Ev Cəmiyyət

Tovuzun tarixini qoruyan həmyerlimiz…

PAY
Tovuz Mübariz Zahidoğlu

Dedilər, Aşağı Eyyublu kəndində Mübariz adlı bir nəfər öz evində şəxsi tarix-diyarşünaslıq muzeyi yaradıb. Arayıb telefon nömrəsini tapdım, zəngləşib bir axşam görüşdük.Azərbaycanın ən böyük kəndlərindən sayılan Aşağı Eyyubluda, o cümlədən bu bölgədə Mübariz Zahidoğlunu tanımayan çətin tapılar.Mübariz bəy bizi geniş mebel mağazasının bir guşəsində sərgilədiyi eksponatlarının yanına apardı. Onun muzeyində bölgənin ən qədim tarixini, orta əsrləri və sovet dönəmini əks etdirən eksponatlar toplanıb. O, bizimlə söhbətə muzeyin ən qədim ekponatı haqda məlumat verməklə başladı:

— Baxın, bu, hansısa nəhəng, qədim bir heyvanın çanaq sümüyünün bir parçasıdı. Sümük artıq əhəngləşmək üzrədi. Yaşını yalnız mütəxəssislər hesablaya bilər, düşünürəm ki, eksponatların arasında ən qədimi budu.

Tovuz Mübariz Zahidoğlu

Sonra bizə tünd bənövşəyi rəngdə, tərkibi naməlum möhkəm materialdan hazırlanmış bir piyalə göstərir:

— Məncə, qədimliyinə görə ikinci yerdə bu piyalə gəlir. Bunun hansı materialdan hazırlanması hələ ki sirr olaraq qalır. Təxminən, on min ilə yaxın yaşı olar. Bu ox ucluqlarını göstərə bilərəm. Bunların biri tunc dövrünə aiddi, hardasa, beş, səkkiz min il yaşları var. Tuncdan hazırlanmış bu balta isə tunc dövrünün əvvəllərinə aiddi.

Tovuz Mübariz Zahidoğlu

Sonra suyu rahat süzmək üçün ağzı büzülmüş bir küp göstərir:

— Bu küpün də tarixi çox qədimdi. Torpağın üç-dörd metr dərinliyindən tapıldığına görə, düşünürəm ki, yaşı lap çoxdu. Üstündə qeyri-adi naxışlar və bəzək çıxıntıları olduğuna görə, fikirləşirəm ki, bunu mahir bir usta düzəldib. Qədimdə bu cür qeyri-adi əşya düzəltdirən adam yəqin ki, çox zəngin biri imiş. Ona görə bu eksponatın adını “zadəgan küpü” qoymuşam. Çox güman ki, bu, bizə məlum olmayan bir sivilizasiyanın yadigarıdı.

Tovuz Mübariz Zahidoğlu

— Mübariz bəy, bu qiymətli əşyalar əsasən hansı bölgələrin tarixini əhatə eləyir?

— Topladığım eksponatlar əsasən öz bölgəmizə aiddi. Bunların tapılma coğrafiyası Kürqırağı hövzələr, dağətəyi və dağ kəndlərimizin əraziləridi.

— Bu yerdəki üstü yazılı sal daşı hardan tapmısan? Yenisey abidələrinə bənzəyir.

— Bunu da Kür qırağından tapmışıq. Düz deyirsiz, Orxon – Yenisey abidələrini xatırladan bu yazılar çox güman ki qədim türk-runik əlifbasında həkk olunub.

— Baxıram, numizmatikliyiniz də var.  Ən qədim pulunuz hansıdı?

— Belə demək olar. Topladığım pulların əksəriyyəti rus tarixinin ayrı – ayrı dövrlərinə aid olsa da, onların hamısını öz bölgəmizdən toplamışam. Burda yaşına görə ən qədim pul 1762-ci ildə buraxılmış mis beş qəpiklikdi, çəkisi də yüz qrama yaxındı.

