Ev Cəmiyyət

Qovlardan II Nikolayın sarayına qədər gedib çıxan Kərim bəyin macəra dolu HEKAYƏTİ – ARAŞDIRMA – I YAZI

PAY
Tovuz Kərim bəy Novruzov

“Çar Kərim bəy Novruzova yaxınlaşdı, bir yerdə qədəhləri toqquşdurdular”
1827-ci il, oktyabrın 2-i. Peterburq. Səhər tezdən İmperator Sarayının dəftərxanasından çar 1-ci Nikolayın iş stoluna neçə müddətdir hazırlanmaqda olan fərman daxil olur. 45 yaşlı imperator fərmana bir də diqqətlə nəzər salır. Heç bir dəyişikliyə ehtiyac yox idi. Fərman imzalanır. Bundan Rusiya İmperatorunun sarayında xüsusi imtiyaza sahib olacaq qrenaderlar potası — Rusiya imperatorları yanında fəxri qarovul xidməti yaradılırdı. Sonralar “Qızıl rota” adlanacaq bu kiçik hərbi hissə imperator sarayında xidmət edəcək, bütün dövlət tədbirlərində, müxtəlif mərasimlərdə fəxri qarovulda dayanacaq, sarayın mühafizəsini təşkil edəcəkdi.
Bu yerdə zəruri qeyd:
Əlahəzrət imperatorun necə deyərlər, şəxsi qvardiyası sayılan ”Qızıl rota”da imperiyanın müsəlman əsilzadələrinin xidmətə çağırılmasına sonradan başlanılmışdı. Çar birinci Nikolay bu işi ən sadiq adamlarından birinə, qraf Aleksandr Xristoforoviç Benkendorfa etibar etmişdi. Sonradan isə məhz elə həmin Benkendorfun məxsusi Qafqaz əsillilər üçün hazırladığı xüsusi təlimatı da imzalamışdı. Həmin təlimatlarda isə çərkəzi papaq qoyulmasından tutmuş gümüşü kəmər taxılmasına, xəncər gəzdirilməsinədək hər şey nəzərdə tutulmuşdu. İlk günlər Peterburq küçələrində o dövr üçün xarakterik olmayan əlbisədə gəzən qafqazlılar çoxlarını təəccübləndirəcəkdi. Benkendorf təlimatında təkcə geyim-keçim məsələləri yer almamışdı. Qvardiyada xidmət edən qafqazlılara donuz əti və bu ətdən hazırlanan məmulatların verilməsi qadağa edilirdi. Bu qəribə geyimli adamlara kiçik rişxənd belə, ciddi cəzaya gətirib çıxarardı. Onların namaz qılmaları, müsəlman din xadimləri ilə mütəmadi görüşlərinə də hər cür şərait yaradılırdı.
1839-cu ildən artıq azərbaycanlıların da qvardiyada xidmət etməsinə necə deyərlər, yaşıl işıq yandırıldı. Amma onların heç birinin taleyi bizim qəhrəmanımızınkı qədər ziddiyyətli, ziddiyyətli olduğu qədər də təlatümlü olmamışdı…
1838-ci ilin sentyabrı. Çar Rusiyasının ucqarlarında, Azərbaycanda, Yelizavetpol qəzasının Qovlar kəndində Mirzəbaba bəyin evində bir oğlan uşağı dünyaya gəlir. Adını Kərim qoyurlar. Atası onun təhsilli olmasını arzu edirdi. Ona görə də 14 yaşı olan kimi onu Tiflisə, kadet korpusuna oxumağa göndərir. Olduqca dərrakəli və hərbi bilikləri tez mənimsəyən gənc Kərim tezliklə Zaqafqaziya müsəlman atlı alayında xidmətə başlayır. 