Ev Cəmiyyət

Tovuzda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans…

PAY
Tovuz Dini qurumların konfransı

İyunun 23-də Tovuz Rayon İcra Hakimiyyətinin iclas zalında “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi regional konfransda DQİDK-nin sədri Mübariz Qurbanlı, rayon İcra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Tovuz və Ağstafa rayonlarından olan dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.Konfrans iştirakçıları Heydər Əliyevin abidəsinin önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

DQİDK-nın sədri Mübariz Qurbanlı çıxışında “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda keçirilən regional konfransın məqsədindən danışıb.

Komitə sədri Azərbaycan Prezidentinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını vurğulayaraq, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanılması, təbliği və təşkili istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O, ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələləri diqqətə çatdırıb. Komitə sədri geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. Bildirilib ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. M.Qurbanlı bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olduğunu vurğulayıb.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nəriman İbayev konfransda çıxış edərək, dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən danışıblar.Daha sonra Komitə sədrinin müavini Səyavuş Heydərovun moderatorluğu ilə plenar iclas işə başlayıb. Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Dini radikalizm və onunla mübarizə üsulları”, dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “Milli mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzularında çıxış ediblər.Qeyd edək ki, regional konfrans işini iyunun 24-də DQİDK sədrinin müavini Səyavuş Heydərovun moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcək.

PAY