Ev Cəmiyyət

Şəhid oğlunun faciəli ölümü — sözün bitdiyi yer…

PAY
Tovuz Hadisə

Tovuzda bədbəxt hadisə nəticəsində həlak olan 23 yaşlı Əmrah Barat oğlunun əziz xatirəsinə
1993-cü il martın 27-si idi. Həmin illər Azərbaycanda bir çox ailələrdə yaşanan faciələrdən Rzayevlərin də payına düşmüşdü. Ailənin böyük oğlu Barat Rzayev şəhid olmuşdu. O, Ukraynada ali hərbi akademiyada təhsil almışdı. Atası Zahid kişi oğlu məktəbi bitirər-bitirməz məktub yazıb Vətənə qayıtmağını istəmişdi: “Mən səni Vətən üçün böyüdüb oxutmuşam, indi Vətən dardadır, sənə ehtiyacı var”.
Heç zaman böyük sözündən çıxmayan Barat atasının məktubunu alan kimi işdən ayrılmış, ailəsini də götürüb Azərbaycana gəlmişdi. Cəmisi 4 ay sonra isə işdən evə qara xəbəri gəlmişdi. Onda balaca Əmrah cəmi 39 gün idi ki, anadan olmuşdu…
2015-ci il sentyabrın 1-də Tovuz rayonunda daha bir dəhşətli xəbərin şoku yaşandı. Bu dəfə qara xəbərin ünvanı Əmrah idi. Onu elektrik cərəyanı vurmuşdu. Xəbəri eşidən hər kəsin ağlına gələn ilk şey anası Elmira xanımın hansı durumda olması idi. O, həyat yoldaşının xatirəsini əziz tutub ondan sonra ailə qurmamış, “Heç kəs mənə Baratı əvəz edə bilməz” — deyib təkcə balasını böyütmüşdü.
Hüzr yeri Əmrahın ana babasının evindəydi. Hadisə Tovuz rayonunun Vahidli kəndində baş verdiyindən dəfn mərasimini də orda təşkil etmişdilər.
Biz kəndə çatanda gecə saat 03:00 idi. Bütün yol boyu Elmira ilə necə qarşılaşacağımı düşünmüşdüm. O, mənim bir xalamın qızı, digərininsə gəlini idi. Balasını böyütmək üçün hansı məhrumiyyətlərə dözdüyünü, onun hər arzusunu yerinə yetirmək üçün necə çırpındığını bilirdim. Ona bu yolda ailəsi, xüsusilə də qardaşları yaxından dəstək olmuşdu, amma yenə də bütün ağırlıq Elmiranın öz üzərində idi.
Həyətdə yas çadırı qurulmuşdu artıq. Evə daxil olduqda Elmiranın naləsini eşidirik: “Yox, mənim balam ölməyib. O, məni çox istəyirdi, heç vaxt qıymaz anasını tək qoymağa. Səhər oyanacaq gül üzlü igidim”. Bizi görəndə isə “nəyə gəlmisiniz, hələ Əmraha toy eləmirəm ki… Sizə dəvətnaməmi göndərmişəm” deyib boynumuza sarıldı. Nə deyəcəyimi bilmirdim, sanki sözüm bitmişdi…
Qənirə Paşayeva vertolyot və həkim briqadası ayırtdırıb
Hər kəs hadisənin şokunda idi, heç kim nə baş verdiyini anlamır, bəlkə də nəticəni qəbul etmək istəmirdi.
Əmrahın yaxın dostu və Baratın xalası oğlu Elbrus Abdullayev danışır ki, o, çay balığını çox sevirmiş. Hər dəfə kəndə gələndə (Əmrah anası ilə birlikdə Tovuz rayonunun mərkəzində bina evində yaşayırdı. 3 il idi ki, universitetdə oxuduğuna görə Rusiyanın Kemerov şəhərində dayılarının yanında qalırdı) Vahidlinin mərkəzindən keçən Axıncı çayından dostları ilə birlikdə balıq tuturdu: “Bu həm də onun hobbisi idi. Həmişəkindən fərqli olaraq bu dəfə balığı elektriklə tutmaq istəyib. Təsəvvür edin ki, 100-200 metrlik naqildə kiçik bir yerdə açıq hissə olub. Onlar balığı tutub qurtarıblar, naqili yığmaq istəyəndə Əmrahın ayağı sürüşüb. Yıxılmamaq üçün əlini atanda həmin açıq yerə dəyib. Biz onu bir neçə saat torpağa basdırdıq ki, bəlkə ayıla. Təcili yardımın həkimləri dedilər ki, artıq gecdir. Heyf oldu uşaq gözümüzün qarşısında”.
Elbrus Əmrahın zarafatcıl, hər kəslə öz dilində danışmağı bacaran bir insan olduğunu deyir: “O, hər dəfə kəndə gəlib gedəndən sonra burda etdiyi zarafatları anekdot kimi uzun müddət danışıb gülürdük. Özü də son vaxtlar elə qəşəngləşmişdi ki. Demə, torpağa pay gedəcəkmiş…”
