Ev Cəmiyyət

Tovuz — Oğuz türklərinin məskəni…

PAY
Tovuz

Tovuz Saz

Daimi oxucumuz və Telman Tovuzlu yadigarı Nəsimi bəyin sosial şəbəkələrdə paylaşdığı Tovuz və tovuzlular haqqında bir yazını sizə təqdim edirik.

Əzizim oğuz mənəm ,

Əlində qopuz mənəm .

Dünyanın cənnət adlı ,

Məkanı, TOVUZ mənəm. ( Telman Tovuzlu )

Tovuz Oğuz türklərinin məskəni hesab edilib. VII əsr mənbələrində burada yaşayan 3 Oğuz, 6 Oğuz, 9 Oğuz türk tayfa birləşmələrindən çox danışılır.

Orxon – Yenisey yazılarında döyüşkən, cəsarətli Oğuzların Göytürk imperiyasının əsas cəngavər tayfalarından biri kimi bəhs edilir. VI-VII əsrlərə aid yazılı mənbələrdə Yaxın və Uzaq Şərq ölkələrində böyük nüfuza malik olduqları bildirilən Oğuz türkləri Səlcuqlar, Atabəylər, Qaraxanilər, Osmanlı, Ağqoyunlu və Səfəvi kimi imperiyaları qurublar. Oğuzların tarixi əfsanələri, xalq dastanları «Oğuznamələr» adı ilə tanınır.

• Traubenfeld

Müasir yaşayış məntəqəsi kimi rayonun təməli XIX əsrin ikinci yarısında alman köçkünləri tərəfindən qoyulub. Almanların Traubenfeld adlandırdığı bu yer tarixən Şəmşədil, Touş kimi tanınıb. Orta Asiya, Mərakeş, Sibirdə və Çində eyni adlı ərazilər bu günə qədər mövcuddur. Cənubi Azərbaycanın paytaxtı Təbrizdə Tovuz məhəlləsi var.

• Tovuz toponimi

“Taus” ərəb dilində mələk deməkdir. Bir totemə əsasən quşa çevrilmiş mələk anlayışı Şərqdə, xüsusilə ön Asiyada eramızın 2 – 4 – cü əsrlərində formalaşıb. Şəhərin adı iki qohum türk qəbiləsinin – Oğuz və Toğuzun adından əmələ gəlib. Türk – Şumer mənbələrində bu kəlimə müqəddəs dağ yeri, eləcə də, 9 Oğuz türk qəbiləsinin məkanı mənasında da işlədilib. Tovuz adı ilk dəfə yazılı şəkildə VII əsrdə yaşamış Alban tarixçisi Musa Kalankatlının “Albaniya tarixi” əsərində Tavus kimi qeyd olunub.

• Tarixi arayış

Tovuzun yaranma tarixi çox qədimlərə gedib çıxır. Ərazidə bunu təsdiq edən tunc, dəmir və erkən orta əsrlərə aid arxeoloji obyektlər tapılıb. Böyük Hun imperatorluğunun yaranması ilə bizim eranın I minilliyində «xalqların böyük köçü» başladı. Bu proses keçən minilliyin əvvəllərində Azərbaycanda türk etnoslarının çoxalmasına və güclənməsinə səbəb oldu. 378-ci ildə Qafqaza daxil olan və geniş areala yayılan türk tayfaları, o cümlədən oğuzlar Azərbaycan xalqının etnogenezində yaxından iştirak ediblər.

• Əlibəyli kəndi

Tovuzun cəbhə xəttindəki bu son yaşayış məntəqəsini ermənilərlə 3 km-lik məsafə ayırır. 1994-cü ilə qədər şiddətli döyüşlərin getdiyi bu kənddəki evlərin divarlarında güllə izləri hələ də durur. Sakinlər 20 ildir hərbçilərlə iç – içə yaşayırlar. Müharibə şəraitinə və arada bir atəşkəsin pozulmasına məhəl qoymadan öz normal həyatlarına davam edirlər. Kəndi tərk etməyiblər. Kənd Azərbaycanda bəylik dövrünün yadigarıdır. Əli bəyə mənsub kənd olub. XVIII – XIX əsrlərdə kurort iqliminə sahib bu kəndlərdə Gəncəbasar əsilzadələrinin yaylaq yerləri olub, yay fəslində buraya yığışıblar. Mülk yerləri indiyədək durur. O qədər gözəl təbiəti var ki, adamın güllə səsləriylə buradakı hüzurun pozulduğuna inanmağı gəlmir.

