Ev Cəmiyyət

«Dini kitabların çoxu insan beyninin məhsuludu» — “ƏYALƏTDƏ KİM VAR, KİM YOX?”

PAY

 Tovuz Çingiz Qəribli

Çingiz Qəriblini BDU-nun Jurnalistika fakültəsində təhsil alan bacımla tələbə yoldaşı olduğu vaxtlardan tanıyıram.

Bu dəfə dostumla bölgənin maraqlı insanlarından biri kimi söhbətləşməyi qərara aldım. Baş redaktoru olduğu “Tovuz” qəzetinin redaksiyasında görüşdük. Hal-əhval tutduqdan sonra soruşdum:

— Qardaş, xeyir ola, bazar günü də işləyirsən?

— Evim iş yerinə yaxın olduğu üçün vaxtımın çoxunu burada keçirirəm. Öyrəşmişəm, elə şəxsi yaradıcılığımla  da bu otaqda məşğul oluram.

— Qəzet RİH-in orqanıdı, rayon rəhbərliyi  işinizə müdaxilə etmir ki?

— Mən 2014-cü ilin sentyabrından bu qəzetdə baş redaktoram. Rayonun İcra Hakimiyyəti ilə qarşılıqlı əməkdaşlıq edirik. Bu vaxta kimi heç bir təzyiq,  yaxud sifarişlə üzləşməmişik. İcra başçısı Tofiq müəllim mətbuata qayğı ilə yanaşan  ziyalıdı. Biz bir media orqanı olaraq, rayondakı quruculuq işləri və sosial-iqtisadi inkişafı işıqlandırmaqla yanaşı, nöqsanlardan da sərbəst yaza bilirik.

—  Sən özün də 90-cı illərdə Tovuz Rayon İcra Hakimiyyətində məsul vəzifədə çalışmısan.

— Qoy, onda bu söhbətə uzaqdan başlayaq. Demək, mən 1979-cu ildə ADU-nun (indiki BDU) Jurnalistika fakültəsinə qəbul olub, qiyabi oxumağa başladım. Eyni zamanda “Bilik”cəmiyyətinin təsis etdiyi, üç yüz min tirajla çap olunan “Elm və Həyat” jurnalında çalışırdım. Yeri gəlmişkən deyim ki, böyük qardaşım Dilman və məndən kiçik qardaşım Mübariz də ixtisasca jurnalistdir. Dilman hazırda “Bakinskiy raboçiy” qəzetində çalışır, Mübariz də hərbi jurnalistdir.

Hə, 1990-cı illərin əvvəllərində, o çətin zamanlarda rayona qayıtmaq məcburiyyətində qaldım. 1992-ci ildə isə RİH başçısının köməkçisi təyin olundum. Bilirsən ki, bizim rayon Ermənistanla həmsərhəddi. O zaman təzəcə formalaşmağa başlayan milli ordumuzla yanaşı, düşmən hücumlarının qarşısını almaq üçün könüllülərdən ibarət dəstələr də vuruşurdu. Cəbhə bölgəsinə həyətindəki son toyuğunu kəsib gətirən, gəlinlik yorğan-döşəyini əsgərlərə verən, qızıl-zinət əşyalarından keçən qadınlar, oğullarının qolundan tutub döyüşməyə gətirən atalar gördüm. Yəni, insanların vətənpərvərlik hisləri bu qədər təbii, güclü idi. O işğallar ərəfəsində rayonumuzdan bircə qarış da torpaq verilmədi. Yəni, uşaqdan-böyüyə, hamı ellikcə vuruşurdu. Bu müharibədə qoca qarılar da iştirak elədilər, ən azı yuxa bişirib, corab toxuyub cəbhəyə göndərirdilər. Mənim də taleyimə o ağır və şərəfli vaxtlar düşdü. Bir şeyi də qeyd eləyim, bu yerlərdə qədim türk mədəniyyətinin, türklərin yaşayış məskənlərinin olması Göytəpədə tapılan 8 min illik tarixə malik qədim şəhərin qalıqları da təsdiq edir. Bilirsən ki, Fransanın nüfuzlu tədqiqat institutlarından biri hazırda bu işlə məşğuldu, fransız arxeoloqları Göytəpədə mövcud olmuş qədim şəhərin tarixini öyrənmək üçün buradan maddi nümunələr, kömür, daş və s. aparıblar. Bunu ona görə xatırladıram ki,  Azərbaycan türklərinin bu torpaqlarda məskunlaşma tarixi minilliklərə qədər gedib çıxır. Minillərlə öz torpaqlarında kök salan, onun yiyəsi olan bir toplum düşmənə torpaq verməməlidi! Göytəpə Qafqaz tarixində də ən qədim insan məskəni hesab olunur.

— Bəs, İcra hakimiyyətində nə qədər işlədin?

—  1995-ci ilin yanvarına kimi işlədim. Mən heç fəaliyyətsiz qalan adam deyiləm. Sonralar müxtəlif mətbu orqanlarda fəaliyyət göstərdim. Əsasən də Tovuz ədəbi mühitinin tarixindən bəhs edən ensiklopedik kitab hazırlamaqla məşğul oldum. Artıq kitab üzərində  tamamlanma işləri gedir. Zarafat deyil, kitabda 800-ə yaxın el şairinin avtobioqrafiyası və yaradıcılıqlarından nümunələr verilir.

— Bəs el şairlərinin arasında nəsr yazanına rast gəlinirmi?

