Ev Cəmiyyət

Prezidentin bölgə üçün böyük əhəmiyyətli səfəri…

PAY
Tovuz Prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14-15 noyabrda Azərbaycanın qərb bölgəsində səfərdə oldu. Prezidentin bu səfəri bir neçə baxımdan bölgə üçün böyük əhəmiyyət kəsb edirdi.

Məlumdur ki, qərb bölgəsi istər iqtisadi, istər hərbi, istərsə də siyasi cəhətdən ən strateji bölgələrdən biridir. Belə ki, Gürcüstan və Ermənistanla həmsərhəddir və döyüş bölgəsində təmas xətti də mövcuddur. Bununla yanaşı, hərbi münaqişə ilə bağlı qaçqınların da məskunlaşdığı bir bölgədir. Prezident Gəncə şəhəri ərazisində qaçqınların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan siyasətlə bağlı 600 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.

Prezidentin 2014-cü ili “Sənaye ili” elan etməsi ilə əlaqədar olaraq mövcud resursların bölgənin təsərrüfat dövriyyəsinə cəlb edilməsi burada məqsədyönlü tədbirlərin həyata keçirilməsinə təkan verir. Məlumdur ki, bölgənin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün münbit şəraiti var və bu istiqamətdə iqtisadi inkişafı daha səmərəli etmək üçün suvarma sisteminin yenidən qurulması və yeni imkanların yaradılması Prezident tərəfindən diqqətdə saxlanılan bir məsələdir.

Bütün bunları həyata keçirmək və mövcud imkanlardan səmərəli istifadə etmək üçün İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində də iştirak edib. Məhz bu anbarın imkanları sayəsində suvarma və işıqlandırma işlərinin aparılması öz səmərəsini verməlidir.

Bölgənin Gürcüstan ərazisi ilə Türkiyə, Rusiya və Avropaya yüklərin daşınması və çatdırılması imkanları da var. Eyni zamanda, son vaxtlar bir sıra siyasi sanksiyalara məruz qalmış və bunun müqabilində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının istehlakçısına çevrilmiş qonşu dövlətlər də bölgənin aqrar potensialından yararlana bilərlər. Gəncədə yüklərin hətta hava yolu ilə tədarükündə böyük rolu olan hava limanının olması buna əyani sübutdur. Bu istiqamətdə də İlham Əliyevin təşəbbüsü ilə Şəmkirdə “Şəmkir Aqropark”ın yaradılması və dövlət başçısının müəssisənin təməlqoyma mərasimində şəxsən iştirakı böyük perspektivlərdən xəbər verir.

Bununla yanaşı, həm dəmiryol, həm də beynəlxalq əhəmiyyətli avtomobil yolunun bölgədən keçməsi, qədim “İpək yolu”nun bərpası da bölgənin tarixinin öyrənilməsi, turizmin inkişafı və paralel olaraq digər infrastrukturların inkişafı deməkdir.

Bölgədə iqtisadi inkişafın səmərə verməsi işsizliyin aradan qaldırılması və məşğulluq məsələsinin həllini tapmasına böyük təkan verir. Bunun bariz nümunəsi kimi İlham Əliyevin tapşırığına uyğun olaraq, güzəştli kreditlər hesabına müasir texnologiya və avadanlıqlar tətbiq edilməklə Şəmkirdə müasir çörək zavodunun yaradılmasını göstərmək olar. Zavodda ikinövbəli iş rejimi olmaqla 100-dək yeni iş yeri açılıb.

Səfər çərçivəsində ən vacib məqamlardan biri isə Prezident İlham Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa edilmiş qərargah binasının açılışında iştirak etməsi idi. Dövlət başçısının bu yaxınlarda Ermənistanın qəsbkar silahlı birləşmələrinin təmas xəttini pozması ilə bağlı təxribatını pisləməsi, Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirməsi və Silahlı Qüvvələrimizin bundan sonra da düşmənin hər hansı təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu qeyd etməsi şəxsi heyət arasında böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin bu vacib və böyük əhəmiyyət kəsb edən səfəri bölgənin hərtərəfli inkişafında öz töhfəsini verəcək.

Arzu Nağıyev — Trend, Baş direktorun müavini

 

PAY