Tovuz

• Axınca dərəsi

Mənbəyi Gədəbəyin Mormor böl-gəsindən başlayan Axınca çayı Murğuzdağ silsiləsindəki qalın qar örtüyündən qidalanır. Bu vadiyə daxil olan Yekallar və Bozalqanlı kəndləri tarixi abidələri ilə seçilir.

• Yekallar kəndi

Tovuzun ən böyük kəndidir. Qədim qəbiristanlıqda yerləşən türbələr kompleksi indiyədək araşdırılmayıb. Burdan bir neçə km aralıda kəndin ən məşhur tarixi abidəsi yerləşir: Sultan körpüsü. Dəqiq yaşı bilinməyən körpü Axınca çayı üstündə salınıb və işlək vəziyyətdə qalan tək tarixi abidədir. Körpünün altındakı kanyon möhtəşəmdir. Su sürətlə axaraq qayaların arasından elə sərt çevrilir ki, burda şırıltı səsindən ağız deyəni qulaq eşitmir. Yerlilərin dediyinə görə, keçmiş zamanlarda sultan, körpünü hind ustalara tikdirib. İnşasında qoyun südü və yumurtadan istifadə ediblər. Yüzillərdir iti sürətlə axan çayın qarşısında tab gətirməyini də buna bağlayırlar. Ərazinin mükəmməl mənzərəsi körpüdən keçənləri ayaq saxlayıb suyun şırıltısı fonunda təbiəti, kanyonu, çayı, seyr etməyə vadar edir.

• Bozalqanlı kəndi

E.ə. III yüzillikdən məlum olan bozalqan tayfası türk dilli xalqaların tarixən formalaşmasında böyük rol oynayıb. Bu tayfanın nümayəndələri Tovuz ərazisini özünə məskən seçib. Azərbaycan aşıq folklorunda Bozalqanlı kəndinin xüsusi yeri var. Bura aşıqların diyarıdır. Bütün qərb zonasında olduğu kimi burda da məclislər sazsız ötüşmür. Deyirlər ki, Oğuzun 3 əsas dostu olub: at, saz, arvad. Azərbaycanda tək olan saz muzeyi də Tovuzda yerləşir.

• 9 ədədi

9 ədədi qələbə, möhkəmlik, mütəşəkkillik və qalib gəlmək üçün iradə anlamını özündə birləşdirir. Bu inanc qədim Oğuzlarda eradan əvvəlki dövrə gedib çıxır.

• Böyük Qışlaq kəndi 50 km

Əsrik dərəsində yerləşən son yaşayış məskənidir. Kəndin ən məşhur abidəsi oval məsciddir. Minarəsi yoxdur. Keçmiş zamanlarda buraya “od məbədi” deyiblər. Alban məbədlərinin üslubunda inşa edilib. Pəncərələr üzü günçıxana tərəf açılır. Qədimdə atəşpərəstlərin ibadətxanası olduğu qənaətindədirlər. İslamiyyət yayıldıqdan sonra yerlilər buranı mollaxana adlandırıblar. Sovet vaxtında məbəd istifadəsiz qaldığından, qismən sökülüb və içərisini də ot kol – kos basıb.

• Kirən kəndi

Xınna bölgəsində maraqlı kənd adlarından biri də Kirəndir. XIII əsr müəllifi Yaqut Həməvi Təbriz ilə Beyləqan arasında bir qalanın Kirən adlandığını yazıb. Kir qədim türk dilində “dağ yamacı, dağ yoxuşu” deməkdir. Sırf coğrafi termin olduğunu kəndin relyefi təsdiq edir. Bu istiqamətdə kəndlər Çınaldağ silsiləsinin yamaclarına səpələnib. Tovuz üzrə daxili turist marşrutlarından biri Kirən kəndi istiqamətində həyata keçirilə bilər. Marşrutun ümumi uzunluğu 40 – 50 km təşkil edir. Bu istiqamətdə son yaşayış məntəqəsi Qalaboynu kəndidir. Kəndin yaxınlığındakı dağın zirvəsində Alban dövründən qalma bir qala yerləşir ki, yerlilər buna da Koroğlu evi deyirlər.

• Yuxarı Ağbaşlar kəndi

Xınna dərəsində yerləşən və Tovuza aid olan son kənddə cəmi 50 ev var. Arıçılıq, heyvandarlıq və kartofçuluqdan başqa burada dəmirçiliklə də məşğul olurlar. Möhtəşəm mənzərəsi olan kənddəki ən görülməli yer kanyondur. Atlıbulaq bu kəndin ən gur sulu bulağıdır. Yay mövsümündə arandan dağ kəndlərinə doğru hərəkət edən bütün avtomobillər sərinləmək üçün burada saxlayırlar.