Burada bir məqamı da qeyd etmək istərdik ki, 105 saylı Tovuz seçki dairəsindən millət vəkili seçilən Qənirə Paşayeva hadisədən xəbər tutan kimi, dərhal Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb, Əmrahı Bakıya gətirmək üçün vertolyot və həkim briqadası ayırtdırıb. Lakin Tovuz Rayon Mərkəzi Xəstəxanasından ona artıq gec olduğunu deyiblər. Qənirə Paşayeva hər dəfə rayona gedəndə Elmira xanımla görüşüb, bir probleminin olub-olmaması ilə maraqlanırmış, şəhid ailəsi olduğuna görə onlara xüsusi diqqət ayırırmış.
Əmrah öləcəyini bilirdi…
Xalası Elza danışır ki, həmin gün Əmrah nahar vaxtı nənəsigilə gəlib, “ay nənə, acmışam, yeməyə nə var” deyib. Sonra isə qazandan çörəyin arasına yemək qoyub evdən çıxıb: “Arxasınca qışqırdım ki, xala qurban, hara gedirsən, belə yeməkmi yeyərlər. Gəl otur, süfrə açıram, normal naharını elə. Əlini yellədib dedi ki, küçənin ayağına düşüb gəlirəm. Aradan yarım saat keçməmiş xəbəri gəldi”.
Elzanın sözlərinə görə, Əmrah öləcəyini bilirmiş, elə hey deyirmiş ki, onsuz da mən 24 yaşdan çox yaşamayacam: “Bir ay əvvəl böyük qardaşımın oğlunun nişanı idi. Hamımız orda idik. Əmrah da nişanda həvəslə iştirak edirdi. Dedim ki, xalan sənə qurban, sənin toyunda elə xonçalar bəzəyəcəm ki, bütün rayon tamaşasına duracaq. Mənə qayıdıb dedi ki, anamın yanında demə, amma mənə toy qismət olmayacaq. Ağlayıb dedim ki, qurban olum, niyə belə deyirsən? Dedi, bilirəm, mən cavan öləcəm. Hardan biləydim ki, doğru deyir. Əgər desələr ki, həyatını ver, Əmrah oyanacaq, bir an belə düşünmədən verərəm”.
“Ürəyimə dammışdı ki, bu gediş son gediş olacaq”
Dayısı Cəmaləddin Mehralıyev hadisədən xəbər tutan kimi Kemerov şəhərindən gəlib. Əmrah orda onun yanında qalırdı. Dərddən beli bükülmüş dayı deyir ki, bu il Əmrahın Azərbaycana gəlməsini istəmirmiş: “Elə bil ürəyimə dammışdı ki, bu gediş son gediş olacaq. Tətil başlayanda israrımı görüb mənə söz verdi ki, getməyəcək. Amma avqustun əvvəlində çox xahiş etdi ki, gedim anamı görüm. Bacım bu il iki dəfə avtomobil qəzası keçirmişdi. Həm buna görə, həm də səhhətində yaranmış digər problemlərə görə Yessentukidə müalicə götürürdü. Dedi ki, dayı, anama sürpriz edəcəm, evin qapısından onunla birlikdə daxil olacam. Əlacsız qalıb razılıq verdim. Mən özüm də gəldim kəndə. Avqustun 22-nə qayıtmaq üçün ikimizə də bilet almışdım. Sürücülük vəsiqəsini gizlədib məni aldatdı ki, itirmişəm. Biletinin vaxtını sentyabrın 3-nə dəyişmişdim. Ayın 1-də də bu hadisə baş verdi. O mənim üçün oğul kimi idi. İndi nə edim, necə yaşayım, Elmiranın sual dolu baxışlarına hansı cavabı verim, bilmirəm”.
“Əmi, mən atama çoxmu bənzəyirəm?”
Budəfəki gəlişində Əmrah əmisigilə tez-tez gedirmiş. Hər dəfə də əmisi Muraddan atasını xəbər alırmış, ona çoxmu bənzədiyini, daha çox hansı cəhətlərinə görə onu xatırlatdığını soruşurmuş. Bir də tez-tez baş çəkdiyi bir ünvan da varmış: Tovuzun mərkəzində yerləşən Şəhidlər Xiyabanı. Axı atası Barat Rzayev orda uyuyurdu…
Əmrah atasının valideynlərinin yanında dəfn edildi, anasının istəyi ilə. Elmira “mən onu qoruya bilmədim. Qoy nənəsi ilə babası bundan sonra qayğısına qalsın” deyib ciyərparasını qayınatası ilə qayınanasına etibar etdi.
Bakıya dönürəm, daxilimdə dünyalar boyda bir ağırlıq. Sanki hər şey bir yuxudur, ayılmaq istəyirəm, amma hansı tərəfə gedirəmsə, yenə də o dəhşətli yuxunun təsirindəyəm. Qulaqlarıma Elmiranın səsi gəlir: “Bundan sonra kim üçün, nə üçün yaşayım? Axı mən kimsəyə pislik edən deyildim, hər zaman ehtiyacı olanlara yardım edirdim, sadəcə, bir sözü desinlər deyə: oğlun sağ olsun… Bəs onda niyə belə oldu?..”
Bura sözün bitdiyi yer idi…
Fəxriyyə ABDULLAYEVA (www.musavat.com)

PAY