— Maraqlıdı, tapılan bu qədim əşyalar, bu bölgədə hansı mədəniyyətin olduğunu sübut edir? Əşyalar üzərindəki simvollar, işarələr sizə nə deyir?

— Əvvəla, deyim ki, mən peşəkar mütəxəssis deyil, həvəskar tarixçi olduğuma görə, hər bir tarixi dövrə aid, işarə və simvolları tam dəqiqliyi ilə izah edə bilmərəm. Lakin burada  tapılan nümunələrin böyük əksəriyyəti bu ərazilərdə atəşpərəstliyin geniş formada yayıldığını sübut edir. Atəşpərəstliklə yanaşı və ondan sonra da bu yerlərdə  xristian mədəniyyəti mövcud olub. Baxın, bu xaça. Buna “alban xaçı” deyirlər, ancaq mən bu “alban” məfhumunu qəbul etmirəm. Burada yaşayan xristian inanclı əhali qədim türk tayfaları olub. Fikrimcə, “alban” adlandırılan əhali əslində, elə türklərdi. Yeri gəlmişkən, bizim bu kəndin adı əslində “Aşağı Eyyublu” yox, “Aşağı Alplı”dır.

Eksponatların demək olar, hamısı islamaqədərki dövr nümunələridi, maraqlıdır ki, əcdadlarımızın islamdan sonrakı həyatına aid hələlik heç bir nümunə tapmamışıq.

Tovuz Mübariz Zahidoğlu

Bir şeyi də deyim, atəşpərəstlik inancı, mədəniyyəti bu günədək bizim canımızda, qanımızda yaşayır. Yadımdadı, babam həmişə “işığı söndür” əvəzinə “işığı uydur” deyərdi, “işığı söndürmək” ifadəsi ona çox ağır gəlirdi. Yəni, “söndürmək” sözü məhv olma, ölmə anlamına gəlir. İşığı, odu, atəşi öldürməz olmaz. Yatırtmaq, uydurmaq olar. Bu mənada, bizim folklorumuzda, xalqımızın yaddaşında od-ocaq həmişə müqəddəs sayılıb.

Biz hər il Novruz bayramında doğmalarımızın məzarlarını ziyarət edərkən, qəbirlərin üzərinə yanan lopalar taxırıq. Novruz bayramı demişkən, neçə illərdi ki, mən hər Novruz ərəfəsində 20 kq buğdadan hazırlanmış 3 metr uzunluğunda, şam ağacı formasında səməni cücərdirəm. Xristianlarda Milad bayramının simvolu şam ağacıdı, bizim Novruzun — yeni ilin gəlişinin atributu isə səmənidi. Hazırladığımız şam ağacı formalı səməni iki fərqli mədəniyyətin sintezini təmsil eləyir.

— Bəs muzey yaratmaq ideyası haradan ağlınıza gəldi?

— Hardasa, on beş il bundan qabaq kəndə dəmir-dümür alan maşın gəlmişdi, adamlar əllərinə keçən dəmir, mis qabları çox ucuz qiymətə satırdılar. Baxdım ki, paslı dəmir yığınının arasında iki dənə əzik, ancaq gözəl səhəng var. Tez dəmir yığanlara yaxınlaşdım, aldıqları qiymətdən bir az çox pul verib o səhəngləri özümə aldım. Sən demə, bu bir tale işi imiş. Elə həmin gündən qədim əşyaları yığmağa başlamışam. Harda qədim əşya görürdüm, elə bilirdim bir doğmam darda qalıb, onu xilas eləmək lazımdı. Beləcə, dost-tanış, tanıyan-bilən də bu işdə mənə kömək etdi və mən indiyə qədər də qədim əşyalar yığmağa davam edirəm. Ancaq bu muzey belə vəziyyətdə qalmayacaq. Arzum var, kəndimizdən keçən İpək Yolunun üstündə qədim bir oda tikdirib hər bir eksponat üçün rahat guşə ayıram. Burada yığılan hər bir əşya bizim tariximizin bir hissəsidi, biz tariximizi qorumalı və onunla şərəf duymalıyıq. Doğma tarix insana yaşama stimulu, ruh yüksəkliyi və fəxarət verir.