• Alban məbədi

Daxili sütunların hündürlüyü 9 metr olan abidə Qafqaz Albaniyasına aid V əsr abidəsidir. Məbədin üstündə, iç və çöl divarlarında müxtəlif formalı xaçlar əks olunub. Xaç qədim atəşpərəstlərin sıxlıqla istifadə etdiyi, bütün qəbir daşlarına və məbədlərə həkk etdikləri simvoldur. İslamiyyətin gəlişindən sonra əvvəlki etiqadlarına uzun müddət davam edən qədim albanlar gözdən uzaq, əlçatmaz yerlərdə ruhani həyat tərzi sürüblər. Bu cür məbədlər tərki – dünya həyat yaşa¬yan dərvişlərin tapınağı olub. Abdal kəndi adını burada yaşayan qədim qəbilədən alıb. Abdallar I – IV əsrlərdə Zaqafqaziyada geniş yer tutan türk-dilli tayfalardan biridir. Azərbaycanın xüsusilə Qarabağ bölgəsində eyniadlı kəndlər çoxdur. V əsr Roma müəlliflərinin qeydlərində Albaniyanın köklü sakinləri abdallardan danışarkən onları mənşəcə Hun tayfalarından hesab edirdilər. Qədim türkcədə abdal “ov tanrısı” anlamında işlənib.

• Haçaqaya

Tovuzla Gədəbəy arasında yerləşən Haçaqayaya Xınna dərəsindən qalxan yol Keşkənd yolu ilə çox sərt yamacdan keçir. İnzibati olaraq Tovuz rayonuna aid olsa da, buraya nisbətən rahat yolla yalnız Gədəbəyin Slavyanka kəndi ərazisindən keçərək getmək mümkündür. Slavyankadan 21 kmlik məsafədəki pirə maşınla 2 – 3 saatlıq yoldur. Yol boyu bulaq suları, möhtəşəm dağ mənzərəsinin müşaiət etdiyi bu yer Qərb zonasının ən böyük ziyarətgahıdır. Yüksəklərə qalxdıqca yaylaq camaatının qurduğu alaçıqlar çıxır qarşınıza. Yerlilər bu yaylaq evlərinə “binə” deyirlər. Haçaqaya təbiət abidəsidir. Sanki iki yerə bölünüb. Yaxın¬lığında kümbəz deyilən bir yer var. Bir qaya parçasının üzərində əl və ayaq izləri var ki, bunların Həzrəti Əliyə aid olduğuna inanırlar. Buna görə də daşa ehtiram göstərirlər. Ziyarətgah may – oktyabr aylarında ziyarətçilərin axınına uğrayır. Elə ki, havalar soyuyur, ziyarətgaha gələnlərin də arası kəsilir. 2200 metr yüksəklikdə yerləşən ziyarətgaha ilk qar oktyabr ayında düşür. Təbiət abidəsi olan Haçaqaya möcüzə hesab edilir. Əfsanəyə görə, qayanı Həzrəti Əli qılıncı ilə parçalayıb, daha sonra burada namaz qılıb və Allaha dua edib. O vaxtdan yerin adı Haçaqaya qalıb, yəni iki yerə parçalanmış dağ. Adla bağlı ən geniş yayılmış əfsanə belədir.

• Arayış

Respublikanın qərbində, Gürcüstan və Ermənistanla həmsərhəd olan Tovuz Bakı-Qazax magistralının 430 km-liyində, 330 m dəniz səviyyəsindən yüksəkdə, Qazax – Gəncə düzənliyində yerləşir. Zəngin meşə, bitki və heyvanat aləmi, quru iqlimi var. Rayon ərazisindən ölkə üçün həyati əhəmiyyət kəsb edən “Bakı- Tbilisi-Ceyhan” neft kəməri və “Bakı- Tbilisi-Ərzurum” qaz kəməri keçir.

• Tovuzlular

Tovuz kişiləri nisbətən ucaboylu, girdəsifət, qarabuğdayı, qara və alagöz, qalın qaş, düz burun olur. Həyata nikbin baxışları ilə seçilirlər. Bığa çox əhəmiyyət verirlər. Bığ kişilik əlaməti sayıldığından bığsız kişilərə həqarətlə baxırlar. Bığın ancaq yan – yörəsi hamarlanır. Xarici görkəmə çox əhəmiyyət verən yerli kişilərin demək olar hamısı evləndiyi qızın gözəl olmasına can atır. İş orasındadır ki, uzun boyları ilə diqqət çəkən Tovuz qızları da gözəl və qoçaq olurlar. Lap əcdadları oğuzlar kimi.

