Ev Cəmiyyət

Cəmiyyətin keşikçisi olacaq incə məxluq…(video)

PAY
Tovuz Polis qız

Polis cəmiyyətin keşikçisi və haqq-ədalət qoruyucusudur. Bu peşədə daha çox kişiləri görməyə alışmışıq. Bəs qadın polislər necə? Əməkdaşlarımız bu il Polis Akademiyasına qəbul olan 6 qızdan biri  — müdavim Ramilə Allahverdiyeva ilə görüşüb.

Müdavim Ramilə Allahverdiyeva: “Qarabağda, 20 Yanvarda həlak olan şəhidlərimiz məni bir növ həvəsləndirirdi. Orada şəhid olan əsgərlərimizlə yanaşı, polislərimiz də olub. Mən də əsgər ola bilmədiyim üçün polis oldum.”

Ramilə Allahverdiyeva Tovuzun Cəlilli kəndindəndir. Bu il Polis Akademiyasına qəbul olan 6 qız müdavimdən biridir. Orta məktəbi əla qiymətlərlə bitirən Ramilə 2 ay ərzində Akademiyada da fərqlənməyi bacarıb.

Müdavim Ramilə Allahverdiyeva: “Hər regiondan 1 qızıq. Tovuzdan da mənəm. Bacardığımız qədər çalışırıq ki, oğlanların arasında özümüzə yer eliyək, vəziyyətdən baş çıxardaq. Çalışırıq ki, oğlanlarla bərabər yaxud da onlardan daha üstün olaq.”

Ramilə deyir ki, dərslərini yaxşı mənimsəyir. Çünki sevdiyi peşəni oxuyur. Ona sevdiyi peşənin müdavimi olmasına valideynləri və müəllimi çox kömək edib.

Müdavim Ramilə Allahverdiyeva: “Dayaq oldu Səməd müəllim mənə. O bilirdi ki, mən polisə hazırlaşıram. Bütün tədbirlərdə çağrırdı məni. Təqdim eləyirdi ki, polisə hazırlaşır. Və bu da məndə stimul yaratdı.”

Təhsilə başlamazdan əvvəl və indi cinayətkar sənin üçün nə deməkdir? sualına isə müdavim qızın cavabı belə oldu.

Müdavim Ramilə Allahverdiyeva: “Əlim çatmayan, sadəcə kənardan seyr edə biləcəyim bir şəxs idi. Amma indi onu zərərsizləşdirəcək gücdə hiss edirəm özümü.”

O, bu peşəni seçməklə vətəninin, cəmiyyətinin keşiyində kişilərlə çiyin-çiyinə qulluq etməyə hazır olduğunu təsdiqlədi. Əlbəttə ki, bu əsl Azərbaycan qadınının mövqeyidir.

NİCAT ABDULLAYEV (TTV.AZ)

PAY