1856-cı ildə fərqləndiyinə görə ona praporşik rütbəsi verilir. Amma bir il keçmir, həmin alay ləğv edilir. Gənc Kərim doğma kəndinə, Qovlara qayıdıb atasının təsərrüfatında çalışmağa başlayır. Amma onun ağlına da gəlməzdi ki, çox yox, 1 il keçəcək onun hərbi karyerası yenidən başlayacaq, nəinki Rusiyanın, dünya tarixini belə dəyişəcək neçə-neçə döyüşdə iştirak edəcək, polkovnik rütbəsinə kimi irəliləyəcək, nəhayət, elə bir vəzifəyə yüksələcəkdi ki, hər gün, hə, demək olar ki, hər gün əlahəzrət imperatorla üz-üzə gəlib onun sarayının baş mühafizəçisi olacaqdı. İmperatorun, onun ailəsinin təhlükəsizliyinə cavabdeh olacaqdı. Onu bayaq adını çəkdiyimiz “Qızıl Rota”ya komandir təyin edəcəkdilər. O, Rusiya imperatorları yanında fəxri qarovul xidmətinin ilk və sonuncu müsəlman rəisi olacaqdı. Amma bütün bunlara hələ çox vardı…
1859-cu il iyulun 11-i. Tiflisdən gələn çapar Kərim bəyə məktub təqdim edir. Həmin məktubda onu yenidən orduya çağırılması barədə əmr vardı. Heç bir tərəddüd etməyən 20 yaşlı praporşik dərhal Tiflisə yollanır. Onu birbaşa imperator 2-ci Aleksandrın tabeçiliyində olan Müqəddəs Pereyaslav polkuna qəbul edirlər. Heç bir ay keçməmiş Kərim bəy Novruzova poruçik rütbəsi verilir. Həmin dövrdə adı çəkilən polk Qafqaz yürüşlərində iştirak edirdi. Kərim bəyin də daxil olduğu polkun Şimali Qafqazda apardığı döyüşlər barədə tezliklə Peterburqa da xəbər çatır. Az keçmiş göstərdiyi şücaətə görə, Kərim bəy polkun rota komandiri təyin edilir. Ona kapitan rütbəsi verilir. Amma çox keçmir ki, Kərim bəyin komandiri olduğu rota, rus ordusunun o dövrlər üçün elitar polklarından sayılan Nijeqorodski polkunun tərkibinə daxil edilir. Kərim bəy Novruzov hərbi xidmətini bu polkda davam etdirməli olur. Onun nümunəvi xidməti diqqətdən kənar qalmır. Tezliklə əlahəzrət imperator tərəfindən 3-cü dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görülür. 1872-ci il yanvarın 1-də o, eskadron komandiri təyin olunur və mayor rütbəsi alır…
…19-cu əsrin 70-ci illərinin əvvəllərində Avropada baş verən inqilablar və yeni mərkəzləşdirilmiş dövlətlərin əmələ gəlməsi qitədə siyasi vəziyyəti dəyişmişdi. Rusiyada artıq başa düşürdülər ki, yeni-yeni imperiyaların yaranması qısa zamanda dünyanın yenidən bölüşdürülməsi ilə nəticələnəcək. Çar Rusiyası Qafqazı işğal etsə də, sərhədləri İrana qədər gəlib çıxsa da, Peterburqda hələ də Krım müharibəsini unutmamışdılar. 1853-56-ci ildə Osmanlı Türkiyəsi ilə aparılan və tarixə Krım müharibəsi kimi düşən müharibədən Rusiya məğlub ayrılmışdı. Rusiya məğlubiyyətin əvəzini çıxmaq istəyirdi.
