Ev Cəmiyyət

«Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş olmadı” (müsahibə)

PAY
Tovuz Arzu Nağıyev

İnform.az-ın suallarını Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev belə cavablandırıb:
— Arzu müəllim xoş gördük. Yeni iliniz də mübarək. 2016-cı il Azərbaycanın xarici və daxili siyasətində nə kimi yenliklər ili ola bilər?
— Təşəkkür edirəm, mən də sizi təbrik edirəm.
— Düşünürəm ki, 2016 –cı il tək Azərbaycan üçün deyil, ümumiyyətlə bütün region və hətta dünya dövlətləri üçün də çətin bir il olacaq. Bu gün dünyada siyasi sabitlikdən söhbət gedə bilməz. Ərəb dünyasında müharibə və münaqişələr davam edəcək, miqrant axını Avropaya və digər ölkələrə üz tutacaq, neftin qiymətinin kəskin düşməsi iqtisadi proseslərə ciddi təsir göstərəcək, bir sıra meqa layihələrin həyata keçirilməsi çətinləşəcəkdir.
Təbii ki, Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün bunları bizə də şamil etmək olar. Əsas problemimiz yəqin ki, Dağlıq Qarabağ olduğu üçün münaqişənin həlli istiqamətində müvafiq addımlar atılmalıdır. Yəni prioritet istiqamət kimi dövlətin təhlükəsizliyi, insanların rifahı və ölkənin inkişafı qarşıda duran əsas məqsəd olmalıdır.
— Ötən il ölkəmiz üçün həm uğurlu, həm də problemli il oldu. İlin sonunda baş verən devalvasiya ölkəmizin xarici siyasətinə hansı zərbəni vura bilər?
— Qeyd etmək istərdim ki, keçən ildə bir sıra uğurlarımız olub. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı təkcə Azərbaycanın deyil, regionun inkişafı üçün önəmli bir layihədir, «Cənub» qaz dəhlizinin yaradılması istiqamətində çox böyük işlər görülüb. TANAP və TAP layihəsi “Şahdəniz II” qazının Avropaya çatdırılması üçün ən mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə layihələr həyata keçirilir. Birinci Avropa Oyunlarının keçirilməsini göstərmək olar. Belə bir miqyasda tədbirin yüksək səviyyədə baş tutması böyük bir qələbədir. Ordu quruculuğunda xeyli irəliləyişlər baş verdi. Azərbaycan ordusu müasir silah-sursatlarla təmin edildi. Əsas amil isə orduda bu gün əldə olunan məhz qələbə əzmkarlığı və ruh yüksəkliyidir. Təəssüflə qeyd etməliyik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş olmadı. Bunun da əsas səbəbi ATƏT-in Minsk qrupunun deklorativ bəyanatları, Ermənistanın destruktiv və təcavüzkar mövqeyidir. Bundan başqa “Günəşli” yatağında baş verən yanğın, Nardaran hadisələri və bir sıra xoşagəlməz hadisələrdəndir. Baş verən devalivasiya bütün neft ixracı ilə məşğul olan dövlətlərlə bərabər bizə də təsirini göstərir. Ümumiyyətlə, düşünmürəm ki, bu bizim xarici siyasi kursumuza əməli təsir edəcəkdir. Məlumdur ki, regionda supergüclərin münaqişələri bizə də öz mənfi təsirini göstərəcəkdir və indi də göstərir.
— Ölkədaxili sabitliyin qorunması, əhalinin bu dönəmdən səbrlə çıxması üçün bir siyasi ekspert olaraq hansı təklifləri verə bilərsiniz?

— Sabitliyin qorunması tək hüquq–mühafizə orqanlarının işi deyil. Burada hər bir vətəndaşımız da maraqlı olmalıdır. Düşünürəm ki, dövlətin iqtisadi reformalarla bağlı apardığı siyasət öz bəhrəsini verə bilər, monopoliyanın yığışdırılması önəmli şərtlərdən biridir. Bundan başqa kənd təsərrüfatına subsidiyalar artırılmalıdır, torpaqla, heyvandarlıqla daha ciddi məşğul olmaq lazımdır. Bir sözlə, qeyri-neft sektorunda işlər daha da gücləndirilməlidir. Lüzumsuz qurumların ləğv edilərək onlara ayrılan vəsaitlərin sosial məsələlərə yönəldilməsi vacib amildir. Təbii ki, ixtisar olunanlara da yeni iş yerləri təklif edilməlidir. Yəni savad, sənət və qabiliyyət ən ümdə faktor olmalıdır. Bundan başqa elm sahəsində kəşfdən tətbiqə qədər məsafə qısaldılmalıdır. Doğrudan da, birlik yaradıb bu günki dönəmdən çıxmağa qadir olan bir xalq kimi yəqin ki, bəhrəsini də görəcəyik.

inform.az

PAY