— Bilirsən ki, bizimkilər əsasən şeir yazır. Amma nəsr yazanlar da olub. Məsələn, Samir Tağızadə, Şəmşad Rza. Dediyim bu ensiklopediyadan başqa, ayrı-ayrı müəlliflərin Musa Mehmanın, Rəsul Qovlarlının, Müseyib Aşıqlının şeirlərini toplayaraq kitab halında çap etdirmişəm.

Hazırda Nəsibli Vaqif, Bimar İsgəndər və Molla Əhmədin kitablarını nəşrə hazırlayıram.

—  Səni bir şair kimi tanıyıram. Heç özün nəsrə girişmisənmi?

— Hə, çoxdandı bir roman üzərində işləyirəm. Mövzusunu, süjetini hələ açıqlamaq istəmirəm, alleqorik bir əsərdi. Yeri gəlmişkən, çap imkanınız olarsa, şeirlərimdən bir neçəsini saytınıza verərdim.

— Yəqin ki, problem yoxdu. Qardaş, baxıram, hələ də makinadan ayrılmamısan…

— — Hə, bu mənim köhnə dostumdu. Kömpüterdə yazmağı bacarsam da, bundan qopa bilmirəm. Makinasız işləyəndə fikrim dağılır.

— Ola bilsin, bu da sənin xurafatındı. Xurafat demişkən, dini baxışın necədi?

— Mən yaradana inanıram. Hər şeyi tanrı yaradır. İnsan da ona verilən nemətlərdən ali şüuru ilə istifadə etməlidi, heyvani instinktlə yox. Yəni, təbiətin neməti olan dəmirdən paltaryuyan maşın da düzəldə bilərsən, baş kəsmək üçün qılınc da. “Səmavi dinlər” ifadəsini qəbul etmirəm, dini kitablar ilahi yox, insanidi, yəni, bunlar insan beyninin məhsuludu. Sözsüz ki, o kitabların missiyası vaxtilə bəşər övladını tərbiyələndirmək, düz yola çəkmək olub. Lakin bu gün İŞİD, Taliban kimi əldə Quran tutub, baş kəsən terrorçuları görəndə, anlayırsan ki, o kitablar da insan yırtıcılığını cilovlamaqda acizdi. İnsan təbiətin bir parçasıdı, ona görə təbiəti sevməli, hər daşına, ağacına, heyvanına sevgi ilə yanaşmalıdı. Yadımdadı, uşaq vaxtı bir dəfə nadanlıq eləyib, qapıdakı eşşəyimizin başına ağacla vurdum. Bunu görən atam məni yanına çağırıb dedi, sən o heyvandan üzr istəməlisən. Get, onunla barış və üzrxahlıq elə. Döyüküb qaldığımı görəndə kişi dedi: “Sən nə üçün onu vurdun? Bilirsən ki, o sənə cavab qaytara bilmir. Səni bütün günü işlədib axırda da döysəm, xoşuna gələrmi?” Atamın bu sözləri mənə əbədi dərs oldu.

Mən də uşaqlarımı təbiətə, canlıara mərhəmətlə yanaşmağı öyrədirəm.

— Səhv etmirəmsə, qızın bu il yüksək balla ADİU-ya qəbul oldu…

— Bəli, qızım 630 balla “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub. Bir şeyi də deyim, bu universitetin adı bəzən rüşvət söhbətlərində hallansa da, qızım bunu qətiyyətlə inkar edir. Özü də yaxşı oxuyur, aldığı təhsildən də razıdı.

— Həyat yoldaşın bir vaxtlar yataq xəstəsi idi, indi necədi?

— Haradasa, on il bundan əvvəlin  söhbətidi. Toydan çıxıb evə gəlirdik. Yoldaşım evə çatanda dedi ki, ayaqlarım ağrıyır. Səhəri gün çətinliklə yeriməyə başladı. Bir neçə gündən sonra ayaqları tamamilə tutuldu. Bizim həkimlər bu xəstəliyin səbəbini, çarəsini tapa bilmədi. Moskva və Sankt-Peterburqdan gələn  həkimlərin qəbuluna düşdük. Onların müalicələri də müsbət nəticə vermədi. Yoldaşımın da vəziyyəti getdikcə ağırlaşırdı, yataqdan ayağa qalxa bilmirdi. Təbrizə də getdik. O zaman bayaq haqqında danışdığım qızım üçüncü sinifdə oxuyurdu. Üç uşağımın anası yatağa düşəndən sonra ailənin bütün qayğısı mənim üzərimə yükləndi. Təsəvvür elə, yemək bişirməkdən, paltar yumaqdan, uşaqların dərsinə baxmaqdan, pul qazanmağa qədər hər şey təkcə mənim çiynimdədi. Hələ xəstənin qulluğunda durmaqdan danışmıram. Bütün bu əzablara baxmayaraq, heç kimin qarşısında zarıyıb sınmamışam. Maddi çətinliklərlə üzləşdiyim zaman qardaşlarım, əsasən də Rusiyada yaşayan dostlarım yardım göstərib. Düşmənimə də belə əzablı həyatı arzulamazdım.

— Doğrudan da səni heç vaxt gileylənən görməmişəm,  möhkəm adamsan.

— Neyləməliyəm, bu mənim taleyimdi.

— Yaxşı qardaş, səni gördüyümə şad oldum, sənə yenə dözüm, yoldaşına şəfa arzulayıram. Sağlıq olsun, yenidən görüşəcəyik…

— Həmişə buradayam, istədiyin vaxt gözümüz üstə yerin var!

 

PAY