Ev Cəmiyyət

Müqəddəs adın daşıyıcısı…

PAY
Möhsün Axundov

“…Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edir ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı Azərbaycanın bu günki elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq”.
Heydər Əliyev.Ümummilli lider.

…Allı-güllü, dəmdəzgahlı toy məclisi gedir, beyinlər dumanlanır, pullar kağız kimi havada oynaşır, yağış kimi çalğıçıların stollarına tökülür. Bundan vəcdə gələn masabəyi puldan savayı dini, imanı, ağlı, savadı olmayan kişiləri tez-tez mikrafona dəvət edir, onlara “müəllim” deyə müraciət edərək şabaş yağışını daha da şıdırğılandırırdı. Özlərini bir anlıq həqiqətən müəllim sayanlar isə daha da coşur, yeri, göyü təpikləyirdilər. Bir kənarda sakitcə oturub, toya salacağı nəməri fikirləşən bir müəllim isə dərin düşüncələrə dalmışdır. Az qalırdı mikrafonu masabəyin əlində alıb qışqırsın:
“…Bəzi nankora da, ev yıxana da,
Namusa, halala gəc baxana da,
Müəllim deyirsən bu toyxanada.
Pıç-pıçı eşidib döyükür “fağır”,
Sən allah, hər kəsi adıyla çağır!

Guya müəllimdir hər kəs işində,
Yoz, belə desən də yeri düşəndə,
Hər şey bomboz olur eyniləşəndə,
Müəllim sənəti-düz yola çığır,
Sən allah, hər kəsi adıyla çağır!…”

