Ev Cəmiyyət

Qovutlu Xıdır Nəbi bayramınız mübarək!

PAY
Tovuz Qovut

Qədim tarixə və mədəniyyətə malik Azərbaycan xalqının özünə xas adət-ənənələri, bayramları var. Lakin illər ötdükcə eldən- elə, dildən- dilə ötürülən bu adət və ənənələr, unudulmağa başlayır. Belə adətlərdən biri də Xıdır Nəbi Bayramıdır.

Xıdır Nəbi bayramı el adəti ilə «Kiçik çilənin» 10-cu günü keçirilir ki, bu da fevral ayının 10-na təsadüf edir. Azərbaycan xalqının qeyd etdiyi ən qədim bayramlardan hesab edilir. El arasında: «Novruza gedən yol — Xıdır Nəbi bayramından keçir», — deyirlər.

«Xıdır Nəbi» bir şəxsiyyət olaraq, suyun, küləyin və havanın himayəçisi kimi təqdim olunur. «Xıdır Nəbi» unudulmaqda olan bayramlar sırasına aid olduğundan, günümüzdə onu qeyd edənlərin sayı da olduqca azdır.

Novruz kimi, bu bayramda da bir sıra ayinlər icra olunur.  Bu ayinlər və adətlər haqda ətraflı məlumat almaq üçün üz tutduq AMEA-nın Gəncə bölməsinə. Burada isə ətraflı məlumat verməklə yanaşı, bizi bayram süfrəsinə də qonaq etdilər.

Ruziyyə Quliyeva- AMEA-nın Gəncə bölməsinin şöbə müdiri: «Xıdır Nəbi gələn gün, götürürlər qovud unundan, qovrulmuş buğdadan çəkilən qovud unundan və xəlvət bir yerə qoyurlar. Elə bir yerə ki, ora insan nəfəsi, əl-ayaq toxunmur. Hətta ora onu qoyan adamın özü belə girməməlidir. Xıdırın əlinin barmaq izləri həmin qovudun üzərinə düşür. Hansı evdə qovudun üzərinə barmaq izləri düşərdisə də, həmin evdə bax bizim kimi bayram edərdilər».

İcra olunan ayinlərlə yanaşı Xızır süfrəsi öz təamlarının zənginliyi ilə də seçilir.

Minayət Əliyeva — AMEA-nın Gəncə bölməsinin laborantı: «Əvvəl buğda təmizlənir, yuyulur və qurudulur. Kirkirə varsa, kirkirədən, yoxdursa ət çəkən maşından keçirilir. Qovurulur və bu şəkil qablara yığılır».

Bu süfrədə xüsusi yeri isə qovud tutur.

Minayət Əliyeva — AMEA Gəncə bölməsinin laborantı: «Buğda ət maşınından keçirilir, ələnir və qovud hazırlanır. Qovud tut bəhməzindən, şərbətdən, baldan və süddən hazırlanır».

Qovudla yanaşı, bayram süfrəsinə boyanmış yumurta və qoğal da qoyulur ki, bu da günəşi simvolizə edir. Özündə xalqımızın ədət-ənənələrini, soy-kökünü ehtiva edən bayramlar xüsusi ilə gözəldir. Onları qorumaq, yaşatmaqsa bizim borcumuzdur. … Eviniz ruzili, Süfrəniz bərəkətli, Xıdır Nəbi bayramınız mübarək olsun.

Gülnar Fazilqızı (kepeztv.az)

PAY