Ev Cəmiyyət

Azərbaycan futbolunun canlı əfsanəsi olan həmyerlimiz …

PAY
Tovuz Müzəffər Qasımov

Fevralın 23-ü Azərbaycan futbolunun canlı əfsanəsi həmyerlimiz Müzəffər Qasımovun 75 illik yubileyidir. “Kəpəz”in Müşahidə Şurasının üzvü olan Qasımov klubun saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Müzəffər müəllim, istərdik söhbətə futbolu seçməyinizdən başlayaq. Kənd təsərrüfatı rayonu kimi tanınan Tovuzda futbola gəlişiniz necə oldu?
– İndi olduğu kimi əvvəllər də bütün uşaqların arzusu futbolçu olmaq idi. Tovuz futbol rayonudur. Qərb bölgəsində əsas futbol mərkəzləri Gəncə və Tovuzdur. Bu rayonun yetirmələri hələ uzun illər öncə “Kəpəz” ilə yanaşı, “Neftçi”də də çıxış ediblər. Bu gün də Tovuzdan çıxan futbolçular ayrı-ayrı klublarda, milli komandalarda oynayırlar. Deməli, rayon futbolla nəfəs alır. Fikrimcə, Gəncə futbolu tezliklə çətin günlərini geridə qoyacaq. Arada durğunluqdan dolayı bir az çətinlik oldu, azacıq şərait yaradılsa, vəziyyət yenə yaxşı olacaq.
– İlk məşqçinizi xatırlayısız?
– Bəli, mənim ilk məşqçim Təvəkkül Hüseynov olub. Məktəbdə 6-cı sinifdə oxuyan vaxtlardan artıq Tovuzun yığma komandasına cəlb olunmuşam. O vaxtlar rayonun 12 komandası vardı. Top və forma cəhətdən çatışmazlıq olsa da, uşaqlar futboldan əl çəkmirdilər. Hər küçənin bir komandası vardı. Məktəbin stadionunda xeyli oyunlar keçirilirdi.
– Gəncəyə gəlişiniz necə oldu?
– 1959-cu ildə Göygöl rayonunda Respublika kuboku uğrunda yarışlar keçirilirdi. Həmin ərəfədə “Neftçi” Gəncənin “Toxucu” komandası ilə oynamağa gəlmişdi. Hər iki komandanın nümayəndələri məşqçimiz Təvəkkül Hüseynovu yaxından tanıyırdı. Ona demişdilər ki, gəlib oyununuza baxacağıq. Məşqçimiz də bizə bildirdi ki, özümüzü göstərə bilsək, komandalara cəlb edə bilərlər. Elə orada məni həm “Neftçi”, həm də “Toxucu”nun məşqçiləri bəyənmişdilər. Bakılılar Gəncədən sonra Gürcüstana getməli idilər. Danışıq oldu ki, bir gün Tovuzda qalıb bizimlə yoldaşlıq oyunu keçirsinlər. “Neftçi”ni 3:2 hesabı ilə udduq. Komandamız çox güclü idi. Bir həftə sonra “Toxucu” ilə yoxlama görüşü keçirdik. İki gündən sonra isə məni Tovuzun idman komitəsinə çağırdılar. Arxamca Gəncədən gəlmişdilər. Cəmi 18 yaşım vardı. Gəncəlilərin baş məşqçisi Valentin Xlıstov idi, özü məni görüb bəyənmişdi. Sevincim yerə-göyə sığmirdi. Rayondan olan sadə bir gəncin arzusu çin olmuşdu.
– Həmin dövrdə kimlərlə çiyin-çiyinə oynadız?
– Tofiq Axundov, Vladimir Mikuçadze, Nadir Nəbiyev və digərlərinin adlarını çəkmək olar. Onlarla bir yerdə oynamaq mənim üçün şərəf idi. Onu da deyim ki, gürcü futbolçu 1960-cı ildə komandaya gəlmişdi. Mən ondan çox şey öyrəndim. Mikuçadze çox təcrübəli futbolçu idi. İlk vaxtlar əvəzetmələrdən oyuna girirdim, amma çox keçmədi ki, əsas heyətdə meydana çıxmağa başladım. Düz 1974-cü ilə kimi ilk “11-lik”də oynamışam. 1964-cü ildən də komandanın kapitanı olmuşam.
