Ev Cəmiyyət

Döyüşçü “Nemes”: “Mərmini ağaca bağlayıb…”

PAY
Tovuz Ələddin (NEMES)

«Raketi atmaq üçün akkumulyatordan cərəyan verirdik»
Bu dəfə vaxtilə Tovuzu erməni silahlılarından qoruyan, qəhrəman döyüşçülərdən biri – “Nemes”lə görüşə gedirəm. Görünür o qanlı-qadalı illərin həyəcanı və ağrıları onun bədənində indi – indi zühur eləməyə başlayıb. Sol tərəfi keyidiyindən əsa ilə gəzir. Bir vaxtlar pələng kimi sağlam cüssəsi ilə dağlarda döyüşən “Nemes” söhbət zamanı tez-tez kövrəlirdi. “Bağışlayın, özümdən asılı deyil, əsəb pozuntusundandı, bu xəstəlik də məni bir yandan utandırır” deyir.
— Narahat olma, hər şeyi başa düşürük, müalicə olunandan sonra keçib gedəcək. Həm də buna görə sən yox, biz utanmalıyıq. Qardaş, bildiyimə görə “Nemes” ləqəbi ananın alman milliyyətindən olması ilə bağlıdır.
— Təxminən düz deyirsiz, amma alman anam yox, atamın anası olub. Regina mənim nənəm idi. Elə buna görə də uşaqlıqdan hamı məni “nemes” çağırırdı. Nənəm çox yaxşı insan idi. Həmişə adamlar arasında mehribanlıq yaratmağa çalışardı. Qonşu qadınları başına yığıb həyətimizdə çörək bişirməyi sevirdi. Mənim məktəbli köynəyimə tikmə ilə əlavə naxışlar vurardı. Səliqəli geyinməyin, gözəl görünməyin tərəfdarı idi. Ona görə lap qoca vaxtlarında da ərinmədən makiyaj edərdi. Mən onun ciddi rejimi altında elə uşaqlıqdan hərbçi kimi böyümüşəm.
— Döyüşlərə nə vaxtdan qatılmısan?
— Əsgərlikdə reaktiv artilleriya qoşununda xidmət etmişəm. Yenicə formalaşan milli ordunun sıralarında mənə ehtiyac vardı. Mən hərbdə pərakəndəliyi yox, nizam-intizamı sevirəm. Sonralar II batalyonun komandiri oldum.
Milli özünümüdafiə batalyonumuz yenicə yarandığından rayonumuzun qeyrətli oğulları da bizə yardımlar edirdi. Bəzən hardansa tələsik alınıb gətirilmiş silahlar da olurdu. Məsələn, bizə ilk dəfə “Qrad” tipli raketlər gətiriləndə həmin raketləri atmaq üçün lazım olan qurğu mexanizmi yox idi. Mən həmin raketlərin ölçüsünə uyun olaraq, dəmir boru qaynaq elətdirdim. Raketin atılması üçün akkumulyatordan cərəyan verirdik. İcad elədiyim bu qurğu ilə dəqiq nişan ala bilməsək də, qarşı tərəfi atəş altında saxlayardıq. Elə olurdu, gün ərzində əlliyə yaxın raket atırdıq.
Bir dəfə şiddətli döyüş gedirdi, mərminin biri açılmadı, təşvişə düşdüm. Mərmini götürüb ağaca bağladım. Arxasından akkumulyator vasitəsilə elektrik ötürdüm. Həmin vaxt ətrafımdakıların hamısı gizlənmişdi. Möhkəm partlayış oldu, elə bildim, başım çiyinlərimin üstündən yoxa çıxdı. Sən demə, mərmi salamat imiş, sadəcə, boruya gedən naqildə nasazlıq varmış. Gizlənənlər üzə çıxanda birindən soruşmuşam ki, bax gör başım yerindədimi? O da gülüb demişdi ki, başın bədənində olmasa, necə danışa bilərsən?
Bir dəfə də heç vaxt görmədiyim ikilüləli bir pulemyot gətirmişdilər. Arxasına keçib bir- iki güllə atmaq istədim. Pulemyot məni 4 metr arxaya tulladı. Sonra məlum oldu ki, bu, vertolyotun altına yerləşdirilən hərbi pulemyotdur. Demə, buna möhkəm elastik dayaq lazım imiş. Belə-belə tanımadığımız silahlara da öyrəşirdik.
— Bəs könüllülərdən “Bozqurd Etibar”, idmançı Zöhrabla münasibətiniz necə idi?
— Biz Etibarın dəstəsi ilə daim əlaqə saxlayırdıq. Zöhrabı isə cəbhəyə özüm gətirmişdim. Onun güclü idmançı olmağı ilə bərabər könüllülər arasında yaxşı nüfuzu da vardı.
