Ev Cəmiyyət

Arzu Nağıyev: «Düşmən artıq Azərbaycanın yüksək döyüş qabiliyyətinə malik canlı qüvvəsinin olduğunu hiss edir» (MÜSAHİBƏ) (VİDEO)

PAY
Tovuz Arzu Nağıyev

Ötən həftə ölkə başçısı, ali baş komandan İlham Əliyevin göstərişi ilə Silahlı Qüvvələrin növbəti irimiqyaslı hərbi təlimləri başladı. Bu təlimlərin Azərbaycan Ordusuna nələr verəcəyi, Silahlı Qüvvələrimizin döyüş gücü və ruhu, ümumilikdə bu təlimlərin önəmi barədə Kəpəz TV-nin (Region TV) “Həftənin qonağı” rubrikasının suallarını Trend İnformasiya Agentliyinin icmalçısı Arzu Nağıyev cavablandırıb.

— Arzu müəllim, ötən həftə Silahlı Qüvvələrin növbəti irimiqyaslı hərbi təlimləri başladı. Prezident, ali baş komandan İlham Əliyevin göstərişi ilə keçirilən təlimlərə müdafiə naziri Zakir Həsənov başçılıq edir. Bu təlimlərin ümumilikdə önəmi nədən ibarətdir?

— Fevral ayının 4-dən başlayaraq bütün qoşun növlərinin daxil olduğu 15 minlik hərbi təlimlər başladı. Bəli, qeyd etdiyiniz kimi, ali baş komandan İlham Əliyevin tapşırığı ilə keçirilən təlimlərə müdafiə naziri Zakir Həsənov və bütün qərargah üzvləri cəlb olunub və birbaşa müdafiə nazirinin rəhbərliyi ilə belə bir təlimlər başlayıb.

Ümumiyyətlə, Azərbaycan Ordusu demək olar ki, hər il istər texniki, istər digər cəhətlərdən öz texnikalarını dəyişir, yeni-yeni texnikalar əldə edir. Eyni zamanda, müasir döyüşaparma texnikasını yeniləmək istiqamətində müvafiq işlər görür. Məhz bu səbəbdən də belə təlimlərin keçirilməsi məqsədəuyğundur. Bu, müxtəlif döyüşqabiliyyətli qüvvələrin bir-birinə təması, eyni zamanda döyüşün taktiki cəhətdən aparılması baxımından məqsədəmüvafiq təlimlərdir.

— 2014-cü il Müdafiə Nazirliyində keçid dövrü adlandırıldı. Nəzərə alaq ki, ötən il də çox intensiv təlimlər keçirildi. Ancaq bu ilin əsl hərbi təlim ili olacağı vurğulanır. Bu təlimlərin intensivliyinin artması Azərbaycan Ordusuna ümumilikdə nələr verəcək?

— Düz qeyd edirsiniz ki, 2014-cü ildən başlayaraq Azərbaycan Ordusunda müəyyən dəyişikliklər baş verdi. Eyni zamanda, istər təchizat baxımından, istər müxtəlif ikinci dərəcəli işlər baxımından çox böyük dəyişikliklər var. Yeni texnika və silahlar əldə edilib, bunları mənimsəmək, əsgərə çatdırmaq üçün 2014-cü il doğrudan da yenidənqurma ili oldu. Ona görə də bu, yeni texnikaları öyrənməklə bərabər bütün strukturlar arasında təmasın öyrənilməsi deməkdir.

— Vurğuladığınız kimi, ötən ildən başlayaraq orduda yeni islahatlar həyata keçirildi. Bu islahatları 10-20 il öncəki və bir neçə il sonrakı Azərbaycan Ordusu arasındakı fərq baxımından necə dəyərləndirmək olar?