• Çaylar

Tovuz

Tovuz Kür çayı hövzəsinə daxildir. Bundan başqa rayon ərazisindən Tovuz, Zəyəm, Əsri və Axınca çayları keçir. Yerlilər “Tovuzun yaranması Tanrının könlünün xoş vaxtına düşüb” deyirlər. Münbit, çox gözəl, ecazkar təbiəti olan ərazi 4 vadidən ibarətdir.

1. Ağdərə

2. Axınca dərəsi

3. Əsrik dərəsi

4. Xınna dərəsi

Tovuzu bu vadiləri gəzərək tanımaq məsləhətdir. Bütün istiqamətlərdə səyahət bol macəra vəd edir .

• Ağdərə

Buna Tovuz yaxud Öksüzlü dərəsi də deyirlər. Öksüzlü çayı boyunca, Ermənistanla 69 km-lik sərhəddə yerləşən kəndlərin hamısı 1989-cu ildən bəri cəbhə xəttində yaşayır.

• Torpaqqala

Ümumi sahəsi 6 hektara yaxındır. Haqqında ilk yazılı məlumata 1895-ci ildə yazılmış “Arxas” (M.Barxudyan) əsərində rast gəlmək olur. Qala ilk dəfə 1938- ci ildə məşhur sovet arxeoloqu, professor Y.A. Paxomov araşdırıb: “ Bura möhkəmləndirilmiş şəhər tipli yaşayış yerinin qalığı olmaqla, şübhəsizdir ki, XI – XIII əsrlərdə Azərbaycanın həyatında böyük rol oynayıb.”

• Sini xəngəl

Sini misdən hazırlanan geniş və dayaz qaba deyirlər. Xəngəli sinidə masaya servis edirlər. Qaydaya görə hamı ortadan, bir qabdan yeyir. Xəngələ kartof qatmaq qaydasını tovuzlular kəşf ediblər. Xəmir, yağ, soğan, ət və ya toyuq əti, eləcə də kartofun bir araya gəldiyi yeganə yeməkdir. Hazırlanma qaydası belədir: Əvvəlcə un və sudan sadə xəmir yoğrulur. Kiçik kündələrə bölünür. Hər kündə bir orta porsiya deməkdir. Böyük qazanla bir su doldurulub qaynamağa qoyulur. İçinə duz atılır. Yuxa yayılır və qurumağa imkan verilmədən eninə və uzununa böyük yarpaqlar halında bir neçə yerə bölünür. Xəngəl hazırdır. Sini qaba altdan xəmir, sonra kartof və üstünə də əvvəlcədən kərə yağında pomidorla qovrulmuş soğança səliqə ilə yayılır. Bunun üstünə sarımsaq qatıq töküb yemək adətdir. Yeməyin yağlı olması nəzərə alınaraq Tovuzda turşluq vermək üçün yay fəslində xüsusi vişnə sousu hazırlanır. Tumlarından təmizlənən albalılar soyuducuda dondurulur. İstəyə görə yeməyə əlavə edilir. Qarmaqarışıq dad ortaya çıxır. Bu haqda danışarkən belə insanın iştahı qabarır.

• Aksağalax – Axsoğlax

Tovuz dağ kəndlərinin ən praktik yeməyi hesab edilir. Nehrə yağı, yumurta, qatıq və sarımsaqdan hazırlanan bu xörəyə Tovuz üsulu qayğanaq de demək olar. Əvvəlcə nehrə yağı dərin tavanın içərisində qızdırlır. Bir neçə yumurta köpüncəyədək çırpılır. Qızğın yağda bişirilir. Geniş boşqaba sarımsaqlı qatıq tökülür və bişmiş yumurta tavadan oraya boşaldırlır. Bol yağlı – qatıqlı mütləq təndir çörəyi ilə yeyilən yumurta yeməyi uzun müddət tox tutur. Dağ kəndlərindəki sərt iqlim və ağır fiziki iş bu cür kolorili yeməklərin əhəmiyyətini artırır.