— Əsasən Tovuzun hansı ərazilərində vuruşmusunuz?
— Ermənilər bu bölgədə daha çox Əlibəylini hədəf aldığı üçün Əlibəyli yüksəkliklərində olurduq. Mən özümün 600 nəfərlik “palatka – kazarma”mı Çənlibeldə qurmuşdum. Evin qab-qacağını, stol-stulunu da oraya daşımışdıq. Bayaq dediyim kimi, milli ordu təzəcə yarandığına görə, hər tərəfdən müxtəlif yardımlar gəlirdi. Dövlətlə yanaşı, camaat da əsgərləri və könüllü dəstələri geyim, silah, yeməklə təmin edirdi. Kənd arvadları aşağıda yemək bişirib qazanlarda yuxarı, bizim yanımıza qaldırırdılar.
— Səncə torpaqlarımızı necə qaytara bilərik?
— Yalnız müharibə yolu ilə! Əslində mən heç vaxt müharibə, qan-qada tərəfdarı olmamışam. Müharibənin nə olduğunu yaxşı bilirəm. Erməni tərəfə raketlər yağdıranda da nə qədər günahsız adamın məhv olduğunu anlayırdım. Lakin bu, müharibənin şərtidi, onsuz da müharibələrdə ən çox günahsız insanlar zərər çəkir. Ona görə həmişə hərbin klassik humanitar qayda-qanunlarına əməl etməyə çalışmışam. Bizim mövqeyimiz daha çox müdafiə üstündə qurulmuşdu. Erməni kəndlərinə də o fikirlə atırdıq ki, qoy sakinlər bezib öz yaraqlılarını sakitləşdirsinlər.
— Erməni döyüşçüləri ilə əlbəyaxa olmusunuzmu?
— Əlbəttə, düşmənlə üz-üzə gəldiyimiz çox olub. Döyüşlərin birində Əsrikli Sübhanı və Mehdini ermənilər öldürmüşdü. Bunun öcünü almaq üçün yarğanların arası ilə qarşı tərəfə irəliləyəndə bir erməni ilə göz- gözə gəldim. Qəribə burasıdır ki, hər ikimizdə silah olsa da heç birimiz atəş aça bilmədik. Arxamdakı döyüşçü yoldaşım bu vəziyyəti görüb dərhal atəş açaraq onu yerə sərdi.
Bir dəfə də Əlibəyli kəndindən bir qadın başılovlu gəldi ki, 16 yaşlı oğlumu ermənilər aparıb. Uşaqlar dəliqanlılıq eləyəndə dedim ki, əl saxlayın, onlar bizi Tovuz mövqelərindən gözləyir. Ona görə biz ya Qazaxdan, ya da Gədəbəydən girməliyik. Çingiz adlı bir döyüşçümüz var, ermənilərin Provakar yolunda avtobusunu dayandırıb içəridən bir neçə sərnişini girov götürmək istəmişdi. Sonra arxadan gələn “Jiquli” maşınını görüb avtobusu tərk eləmiş və maşını saxlayaraq içindəki iki erməni kişini əsir tutub gətirmişdi. Sonra o əsirləri həmin 16 yaşlı oğlanla dəyişdik.
— Çənlibel adı haradan meydana çıxıb? Bu yerin adı qədimdən belə olub, yoxsa siz adlandırmısınız?
— Döyüşlər yenicə başlamışdı. Əlibəylidən Cavad adlı ixtiyar bir kişi yanıma gəlib dedi, sən ürəkli oğlana oxşayırsan, arxamca gəl. Mən hərbi geyimdə, əlisilahlı bu kişinin arxasınca yüksəkliyə qalxırdım. Bir neçə saatdan sonra indi “Çənlibel” adlandırdığımız həmin yüksəkliyə çatdıq. Cavad kişi mənə dedi, aşağıya diqqətlə bax, buranı əldən versəniz, erməniyə nəzarəti itirəcəksiniz. Həmin gündən bu yüksəkliyi “Çənlibel” adlandıraraq özümüzə məskən seçdik. Buradan aşağıdakı erməni kəndləri ovuc içi kimi görünürdü.
— Ermənilər səni üzdən tanıyar yəqin…
— Çox yaxşı tanıyırlar. Hətta mən ermənilərin sıx olduğu Kislovodsk, Soçi kimi sanatoriyalara getməkdən dəfələrlə imtina etmişəm. Oralarda məni hər an tanıyıb öldürə bilərlər.
— “Nemes”, səni çox yormayaq. Başqa nəsə demək istərdinmi?
— Bu dağlara canım qurban!

http://news.lent.az/news/203500

PAY