1877-ci ilin martında Çar Rusiyası Krım müharibəsi zamanı itirdiyi mövqeləri geri qaytarmaq və Qafqazlarda, Balkanlarda möhkəmlənmək məqsədilə Osmanlı imperiyası ilə növbəti müharibəyə başlayır. Həmin ilin martında Kərim bəyin də eskadron komandiri olduğu Nijeqorodski polku Naxçıvan yaxınlığında, Arpaçayın sahilində qərargah qurmuşdu. Növbəti və tarixdə sonuncu Rusiya-Türkiyə müharibəsinin başlanma xəbərini onlar aprelin 19-da aldılar. Səhəri gün artıq hücum əmri verildi. Kərim bəyin eskadronu və bütünlükdə polk o qədər sürətlə irəlilədi ki, artıq 5 gündən sonra türk ordusunu Qarsa qədər sıxışdıra bildilər. Aprelin 24-də eskadron Qars yaxınlığındakı Azat kəndini də ələ keçirmişdi. Qarşıda Qars çayı və Osmanlı komandanı Musa Paşanın rəhbərlik etdiyi ordu dayanmışdı.
Nijeqordski polku gecə hücumu qərarına gəlmişdi. Kərim bəy Novruzovun eskadronuna ən ağır cəbhə, mərkəzdən hücum etmək tapşırılmışdı. Mayın 18-i gecə saat ikidə rus ordusu qəfil hücumla Qars çayını keçə bildi. Qəfil hücumdan özünü itirən Musa paşa ordunu Bəyli-Əhməd kəndinə çəkdi və şiddətli müqavimətə başladı. Müqavimət o qədər güclü idi ki, rus ordusunun cinahlardan hücuma keçən qüvvələri az qala mühasirəyə düşəcəkdi. Bu anda Kərim bəyin mərkəzdən hərəkət edən atlı dəstələri böyük rəşadət hesabına köməyə gəldilər. Kərim bəyin atlılarına polkovnik Kelnerin topçu batareyası də dəstək verirdi. Hücum o qədər ildırımsürətli olmuşdu ki, Osmanlı ordusu qısa zamanda pərən-pərən düşdü. Sonradan polkovnik Kelner öz xatirələrində yazacaqdı: “Mayor Novruzov sübut etdi ki, ona həmişə, ən çətin anlarda belə etibar etmək olar. O və atlıları elə sürətlə hücuma keçdilər ki, onların hərəkətini izləmək belə çətin idi. İldırım sürəti ilə və bir ağızdan “Urra” qışqıraraq düşməni darmadağın edən Novruzov az qala Osmanlı komandirini belə, əsir alacaqdı. Musa paşa son anda qurtula bildi”.
Bəyli-Əhməd döyüşündən sonra türklər döyüş meydanında xeyli qənimət qoyaraq geri çəkildilər. Nəticədə, Qars kimi strateji şəhər mühasirəyə alındı. Bir qədər də irəliləyən ruslar Dəvəboynu kəndi yaxınlığındakı döyüşdən sonra Ərzurumu da mühasirəyə ala bildilər. Mühasirənin əsasını isə Kərim bəy Novruzovun atlı qüvvələri təşkil edirdilər. Məhz Qars və Ərzurum uğrunda döyüşlərdən sonra imperator Kərim bəy Novruzovu “4-cü dərəcəli müqəddəs Georgi” ordeni ilə təltif etdi. Kərim bəyə podpolkovnik rütbəsi də verildi…
Rusiya bu müharibədən qalib çıxmışdı. Osmanlı İmperiyası ilə bağlanmış San Stefano müqaviləsindən sonra Peterburqda və Moskvada, digər iri şəhərlərdə atəşfəşanlıq, bayram törənləri düzənlənmişdi.
Müharibə iştirakçıları olmuş bütün “Georgi” ordenli zabitlər isə paytaxta çağırılmışdı. Nijeqorodski polkundan Sankt-Peterburqa Kərim bəy Novruzov da daxil olmaqla altı nəfər yollandı. 1878-cil noyabrın 26-ı axşam “Qış sarayı”nda hamı imperatorun gəlişini gözləyirdi. Hə, maraqlısı o idi ki, həmin gün Nijeqorodski atlı polkunun yaradılma günü ilə üst-üstə düşürdü. Birdən sarayın qarovul rəisinin zəhmli səsi eşidildi: “Əlahəzrət imperator”. II Aleksandr və knyaz Mixail Nikolayeviç sarayın Mixaylovski zalına daxil olurdu. Və birdən hamı heyrətə gəldi. İmperator və knyaz Mixail Nikolayeviç Nijeqorodski polkunun mundirlərini geyinmişdilər. Bu, 2-ci Aleksandr tərəfindən polka verilən böyük qiymət idi. Ziyafətin ortasında, çar qəfil ayağa qalxdı. Orada olan bütün Nijeqorodski polku zabitlərini yanına çağırdı, polkun şərəfinə tost dedi və hər biriylə qədəh toqquşdurdu. Onlardan biri də Kərim bəy Novruzov idi.