• Əsrik dərəsi

Bütün Tovuz camaatının yay mövsümündə axın etdiyi ən məşhur yerdir. Gələn qonaqlarını mütləq bura aparırlar. Əgər Tovuza gəlib Əsrik dərəsini görməmisənsə, deməli, yerlilərə görə ayıb iş etmisən. Ya da bu səyahət sayılmır. Əsrik çay adı orta əsrlərdən məlumdur. Qədim türk dillərində Əsrik “coşğun”, “sərxoş” (təlatümlü, qeyzli mənasında) sözündən ibarət olması haqqında yazılır.Başqa bir versiyaya görə isə, Əsrik sözünün mənası “qurban qanı” deməkdir. Buradakı yer adlarının çoxunun qədim assur dilindən gəldiyini deyirlər. Kəndlər Əsrik çayı boyunca dağların yamaclarında yerləşir. Əsas sərvəti meşələrdir. Baş gicəlləndirən gözəlliyə sahibdir. Tovuzun İsveçrəsi adlandırılan bu yerin təbiəti, yaşıllığı, havası, mənzərəsi, mineral suları Avropa Alp cənnətindən heç də geri qalmır. Tovuz kurortdur, buraya demək olar hər gün yağış yağır. Bəzən narın, çox vaxt leysan xarakteri daşıyan yağışlar qısa müddət sonra kəsilir və gün çıxır. Bu zaman torpağın qoxusu və təmiz hava insanı məst edir. Aşağı Quşçu vadinin ilk kəndidir. Dərədəki ilk dayanacaq Əsrik şəlaləsidir. Gədəbəyin Şınıx zonasına qədər uzanan bu istiqamətin son yaşayış məskəni mərkəzdən 55 – 60 km uzaqlıqdadır.

• Nəcəf talası

Ərazidə Nəcəf talası deyilən istirahət guşəsi, SSRİ vaxtında Azərbaycanın ən məşhur pioner düşərgələrindən olub. Mərkəzdən 30 km məsafədə, 2000 metr yüksəklikdə, sıx meşəliyin içərisindəki geniş talada yerləşir. Pioner düşərgələri ləğv edildikdən sonra bura turizm istirahət kompleksi kimi fəaliyyət göstərir.

• Abdal kəndi

Xınna dərəsinin yüksək dağ kəndlərindəndir. Buradakı dağların üstündəki sıx meşənin dərinliklərində Tovuzun ən qədim tarixi abidələrindən biri yerləşir. Abidəyə gedib çatmaq bir gün vaxt aparır. Maşınla uzun yolçuluqdan sonra piyada 3 – 4 saat yol getmək lazımdır.

• İsakənd

Bura Qarabağlar kəndi də deyirlər. Xınna dərəsinin ən yüksək dağlıq və mənzərəli kəndlərindəndir. Kəndin ən uca nöqtəsində Alban məbədi yerləşir. Digərləriylə təxminən eyni dövrdə inşa edildiyi güman olunur. Divarlarında müxtəlif formalı xaç işarələri görmək mümkündür. Qədimdə xaç işarəsini çörəyin üstündə və ya xına ilə əllərin içinə çəkərdilər. Qarpız kəsəndə onun tağının xaç kimi 4 yerə parçalayıb niyyət tutmaq adəti xalq arasında hələ də yaşayır. Xaç, oda sitayiş edənlər üçün Tanrını simvolizə edən totemlərdən biri olub. İsakənddən Qalaboyun kəndinə aparan cığırda, 1600 m dəniz səviyyəsindən yüksəkdə Alban dövrünə mənsub qəbiristanlıq ərazisində ara – sıra küp qəbrlərə təsadüf olunur.

• Əfsanə

Bir gün Həzrəti Əliyə xəbər çatır ki, Tovuz – Qazax ellərində, Salsal adında bir pəhləvan müsəlman camaata zülm edir. Əli atı Düldülə minir. İndiki Haçaqaya dağlarında Salsal pəhləvanla üz – üzə gəlir. Qılıncı ilə pəhləvana zərbə endirir. Amma qılınc Salsalı kəsmir. Hz. Əli hirslənərək qılıncı dağa çırpır. Dağ iki yerə paralanır. O, əllərini göyə qaldırıb: “İlahi, bu nə möcüzədir?” deyə soruşur. Göydən səs gəlir ki, onun əynində 124 min peyğəmbərin adı yazılmış libas geyinib. Ona görə qılınc onu kəsmədi. Belə olan halda Əli Salsalı başının üstünə qaldırıb Zəyəm çayına tullayır və həmin yerdə namaz qılır. Buraya ziyarətə gələnlər həmin qayanı qırar, bərəkət, ruzi olsun – deyə evlərinə apararlar. Camaatın Allaha dua etmək üçün üz tut-duğu məkandır. Qayanın üstünə çıxıb, ordan yarığın içinə də girmək 400 pilləlik xüsusi dəmir pilləkənlər vasitəsilə mümkündür. Haçaqayanın içərisinə daxil olanı vahimə basır. Qayaların arasında adam özünü qarışqa kimi hiss edir. Sanki divarlar indi üstünə uçacaq. Qaya divarlarının arasından yay – qış həmişə su damcılayır. Qılıncın zərbəsindən ağlamağa başlayan qayanın gözyaşı olduğuna inanırlar. Bu ziyarəti tamamlamaq xeyli yorucu, amma olduqca maraqlıdır. Ziyarət sonrası fiziki və ruhani rahatlıq hiss edilir.