– Gənc yaşında kapitan seçilməyiniz necə oldu? Adətən sarğı daha yaşlı, təcrübəli futbolçulara verilir.

– Kapitan seçilməyə məndən başqa namizədlər də vardı. Amma uşaqlar məni seçdi. Komandanın rəhbərliyi də məni istəyirdi. Kapitan meydanda baş məşqçinin köməkçisidir, hətta deyərdim ki, onu əvəz edən şəxsdir. Uşaqları arxasınca aparmalı, lider olmalıdır. Futboldan kənarda isə özünü nümunəvi aparmalıdır.
– Hər bir futbolçunun unutmadığı oyun və qol var. Sizdə bu hansılardır?
– SSRİ birinciliyinin birinci dəstəsinə və yüksək liqasına çıxmaq, kiçik qızıl medalı almaq tək mənim yox, bütün Gəncə futbolu üçün unudulmazdır. Deyim ki, 1967-ci ildə yüksək dəstəyə vəsiqə qazanacağımızı gözləmirdik. Tədricən oyunlar göstərdi ki, buna gücümüz çatar. Baltikyanı respublikalara dörd səfər oyununun üçündə qalib gəlib, birində heç-heçə edəndən sonra hiss etdik ki, birinci yeri tutmağı bacara bilərik. Sonda Karaqanda “Şaxtyor”u ilə eyni xal topladığımızdan Daşkənddə əlavə oyun keçirəsi olduq. Rəqibi 1:0 hesabı ilə udub məqsədimizə çatdıq. O ki qaldı, şəxsi xatirələrə 1965-ci ildə Bakı “Dinamo”su ilə oynayırdıq. SSRİ çempionatının birinci dəstəsinə çıxmaq uğrunda əlavə görüş idi. İlk oyun heç-heçə nəticələndi. Ertəsi gün komandalar arasında təkar görüş keçirildi. Qarşılaşma yenə qalibi müəyyənləşdirmədi. Penaltilər seriyası olmadığından püşk çəkəsi olduq. Bəxtim gətirmişdi, mənim çəkdiyim kağızda “qələbə” sözü yazılmışdı. Yadda qalan digər oyunda, SKA Kiyev ilə matçda hesab 2:2 olanda oyunun sonuncu dəqiqələrində hakim lehimizə penalti təyin etdi. Üzümü futbolçularımıza doğru çevirəndə hamının geri çəkildiyini gördüm. Yəni heç kim zərbəni vurmaq istəmirdi. Nöqtəyə özüm yaxınlaşıb həyacanlı şəkildə zərbəni dəqiq yerinə yetirdim. Halbuki oyunu 2:0 hesabı ilə uduzurduq. Nəticədə Karaqanda klubu ilə eyni xal topladıq.
– “Şaxtyor”a qalib gəlməklə komandanın yüksək dəstəyə yüksəlməsi münasibəti ilə Gəncədə sizi izdihamlı şəkildə qarşılayıblar…
– Elədir. Əvvəlcə bildirim ki, Mərkəzi Komitədən birinci katib Tofiq Bağırovu Daşkənddə göndərmişdilər. İki gün orada qaldıq. Evə dönəndə dəmiryol vağzalından şəhərin mərkəzinə kimi yollar bağlanmışdı. Bizi qarşılamağa təxminən 15 min azarkeş küçələrə çıxmışdı. Üstüaçıq hərbi avtomobillər xüsusi olaraq bəzədilmişdi. Gəncə qəhrəmanlarını qarşılayırdı. Sonra teatr binasında da komanda ilə görüş oldu.
– Futbolda qazandıqlarınız və itirdikləriniz nə olub?