Müəllim adı müqəddəsdir, təmiz bir duvaq kimi toxunulmazdır. Müəllim şəxsiyyəti, ləyaqəti ölçüyə gəlməzdir. Həyatda nə qazanmışıqsa müəllimlərimizə borcluyuq. Bir vaxtlar, bizim nəslin və bizdən əvvəlki nəslin məktəb uşaqları elə bilirdik ki, müəllimlərimiz çörək yemirlər. Çünki, biz onlara müqəddəs varlıqlar, tanrılar kimi baxırdıq.
Doğma Tovuzumuzda da o qədər adlı-sanlı, şanlı-şöhrətli müəllimlərimiz olub və var ki. Onlardan biri də hamının “Tovuz təhsilinin güzgüsü” adlandırdığı “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”, “Lenin ordeni” ilə mükafatlandırılmış əməkdar müəllim Möhsün Axundovdur.
Onun haqqında yazı hazırlamaq qərarına gələndə redaksiyamızın daimi qonağı, fəxri üzvü olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, ömrünün 60 ildən çoxunu bu müqəddəs peşəyə həsr etmiş şair İsa Cavadoğlu da fikrimizi alqışladı:
-Çox gözəl seçim etmisiniz. Rəhmətlik Möhsün müəllim təkcə bir pedaqoq deyil, həm də şəxsiyyət idi. Qürurlu, əyilməz, ləyaqətli və savadlı bir insan olub o. Həmin illərdə o, biz gənc müəllimlər üçün bir növ örnək, etalon idi. Biz çalışırdıq ki, oturuşumuzu, duruşumuzu, hətta yerişimizi də ona oxşadaq. O qədər qayğıkeş bir insan idi ki, onun insanı keyfiyyətlərini sözlə ifadə etməyə çox çətinlik çəkirəm. Sonradan tale elə gətirdi ki, Möhsün müəllimin qızı Mülayimlə bir məktəbdə işləməli olduq. Əsl atasının qızı idi. Eyni qürur, eyni ləyaqət, ciddiyyət və dəqiqilik. Həmin vaxtlar məktəbdə direktor müavini, sonralar direktor işlədim, ancaq bircə dəfə də olsun görmədim ki, Mülayim müəllimə ya dərsə geciksin, ya da dərsi pozulsun. O, da atası kimi coğrafiyadan dərs deyirdi. Pedoqoji şuralarda onu digər müəllimlərə həmişə nümunə göstərirdik. O, Möhsün müəllimdən ailə tərbiyyəsi almışdı. Mən hətta yazdığım poemaların birndə bu barədə söhbət açmışam.
Bütün Tovuzun fəxri olmuş bu insan haqqında çox yazılar yazılıb, çox sözlər deyilib. Ancaq onun əməyinə ən yüksək qiymətlərdən birini biz tovuzluların qürur duyduğu böyük bir insan, görkəmli hüquqşünas, Milli Məclisin deputatı, “Hüquq siyasəti və Dövlət quruculuğu məsələləri daim komissiyası”nın sədri, Milli Məclisin sədr müavini mərhum Zakir Zeynalov verib. O, “İstedadlar Məktəbi” adlı kitabında öz sevimli müəllimi haqqında yazırdı: “Möhsün müəllimin bir insan kimi məktəbdə, ailədə və rayon ictimaiyyəti arasında davranışının özü bir nümunə idi. Tanrı o kişidən heç nəyini əsirgəmişdi. Gözəl qaməti, nurlu çöhrəsi, şirin söhbəti və ağayana duruşu onu başqalarından fərqləndirirdi…”
Bəs hardan gəlirdi bu qürur, bu məğrurluq, bu ləyaqət. Cavab sadədir, əlbəttə, gendən. Bu Axundovlar soyunda nəsildən-nəslə keçən irsi bir qan bağı idi.
…Bütün Qovlara xəbər yayıldı ki, Kərbalayı Həmid Axund öz dövrünə görə ən tanınmış təhsil ocağı sayılan Qahirə İslam Universitetini bitirib.
O dövr üçün bu çox böyük, mühüm hadisə sayılırdı. Həmin universitet təkcə islam fəlsəfəsi üzrə deyil, bir çox elmlər üzrə mükəmməl biliklər verirdi. Oranı bitirənlərə alimi-uləma deyirdilər.
Təkcə kənd camaatı deyil,bütün Tovuzda, hətta qonşu bölgələrdə də öz səliqə-səhmanı, geyim-gecimi, ağır davranışı, ağıllı söhbətləri ilə seçilən Kərbalayı Həmidə hamı ağsaqqal kimi baxırdı. Onun nurlu sifəti, mülayim baxışları, xoş rəftarı insanları həqiqətə, düzgünlüyə, ədalətə, təmizliyə, paklığa çağırırdı. Onun ocağına gələnlər heç vaxt naümid qayıtmırdılar, dərdlilər dərdlərinə çarə tapırdılar.
O, təkcə yüksək biliyə malik rühani deyil, həm də müəllim idi. Elinin , obasının uşaqlarına, kasıb, varlı fərq qoymazdı, evində pulsuz dərs verirdi, yazı-pozu öyrədirdi. Qətiyyətlə demək olar ki, sonralar sovet təhsil sisteminin formalaşmasında belə savadlı ruhanilərin yetişdirdiyi tələbələrin böyük rolu olmuşdu.
Kərbalayı Həmidin oğlu Möhsün də atasından mükəmməl elm öyrənmişdi. O, təkcə dini deyil, həm də dünyəvi elmləri dəridən mənimsəmişdi. Bu da ilk illərdəki müəllimlik fəaliyyətində çox köməyinə çatmışdı.