• Çinarlı piri

Salsalla ağır döyüşdən sonra İbrahimhacılı kəndinin kənarındakı dağın döşündəki çinarların kölgəsindəki sıldırım qayalardan axıb gələn bulağın başında dincəlib, burada yemək yeyib və namaz qılıb. Qayada həzrətin dirsəkləndiyi yerin izi qalıb. Bu məkan o gündən müsəlmanların ziyarətgahına çevrilib.

• Tovuz quşu

Tovuzun girişindəki bilbordun üstündə tovuzquşu rəsmi həkk edilib. Şəkli görənlər təbii olaraq yerin adını tovuz-quşuyla əlaqələndirirlər. Məsələ burasındadır ki, toponim çox qədim tarixlərə gedib çıxır. Tovuz quşu totemi bütün qədim türk mədəniyyətlərində əbədilik rəmzi kimi istifadə edilib. Tarixi qaynaqlarda, Çingizxan və hətta Hun imperatoru Atillanın ordusunda bu totemdən istifadə edildiyinə dair məlumatlara rast gəlinir. O dövrdə türklərdə totemlərə inam yüksək idi: onlar qurda, quşa, ağaca, çaya, dənizə, dağa sitayiş edir, hətta bəzi təbiət varlıqlarını özünün əcdadı hesab edirdilər. Totemlərlə bağlı yer adları bu gün də mövcuddur, amma Tovuz sözünün quşla əlaqəsi yoxdur.

• Oğuzlar

Tovuz Oğuz türklərinin məskəni hesab edilib. VII əsr mənbələrində burada yaşayan 3 Oğuz, 6 Oğuz, 9 Oğuz türk tayfa birləşmələrindən çox danışılır. Orxon – Yenisey yazılarında döyüşkən, cəsarətli Oğuzların Göytürk imperiyasının əsas cəngavər tayfalarından biri kimi bəhs edilir. VI-VII əsrlərə aid yazılı mənbələrdə Yaxın və Uzaq Şərq ölkələrində böyük nüfuza malik olduqları bildirilən Oğuz türkləri Səlcuqlar, Atabəylər, Qaraxanilər, Osmanlı, Ağqoyunlu və Səfəvi kimi imperiyaları qurublar. Oğuzların tarixi əfsanələri, xalq dastanları «Oğuznamələr» adı ilə tanınır.

• Mülkülü kəndi

Buradakı II – III əsrlərdən qalma Torpaq Qala Tovuzun ən qədim tarixi abidələrindən hesab edilir. Bundan əvvəlki sivilizasiyaya aid şəhər xarabalığının üstündə qurulduğu güman edilir. Assiriya, Alban, Oğuz tayfaları və erkən Xilafət dövrü bura köçən ərəblərin sələflərinin burada yaşadıqlarına dair qaynaqlarda qeydlər var. 645-ci ildə Qafqaza yürüyən Xilafət ordusu Tovuz ərazisində yerli əhalinin güclü müqaviməti ilə qarşılaşır. Ağır tələfat alan ərəblər geri çəkilmək məcburiyyətində qalır. Ərəblərin Xəlifə Ömər vaxtında indiki Azərbaycan ərazisinə ilk yürüşü Xunan adlı şəhərdən, Torpaq qaladan erməni və gürcü mənbələrində də bəhs edilir. Bəhs edilən qədim Xunan şəhərinin xarabalıqları indiki Mülkülü kəndi ərazisindədir.

