Ev Cəmiyyət

Tovuzda nar yığımı…(video)

PAY
Tovuz Nar yığımı

Qərb bölgəsində digər meyvələrlə müqayisədə narın məhsuldarlığı aşağı olur.Məsələn Tovuzda nar əkənlər deyir ki, ağaclara nə qədər qulluq göstərsələr də məhsul azdır. Həmkarım Eltun Salmanoğlunun hazırladığı videomaterialı izləyək.

MÜXBİR ELTUN SALMANOĞLU: “Yayda havanın quraq keçməsi və daha sonra yağmurlu hava şəraiti narın çiçəkləməsinə təsir edib. Bu isə məhsuldarlığa təsir göstərib”.

Tovuzdakı fermerlər nar bağlarından məhsul götürsələr də deyirlər ki, bu meyvə qərb bölgəsinin iqlim şəraitinə  uyğunlaşmır. Burada nar ağacları boy atmır. Bu da təbii ki, məhsuldarlığa da təsir edir.

FERMER MƏZAHİR QULİYEV:“Bu il çox zəifdir. Demək olar keçən il o birisi il və bu il məhsul zəif olur. Budur gördüyünüz kimi elə ağac var başında heç yoxdur və yaxud 5 dənə 10 dənə meyvəsi var”.

Məhsulun yığımı təxminən 15 günə yekunlaşacaq. Bundan 1 ay sonra isə ağacların budanmasına başlanacaq.  İş bununla yekunlaşmır. Ağaclara xəstəliklərin düşməməsi üçün müəyyən aqrotexniki qaydalara mütləq əməl olunmalıdır.

FERMER İSMAYIL HƏSƏNOV:    “Aqrotexniki qulluğu el qaydası ilə edirik. Yəni biz qulluq üçün aqronom və ya mütəxəssis dəvət etmirik. Ümumi ağsaqqalların, görüb bilənlərin köməyindən istifadə edirik və müəyyən qədər də nail olmuşuq”.

40-50 sotdan 3-4 ton nar yığan fermerlər məhsulun 1 kiloqramını  40-50 qəpiyə satırlar. Onlar məhsulun böyük hissəsini elə yerli bazara çıxarırlar.

ELTUN SALMANOĞLU (ttv.az)

 

PAY