— Döyüşdə əsas məsələ əsgərin sağlamlığını qorumaq, eyni zamanda, itkinin az olması və ümumiyyətlə, olmamasıdır. Ən ümdə məsələ budur. Çünki, ən böyük dəyər insanın varlığıdır. Məhz bu baxımdan yeni döyüş texnikası, qoruyucu geyimlərin alınması bu gün Azərbaycan əsgərinin qorunması üçün ən güclü vasitələrdir. Əlbəttə, keçmişlə müqayisədə bu gün orduda böyük dəyişikliklər var. Təsəvvür edin ki, bu gün NATO standartına uyğun hərbi dəst, hərbi libas, dünya standartına uyğun döyüş sursatı və s. əldə edilmişdir. Bunları mənimsəmək üçünsə ağıl, qabiliyyət, savadlı əsgər, eyni zamanda, əsgəri öyrədə biləcək zabit lazımdır. Yəqin gördünüz ki, həm bu il, həm də keçən il ehtiyatda olan zabitlər və əsgərlər də bu təlimlərə cəlb olundu. Bu da o deməkdir ki, təlimlərə bu döyüş sursatlarının mütəxəssisləri olan şəxsləri dəvət ediblər. Əlbəttə, fərq çoxdur və bu gedişlə Azərbaycan Ordusunun döyüş qabiliyyəti artmaq istiqamətindədir. Heç vaxt unutmaq lazım deyil ki,bölgəmizdə müharibə gedir,Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, öz torpaqlarımızı azad etmək üçün bizim böyük döyüş qabiliyyətinə malik, savadlı, eyni zamanda düşmənə hər vəziyyətdə cavab verə biləcək bir ordu lazımdır. Məhz bu təlimlərin keçirilməsində də bu, Azərbaycan xalqının özünə bir dəstək, ruh yüksəkliyi verir. Həmçinin ixtisasartırma prosesləri də davam edir.

— Ümumilikdə bu təlimlərin keçirildiyi zamanı necə dəyərləndirmək olar? Nəzərə alsaq ki, son dövrlər cəbhədə vəziyyət gərgindir, həm Azərbaycan tərəfinin şəhidləri var, həm Ermənistan çoxlu itkilər verib…

— Tam olaraq Azərbaycan-Ermənistan sərhədində, eyni zamanda, bu gün ermənilərin Dağlıq Qarabağda yaratdığı gərginlikləri sırf bu təlimlərlə bağlamaq düzgün olmazdı. Çünki ermənilər il başlayandan özlərinə bu döyüş taktikasını seçib və burada əsas məsələ, düşünürəm ki, Azərbaycanda keçiriləcək müxtəlif tədbirlərlə bağlı bu regionun necə gərgin vəziyyətdə olduğunu və burada müharibə getdiyini dünyaya bəyan etməkdir. Bu, hər cür vəziyyətdə ermənilərin dəst-xəttidir. Məhz belə bir zamanda bir ay müddətində düşmən tərəf 25-ə yaxın itki verib. Azərbaycan da şəhid verir. Torpağın qorunması uğrunda şəhid verilə bilər, öncə Vətəndir. Buna baxmayaraq, ermənilər artıq hiss edirlər ki, Azərbaycanın yüksək döyüş qabiliyyətinə malik canlı qüvvəsi var və Azərbaycan Ordusunda doğrudan da böyük ruh yüksəkliyi var. Sadəcə olaraq məlumdur ki, Ermənistan silahlı qüvvələrinin, eyni zamanda, onun Qarabağ bölgəsində olan havadar qüvvələrinin geniş manevretmə imkanları var. Məhz buna görə də bu təlimlərin daha çox keçirilməsi daha məqsədəuyğun olardı. Yəni, zaman-zaman yeni texnikalar alındıqca, gərginlik olduqca təlimlərin keçirilməsi məqsədəmüvafiq hesab oluna bilər. Böyük ordu rəhbərlərinin bir deyimi var: “təlim nə qədər ağır olarsa, döyüş bir o qədər yüngül olar”.

— Bu təlimlər əsgərlərimizə real döyüşdə özünü necə qorumaq lazım olduğunu öyrədəcək…

— Bəli, hər bir Azərbaycan əsgəri bizim gələcək genefonddur, gələcək atadır, valideyndir. Bunların sağlamlığını daima qorumaq üçün əlimizdən gələni etməliyik, bu istiqamətdə də müvafiq işlər aparılır. Birinci məsələ əsgərin sağlamlığının qorunmasıdır!

PAY