Ev Cəmiyyət

Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərindəki körpü yenidən istifadəyə verilib…(video)

PAY
Tovuz Körpü

Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərindəki körpü yenidən istifadəyə verilib…

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 427-ci km-də Zəyəmçay üzərində yerləşən körpü yenidən sürücülərin ixtiyarındadır. Ölkə prezidentinin sərəncamı ilə təmir edilən yol ötürücüsü, 6 ay müddətində magistralda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmadan aparılıb.

Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərindəki körpü yerli və tranzit yük və sərnişin daşınmasında əhəmiyyətli rol oynayır. Şəmkir rayonu ərazisində yerləşən yol ötürücüsündə təbii proseslərin təsirindən qəzalı vəziyyət yaranmışdı.

Oruc Mustafayev- 25 saylı Yol İstismar MMC-nin baş mühəndisi: “Güclü qarın əriməsi və intensiv yağışlar nəticəsində çayda suyun səviyyəsi çox oldu və bu da körpünü qəzalı vəziyyətə saldı. Körpünün alt hissəsində tam yuyulmalar getdi, 50 metr məsafədə istinad divarı, su nizamlayıcı qurğular dağıldı. Körpünün dayaqları 10 metr məsafədə yuyulma nəticəsində açıldı”.

“Azəravtoyol” tərəfindən aparılan təmir işləri zamanı körpünün hər iki tərəfindən 50 metr uzunluqda, 9 metr hündürlükdə mühafizə divarı çəkilib və yeni sutənzimləyici qurğular inşa edilib. Çayın məcrası boyu su axınının sürətini azaltmaq məqsədi ilə dərinlik 1.2 metr artırılıb. Həmçinin, körpünün dayaqlarının qorunması üçün 110 metr uzunluğunda, 90 metr enində dəmir-beton konstruksiyadan ibarət xüsusi qoruyucu sahə inşa edilib.

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun 427-ci km-də qəzalı vəziyyətdə olan körpüdə əsaslı təmir bərpa işləri tam yekunlaşdıqdan sonra, ölkəyə qərb istiqamətindən daxil olan iri tonnajlı yük avtomobillərinin magistralda hərəkəti təhlükəsiz və maneəsiz bərpa olunub.

Hazırda körpüdən istifadə edən sürücülər yaranan təhlükənin aradan qaldırılmasından məmnundurlar.

Zaur Məmmədov- Tovuz sakini: “Körpü əvvələr çox pis vəziyyətdə idi. Keçib gedəndə qorxurduq, ehtiyatlanırdıq. Sağ olsunlar. Körpünü təmir elədilər, indi rahat gedib-gəlirik”.

Ədalət Pənahov- Şəmkir sakini: “Körpüdə vəziyyət yaxşıdır indi. Hərəkəti tam təhlükəsiz davam etdirə bilirik”.

2011-ci ildə inşa edilən 5 aşırımlı körpünün uzunluğu 96.3 metr, eni 11.5 metr, çay məcrasından hündürlüyü isə 11 metrdir. Körpü 377 min nəfər əhalinin yaşadığı Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə su ötürücüsüdür.

Xaliq Qurbanlı (kepeztv.az)

PAY