

PAY