İmperator bununla da kifayətlənmədi. Polka daha öncə layiq görüldükləri “Georgi” ordeninə əlavə olaraq eyni ordenin enli lentinin də bəxş edildiyi bəyan olundu. Amma bu dəfə 1-ci dərəcəli. Bu, o zaman üçün görünməmiş mükafat idi. Bircə onu demək kifayətdir ki, bu cür lentləri və 1-ci dərəcəli “Georgi” ordenini o zamanadək bütün Rusiyada cəmi üç nəfər sinəsində gəzdirirdi – II Aleksandrın özü və iki general-feldmarşal — böyük knyazlar Nikolay Nikolayeviç və Mixail Nikolayeviç. İndi onların arasında imperiyanın əyalətindən çıxmış bir azərbaycanlı, Kərim bəy Novruzov da vardı. Podpolkovnik Novruzovun eskadronuna isə “1877-ci il 18 may Bəyli-Əhməd ətrafında görülən işlərə görə” yazılmış lent verildi…
Hə, burda bir məqamı da mütləq qeyd edib keçək, qəhrəmanımızın sonrakı həyatına.
1880-ci il sentyabrın 22-də Novruzov zabit kimi iyirmi beş illik xidmətinə görə “4-cü dərəcəli Müqəddəs Vladimir” ordeni ilə təltif olunub…
1881-ci il fevralın 1-i. Peterburq. Polkun zabitləri “Georgi” süvarilərindən birinin – podpolkovnik Kərim bəy Novruzovun şərəfinə vida məclisi təşkil edir. O, polku tərk edib, vətənə, daha dəqiqi Yelizavetpol quberniyası zemstvo mühafizə dəstəsinə müfəttiş gedirdi. O, bu vəzifədə 1883-cü ilin dekabrına kimi qalacaqdı. 1886-cı il mayın 4-də isə Kərim bəy Novruzov səhhətilə əlaqədar istefa ərizəsi yazacaqdı. O, ordudan tərxis olduqdan sonra Yelizavetpolda (Gəncə) yaşamaq niyyətində idi. Onun bu istəyi dərhal yerinə yetirilir. Peterburqdan, Qafqaz canişinliyinə əmr gəlir. 1887-ci il 10 yanvar tarixli əmrdən:

“Əlahəzrət İmperator zati-alilərinin dekabrın 24-də verdiyi əmrinə görə, hərbi kavaleriya üzrə podpolkovnik olan Kərim bəy Novruzov mundiri və tam oklad pensiyası saxlanmaqla xidmətdən tərxis olunaraq polkovnik rütbəsinə yüksəldilir. Qafqaz hərbi dairəsi onun yaşaması üçün ev və təsərrüfat üçün torpaqla təmin etsin”.
Amma… Amma təqaüddə olan polkovnik rahatca təsərrüfatla məşğul ola bilməyəcəkdi. Onu yenidən Peterburqa çağıracaqdılar. Ahıl, artıq ömrünün 77-ci ilinə qədəm qoymuş Kərim bəy niyə qəfildən yada düşmüşdü. Tiflisdən canişindən gələn dəvət məktubu onu çaşdırmışdı. Peterburqa gedib çıxanacan həyatın ona hansı sürprizini hazırladığını ağlına belə gətirmirdi. Hə, özü də çar 2-ci Nikolayın qəbuluna gedəcəkdi birbaşa…
Bakı-Sankt-Peterburq

Yazar

Səbuhi Məmmədli

http://news.lent.az/news/227559

PAY