– Hər şeyə görə futbola borcluyam. Ad-san qazanmışam, ev almışam, ali təhsilə yiyələnmişəm. Mənəvi qazanclarım da çox olub. İnsanlar bu gün də məni bayırda görüb salamlaşırlar, hal-əhval tuturlar. Bu məni fərəhləndirir ki, unudulmamışam. İtirdiyim sağlamlığım olub desəm, bəlkə də düz çıxmaz. Çünki zədələnib oyun buraxdığım olmayıb. Özümə yaxşı baxırdım, futbolçu kimi nizam-intizama riayət edirdim, qorunurdum. Necə deyərlər, başımı hər yerə salmazdım (gülümsəyir). O vaxtlar vərəqə cəzası yox idi. Komandanı cəzalandıranda futbolçunu müəyyən vaxta kənara çıxarırdılar. 1968-ci ildə yüksək liqada Sankt-Peterburqda “Zenit” ilə oynayanda bir dəfə cəzaya məruz qalmışam. Futbolçularımız hakimin qərarına görə onu itələmişdilər. Oyundan sonra İntizam Komitəsinin iclası keçirilmişdi və kapitan kimi məni öz vəzifəmin öhdəsindən gələ bilmədiyimə görə dörd oyun uzaqlaşdırmışdılar.

– Gəncə komandası o dövrlər SSRİ-nin aparıcı komandaları ilə kubok yarışlarında da qarşılaşıb. Belə oyunlardan biri “Dinamo” Kiyevə qarşı olub.
– 1962-ci ildə “Neftçi”ni udub “Dinamo”ya rəqib olduq. Kiyevliləri Gəncədən 2:1 hesabı ilə məğlub yola saldıq. Onlar Kirovabadda belə bir komandanın olduğuna inanmırdılar. Yaxşı yadımdadır, SSRİ yığmasının baş məşqçisi Qavriil Kaçalin oyunlarımızdan birinə baxdıqdan sonra o vaxtkı baş məşqçimiz İsay Abramaşvili ilə söhbətləşib. Ona “komandanız mənə balaca Braziliya komandasını xatırladır” deyib. Doğrudan da çox güclü idik. Təəssüf ki, kubokda mübarizəni ¼ finalda dayandırdıq.
– Müzəffər müəllim, belə bir söhbət gəzir ki, Kiyev “Dinamo”su bura gələndə şəhər rəhbərliyi onlara çox yaxşı qonaqpərvərlik göstərib. Futbolçular Hacıkəndə və Göygölə qonaqlığa aparılıb. Bu hörmətin qarşılığında şəhər rəhbərliyi qarşıdakı oyunda yerli komandaya az qol vurmasını xahiş edib. Bu nə dərəcədə doğrudur?
– Bəli, belə bir şey olub. Qonaqlar da deyib ki, “narahat olmayın, çıxıb sakitcə oynayacağıq”. Bizə yuxarıdan aşağı baxırdılar, ona görə də meydana çox arxayın çıxmışdılar. Çünki SSRİ-nin ucqarında yaxşı komandanın olduğuna inanmırdılar və bizi rahatlıqla udacaqlarını gözləyirdilər. 2:0 udurduq, oyunun sonuna yaxın künc zərbəsindən qol buraxdıq.
– Karyeranızı başa vurduqdan sonra ayrı-ayrı vaxtlarda Gəncə klubunda müxtəlif vəzifələrdə işləmisiz. O cümlədən baş məşqçi olmusuz.
– Ən çətini, məsuliyyətlisi baş məşqçi işləməyim olub. Futbolçu olmaq çox asandı. Məşqdən, oyundan sonra gedirsən evə. Baş məşqçinin isə əziyyəti daha çoxdur. Hamıya və hər şeyə görə cavabdehlik daşıyırsan.
– O dövrlə indiki futbol arasında nə kimi fərqlər var, nə dəyişib?