• Öksüzlü kəndi

Ağdərə vadisinin ən böyük kəndidir. Yuxarı və Aşağı Öksüzlü deyə 2 yerə ayrılır. Yerli dialektdə Öysüzlü kimi səslənir. Ona görə bir çox yazılı qaynaqlarda adı bu cür yazılır. Öksüz türkcə kəlimədir. Türkiyədə, Orta Asiyada bu söz kimsəsiz, yetim mənasında işlədilir. XIX əsrə aid köhnə məsciddən başqa kənddə, Nəsib bəy və Yusif bəy Yusifzadə qardaşlarına aid 1872-ci ildə inşa edilmiş tarixi mülklər qalıb ki, bu gün onlardan kənd məktəbi və kənd xəstəxanası kimi istifadə olunur. Aşağı Öksüzlərdə Qızıldağ yerləşir. Günəş işığında qırmızı, qızılı rəngə çaldığına görə bu cür adlandırıblar. Qı¬zıldağın zirvəsində XIII əsrə aid edilən məşhur bir tarixi abidə var. Tovuzluların çox heyranlıqla bəhs etdiyi Qızıl dağın yamacları qədim Oğuzlara aid olduğu güman edilən qəbr daşlarıyla doludur. Burada küplərdə dəfn edilmiş insanların sümükləri və qiymətli metallar tapılıb. 45 dəqiqədə zirvəyə çıxmaq mümkündür. Buradan Ağdərə vadisində yerləşən kəndlərin hamısını quşbaxışı izləmək mümkündür. Ən üst nöqtədə 2 ədəd müşahidə qülləsi olduğu güman edilən bir – birindən aralı iki ədəd tikili var. Bunlara XVI – XVII əsrlərdə yaşamış xalq qəhrəmanı “Koroğlunun evi” deyirlər. Tarixən buranın əhalisinin döyüşkən olduğu bilinir. Koroğlu dastanı motivlərinə görə hökmdar ədalətsizliyindən qaçan insanlar, bu dağları özünə məskən seçərək mübarizə aparıblar. Qərb zonasında populyar olan və çox geniş əraziyə səpələnmiş bu tikililər ardıcıllıqla 200 il içərisində inşa edilib. Qafqaz Albaniyası dövründən qalma xatirələrdir. Alban məbədlərin çoxluğu Tovuzda Alban mövqelərinin bərk olduğundan xəbər verir. Çoxu qeydiyyatdan keçməmiş bu abidələrin əksəriyyətinə Əsrik və Xınna dərəsində rastlanır.

• Saz

Ən qədim milli musiqi alətlərindəndir. Qurumuş tut ağacından hazırlanan saz 9 rəqəmini əhatə edir. 9 hissədən ibarət olan sazın 9 simi olur.

• Tovuz xəngəli

Sazdan sonra Tovuz məclislərinin digər vazkeçilməz atributudur. Azərbaycanda bəzi yeməklər yer adı daşıyır. Bu xörəyin hazırlanma məkanını göstərir və həmin xörəyin bir neçə növü olduğunu bildirir. Tovuzda ən çox yayılmış xəngəldən mütləq dadmaq lazımdır.

• Çatax kəndi – Turşsu

Əsrik dərəsində yerləşən bu kənddən turşsu çıxır. Dadı turşməzə olduğundan bu cür mineral sulara xalq arasında turşsu deyirlər. Tərkibindəki müxtəlif kimyəvi xassəli minerallar onları müalicə əhəmiyyətli edir. Ümumiyyətlə, Tovuz ərazisində 586 çeşmə mövcuddur. Bunlardan 4 dənəsi mədən suyu xassəsinə malik turşsudur. Təkcə Əsrik dərəsində 36 bulaq qaynayır. Fındıqlı bulağı, Maral bulağı, Şəlalə bulağı bunların içərisində ən məşhur olanlarıdır. Hər bulağın başında bir restoran var. Havasına, suyuna, mənzərəsinə doyum olmayan bu yerdəki bütün istirahət obyektlərində aşıq musiqisi aşıqların ifasında canlı – canlı səslənir. İstirahətə gələnləri əyləndirən musiqiçilərin bu işi sezonluqdur və əsasən müştərilərin verdiyi bəxşişlə dolanırlar. Əsrik dərəsinin əsas sərvəti sayılan meşələri maral, ceyran, cüyürlə doludur. Dərəni əhatə edən dağlarda inşaat üçün faydalı sayılan keyfiyyətli qaya materialları var.