— Doğrudan da siz daxilən çox zəngin, maraqlı bir insansınız…

— Mənim işim təkcə bu deyil ki. Ayda bir dəfə ətrafda yaşayan saz-söz adamlarının məclisini təşkil edirəm. Bir də görürsən, çayxanada oturan adamlara Heydər Əliyevin, Atatürkün, Nuru Paşanın, Ənvər Paşanın, Səməd Vurğunun, Şəhriyarın portretlərini paylayıram. İnsanlara Azərbaycanın, Türkiyənin bayraqlarını hədiyyə edirəm ki, qoy öz dövlətini sevsin, kimliyini unutmasın. Bəzən yol hərəkəti qaydaları yazılan kitabçalar paylayıram ki, sürücülər, piyadalar oxuyub maariflənsinlər. Bu istəklər mənim qanımdan gəlir. Bax, bu burulan mişar var ee, bu babam Hüseyn ağadan yadigardı. Bu mişarla babam Kür çayı üstündə Şəmkirin Qaracəmirli kəndindən Tovuzun Əlimərdanlı kəndinə qədər yeddi yerdə üzən borum inşa eləyib. Kürün bir sahilindən o biri sahilinə keçməyə, mal-qara adlatmağa imkan yaradan belə üzən körpülər, əsasən əkinçilik və maldarlıqla məşğul olan sakinlər üçün əsl həyat körpüsü idi. Bundan başqa babam doqquz metr uzunluğunda bir gəmi də hazırlatdırıbmış.  Gürcüstana gedəndə Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun heykəli önünə gül qoymasam qayıtmıram. Bir dəfə beynimə düşdü ki, mütləq axtarıb qədim Gəncə qapılarını görməliyəm. Xeyli soraqlaşdıqdan sonra məlumat əldə elədim ki, o qapılar Kutaisidədi. Getdim Kutaisi şəhərinə. Kutaisi yaxınlığında 1130-cu ildə inşa edilmiş Gelatski monastrı var, dedilər, qapı ordadı. Getdim gördüm, Gəcə qapısının bir tayını monastrın yanında dəfn olunmuş David Georginin qəbrinin böyrünə söykəyiblər. Üzümü qapıya sürtüb xeyli ağladım. Gürcülər orda mənə dedi, Qurucu David  öləndə vəsiyyət eləyib ki, qapıları qəbrimin yanına asın ki, hər dəfə cırıldayanda səsini eşidim.

— Deyilənə görə, gürcülər bir vaxtlar Gəncədə baş verən zəlzələnin qarışıqlığından istifadə edərək qapıları arabaya yükləyib aradan çıxarıblar. Sonra internetdə oxudum ki, qapının bir tayını hansısa monastrın dam örtüyünə istifadə ediblər.

— Düzdü, mən də qapının birini gördüm. Ancaq harada olmasından asılı olmayaraq o bizim tarixi abidəmizdi. Biganə qalmamalıyıq. Eləyə qalsa “Dədə Qorqud” dastanımızın abidələri də alman muzeylərindədi. Tarixin belə sürprizlərindən incimək düzgün deyil. Bax bu stolun üstündəki abidə Zəyəmin bir mişar daşından yonulub. Bunu kəndlim, heç bir sənət təhsili olmayan Mübariz adlı adaşım yonub. Xocalı soyqırımını öz istedadı ilə daş üzərində əbədiləşdirib. Hər sənət əsərinin bir taleyi var. Ola bilsin bu abidə nə vaxtsa hansısa bir Avropa ölkəsinə aparıla. Yaxud, kim bilir bu tunc balta tiyəsi ilə neçə boyunlar vurulub…

Murad Köhnəqala

PAY