Mikayıl Cabbar oğlu Zeynalov 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, 12 oktyabr 1990-cı ildə burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib.
Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb.
Onun yaratdığı «Azaflı dübeyti», «Azaflı gözəlləməsi», «Azaflı sənəti», «Azaflı dünyası», «Azaflı gəraylısı», «Azaflı himni», «Mikayılı», «Azaflı dağları», «Azaflı bəhri», «Məzahiri», «Azaflı müxəmməsi», «Şah sarayı» kimi saz havaları dillər əzbəri olmuşdur.
Aşıq Mikayıl Azaflı kommunizmə qarşı idi və bunu öz şeirlərində bildirirdi. Bu səbəbdən o, 1961-ci ildə oğurluq və evində silah saxlamaqda təqsirli bilinib dörd il azadlıqdan məhrum edilmişdi. Həbsxana həyatı sənətkara bir universitetdə qazanılacaq qədər təcrübə qazandırmışdı. Onun zindan həyatını təsvir edən şeirləri aşıq hələ zindandaykən dillər əzbəri olmuşdu.
1984-cü ilin mart ayında aşıqların IV qurultayında sənətkara böyük ehtiram göstərilərək, çıxış etmək təklif olunmuşdu. Azaflı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsindən istifadə edərək, aşıq sənətinin incəliklərindən, çatışmazlıqlarından, qarşıda duran vəzifələrdən söz açdı. Onun irad və tövsiyələri minnətdarlıqla nəzərə alındı. Qurultayda Aşıqlar Birliyinin sədr müavini seçildi. Novruz Bayramı şənliklərində xalqımızın müdrik qəhrəmanı Dədə Qorqud obrazı ona həvalə olundu. 1989-cu il may ayının 17-də Azaflı Mikayıl ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görüldü.
Ölümündən sonra Tovuz şəhərində bir küçəyə aşığın adı verildi və Azaflı kəndində oxuduğu məktəbin önündə büstü qoyuldu.
Aşıq Azaflının «Qoca qartal» şerlər kitabı Bakıda (1987) və Türkiyədə (1989) nəşr olunmuşdur. O, «Mikayıl Azaflı və Narinc xatın» dastanının və «Azaflı dübeyti» və «Azaflı gəraylısı» məcmuələrinin müəllifidir.