• Xınna dərəsi

Buna Zəyəm dərəsi də deyirlər. Çünki dərəni əmələ gətirən çayın adı Zəyəmdir. Tarixi adı Xunanyurd olub. Antik müəlliflərin fikrincə, xunanlar Alban torpaqlarının ilkin varisləridir. Akademik Ziya Bünyadov Azərbaycan xalqının etnogenezi məsələlərinə toxunaraq yazır ki, indiki Azərbaycan ərazisində V əsrdə türk qəbilə birləşmələri – hunlar yerləşiblər. Xunanlar, Azərbaycanın qərb bölgəsində Kür çayı boyunca yaşayıblar. Qədim Xunan şəhəri indiki Tovuz ərazisində olub . Xun, yəni hunlarla bağlı adlar Tovuz ərazisində çoxdur.

• Yanıqlı kəndi

Xınna dərəsindəki bu kəndin ərazisində vaxtilə qədim Xunan şəhəri yerləşib. 830 – cu ildə Tovuzu tutan xalq hərəkatının lideri Babəkin başçılıq etdiyi ordunun ərəblərə qarşı ən şiddətli müqaviməti burada olur. Deyilənlərə görə, məhz burada baş verən şiddətli döyüşlərdən sonra qalib gələn ərəblər Əsrik və Xınna dərələri boyunca hərəkət edərək Azərbaycana yayılıblar. Yanıqlı kəndində dərinliyi 10 metr olan kəhriz var. Kənd camaatı içməli suyu bu quyudan çıxarır. Onun yanında Şah Abbas məscidi və kəndin yerləşdiyi Zəyəm çayı üzərində qədim Xan körpüsü var. Hər 3 abidənin XVIII əsrdə, daha dəqiq 1772- ci ildə inşa edildiyi məlumdur. Bərpaya ehtiyacı olan bu tarixi tikili Gəncədəki Şah Abbas məscidinə çox oxşayır. Buna bənzər bir məscid Təbrizdə də var. Zəyəm çayı boyunca uzanan yola qədimdən bəri “Şah Abbas yolu” deyirlər. Əsrik və Xınna dərəsində yerləşən kəndləri öz yaranma tarixinə görə 3 qismə ayırmaq olar. Onlardan bir neçəsi igidliyinə və şah divanxanasında xidmətlərinə görə ayrı – ayrı təbəələrə bağışlanmış pay torpaqlarında məskunlaşan insanlarındır (İsakənd və Qalaboyun kəndləri). Bir qismi Alban – Arran dövründə yara-nan yaşayış məskənləridir. Təsadüfi deyil ki, Kür qırağı kəndlərə üz tutan dağ kəndlərinin sakinləri bu günə qədər “Arana gedirəm” ifadəsini işlədirlər. Üçüncü qism isə bu əraziyə Türkiyə, Təbriz, Ərdəbil və Qarabağ bölgəsindən köçüb gəlmiş və artıq özünü tamamilə tovuzlu sayanlar da var. Qarabağlılar, Aşrallar, Ağdərə kəndlərini buna misal çəkmək olar. Lazlar və Ağbaşlar kəndlərini sırf Tovuz mənşəli hesab edirlər. Xınna dərəsinin girişində Çinarlı deyilən yerdə, nəhəng iki çinar ağacının altında ziyarətgah var. Ümumiyyətlə, ərəblərin Azərbaycana gəlişindən sonra Tovuzda Hz. Əlinin adı ilə bağlı ziyarətgahlar meydana gəlib. Onlardan ikisi çox məşhurdur: Çinarlı piri və Haçaqaya.

• Ocaq

Ziyarətgahları Qərbdə “ojax” çağıran yerlilər buralardan çıxan suların möcüzəli gücə sahib olduğuna inanırlar. Ən böyük ocaq Haçaqayadır. Bütün ətraf rayonlardan buraya ziyarətə gəlirlər. Buralarda ocaq adıyla tanınan pirlər çoxdur. Oda, ocağa sitayiş etmək atəşpərəstlərə aid olub. Atəşpərəstlikdən qalma əlamətlər, bəzi rituallar bu yerlərdə indi də qalıb. Yerlilər “od haqqı”, “ocaq haqqı” deyə and içməklə oda sitayişin qədim əlamətlərini qoruyub saxlayır. Müqəddəs ocaq yerlərinə inam, tamamı müsəlman əhalinin islamın təməl qaydalarına tərs olan bu kimi bəzi rituallara bu günədək sadiq qalması heyrət doğurur. Bununla yanaşı qədim hunlarda, assurlarda və oğuzlarda ailə müqəddəs sayıldığı üçün ailə ocaq sayılar, ailə başçısı isə pir adlanardı.

http://mediaxeberleri.az/history/3769-tovuz-foto.html

PAY