– İndi çox şey dəyişib. Heç nədən qol vurulur, anidən hansısa təhlükəli epizod yaranır. Bizim dövrümüzdə belə deyildi. Oyunlar daha çox zəhmət tələb edirdi. Qol vurmaq üçün kombinasiyalar düşünülürdü. Məşqlərdə bunun üzərində işləyirdik. İndi topu götürüb qol vururlar, sanki heç meydanda müdafiəçi yoxdur.
– Dəyişməyən bir şey var. O da Gəncə azarkeşləridir…
– Düzdür, onda da oyunlara çox adam gəlirdi, elə indi də. Nahaq yerə deməyiblər ki, Gəncə futbol şəhəridir. Burada çoxlu sayda görkəmli futbolçular yetişib. Serqey Kramarenko, Yaşar Babayev, Mübariz Zeynalov, Maşallah Əhmədov, Mehman Allahverdiyev, Arzu Mirzəyev, Yunis Hüseynov və digərlərinin adını çəkə bilərik. Gəncədən “Neftçi”yə çoxlu güclü futbolçular gedib.
– Azərbaycan futbolu iki dövrə bölünür: Sovet və müstəqillik illərinə. SSRİ zamanında ən böyük uğurumuz yüksək liqada oynamaq, suverenlik dövründə isə üç dəfə çempionluq və dörd dəfə kubok qazanmaq olub. Sizcə, Gəncə futbolunun ən böyük uğuru hansıdır?
– SSRİ dövründə çempionatda 15 respublikanın komandaları çıxış edirdi. Rəqabət daha çox idi. Rusiya və Ukraynanın güclü təmsilçilərinə qarşı oynayırdın. Nailiyyətləri bir-birindən seçmək istəmirəm, hərəsinin öz yeri var.
– Oğlunuz Rəşad Qasımov “İnter”ə prezident təyin olunanda bir ata, bir futbol mütəxəssisi kimi sizdən məsləhət aldı?
– O, futbolu başadüşən adamdır. İki il idi ki, “İnter”ə gedib-gəlirdi. Ona məsləhət verməyə çox da ehtiyac yoxdur. Çünki hər şeyi bilir. Düzdür, hərdən nə var, nə yox deyə söhbət edirik. Amma ona bunu belə etmlisən demərəm. Sabah bir şey tərsinə olsa, deyəcək sən dedin (gülür).
– “İnter” – “Kəpəz” oyununda kimə azarkeşlik etdiyinizi təxmin edirəm. Amma yenə soruşuram…
– “Qarabağ” ilə oyunlar öncəsi Şahin Diniyev də eyni aqibəti yaşayır. Onun sözü olmasın, oğlumun rəqib düşərgədə olması haqda nə deyə bilərəm. Klubun rəhbəridir, işi budur. Əlbəttə ki, mən “Kəpəz”ə azarkeşlik etdim, “İnter”i dəstəkləyəsi deyildim axı. Gəncə futboluna bağlı adamam.
– Bir ailədə iki klub rəsmisi – oğlunuz prezident, siz isə “Kəpəz”in Müşahidə Şurasının üzvüsüz. Nə vaxtsa bir-birinizə rəqib olacağına inanardız?
– Yox, belə olacağını gözləməzdim. Heç ağlıma da gətirməzdim ki, Rəşad klub prezidenti ola bilər. Çünki onun işi ayrı idi. Peşəkar səviyyədə futbol oynayıb, yenə deyirəm, futbolu bilən biridir. Amma yenə də klub rəhbəri olması mənim üçün gözlənilməz oldu.
– 75 yaşda nə arzularınız var?
– Allah hamının canını sağ etsin, əsas budur. Futbol sahəsində də “Kəpəz”ə uğurlar arzu edirəm. Qısa vaxtda yaradılan komanda özünü göstərməyi bacardı, rəqiblər tir-tir əsir. O vaxtı rəqib futbolçuların bir sözü vardı, deyirdilər ki, Gəncəyə çatanda ayaqlarımız əsir. O zamanə bir də gələcək. Fikrimcə, gələn mövsüm bundan da güclü komanda olacaq. Çünki Şahin Diniyev öz işini yaxşı bilən məşqçidir.

PAY