Azərbaycanda Şura höküməti quruldu. Tədricən yeni məktəblər açılmağa başladı. Müəllim kadrları isə yox dərəcəsində idi. Ona görə də bolşeviklər ruhani təhsilli müəllimlərin əməyindən bəhrələnməyə qərar verdi. 1928-ci ildə, 18 yaşlı Möhsün də müəllim işləmək barədə təklif aldı. Təklifi atasına söyləyəndə Kərbalayı Həmid bir az duruxmuş, sonra da oğluna demişdi:
-Oğlum, artıq yetkin adamsan, dərs demək üçün hələlik kifayət qədər biliyin var. Düzdür, şura hökuməti biz ruhaniləri düşmən gözündə görür. Ancaq bu iş şura hökumətinə deyil, xalqa, millətə lazımdır. Yolun açıq olsun, get millətin balalarına elm, savad və insanlıq öyrət. Bala, bilirəm bu şapkası ulduzlular bəylərin başına gətirdikləri oyunları bizim də başımıza gətirəcəklər. Heç olmasa sənsə onların məktəbində müəllim ol. Belə olsa sənə toxunmazlar. Beləcə soyumuzu tükənməkdən qorumuş olarsan. Axundlar nəsli yaşamış olar. Get, yolun açıq olsun!
Həmin vaxtdan Möhsünün müəllimlik fəaliyyəti başladı. Bir sıra məktəblərdə-Bozalqanlı, Tovuz 7 illik. Böyük Qışlaq, Aşağı Quşçu məktəblərində dərs dedi, gələcəyin savadlı insanlarını yetişdirməyə çalışdı. Elm öyrətdikcə, özü də öyrəndi, ali təhsil aldı, coğrafiya ixtisasına yiyələndi.
O, harda işlədisə, istər sıravi müəllim, istər məktəb direktoru, istərsə də digər rəhbər vəzifələrdə müəllim adını uca tutdu. Öz şərəf və ləyaqətini, mənəviyyatını qorudu. Buna görə də bədxah, xəbis insanlar ona bata, qürurunu sındıra bilmədilər.
Müdrik Kərbalayı Həmidin söylədikləri düz çıxdı. Hər yerdə allahsızlar cəmiyyətləri yaradıb ruhaniləri allaha, dinə qarşı çıxışlar etməyə məcbur etməyə çalışanlar bir gün Axundlu nəslinin də başının üstünü kəsdilər. Hamısı ağzıdualı, mömin insanlar olan bu nəslin ağsaqqalları allahın varlığını inkar etmədikləri, öz əqidələrindən dönmədikləri üçün Axundluların üzdə olan bir çox adamları başda Həmid kişi olmaqla Qazaxıstana sürgün edildilər. Ehtiyac duyduqları üçün Möhsün müəllimə toxunmadılar. Nəslin, ailənin geridə qalanlarını qorumaq, saxlamaq kimi ağır vəzifə gənc müəllimin üzərinə düşdü.
Uzun illər sonra övladları dünyaya gələndə, ali dövlət mükafatları alanda, səsi-sorağı qurultaylardan gələndə, şagirdlərinin xoş xəbərlərini alanda bir üzü gülsə də, o biri üzü ağladı. Sürgün həyatı yaşayan doğmaları, əzizləri üçün ömrünün bir çox ilini gedənlərinin qayıtması üçün apardığı mübarizələrə həsr etdi. Ancaq bir dəfə də olsun sınmadı. Bəzi bədxahlar, gözü götürməyənlər arxasınca “Kulaq oğlu” desələr də, ləyaqətini itirmədi, onların səviyyəsinə düşmədi.
Gedənlərinsə yeri dolurdu. Təkcə öz evində 3 oğlu, 4 qız böyüyürdü. Hamısı da Axundlu nəslinin adına, sanına, şanına layiq cavanlar. Təsəlli təkcə bunlar deyildi. Möhsün müəllim 1963-cü ildə 53 yaşında bu keşməkeşli, əzablı dünyaya əbədi göz yumanda artıq dərs dediyi, təlim-tərbiyə verdiyi neçə-neçə şagirdinin səsi-sorağı çox yüksəklərdən gəlirdi. Ancaq, onda hələ bilmirdi ki, ömrünün bir çox ilini keçirdiyi A.S.Puşkin adına orta məktəbin yetirdiyi professorlar, şairlər, siyasi xadimlər arasında onun şagirdləri hamıdan çoxdur. İndi o şagirlərin hamısı qocalsalar da özləri yenə Möhsün müəllimin şagirdləri hesab edirdilər.
Ruhun şad olsun böyük insan, gözəl müəllim. Qoyub getdiyin Axundlular nəsli qol-qanad atmış, böyümüş, övladlarının, saysız nəvə-nəticələrinin hamısı sənə layiq insanlar olmuşlar. Yeddi övladının hamısı-Həmayıl, Firuddin, Mülayim, Mücaməddin, Nizaməddin, Nailə və Mələk ali təhsil almış, vətənə gərəkli insanlar olmuşlar.
Hər bir övladın indi bir nəslin dayağıdır, ağsaqqalıdır. Qızların da uzun illər sizin kimi müəllim adını uca tutmuş, vətənpərvər insanlar yetişdirmişlər.
Nəslin ağsaqqalı Mücaməddin Axundov uzun illərdir ki, böyük bir təşkilata rəhbərlik edir. Rayonun sayılıb-seçilən ziyalılarındandır. İxtisasca müəllim olmasa da Tovuzda hamı ona müəllim deyə müraciət edir. O, da bu adı şərəflə daşımağa çalışır. Atası Möhsün müəllim kimi. Bu yazını Z.Zeynalovun sözləri ilə bitirmək istəyirik:
“…Ancaq Puşkin məktəbində, rayon ziyalıları içərisində Möhsün Həmid oğlu Axundov kimi şəxsiyyətlərin yeri görünür. Bu gün də elə bütöv şəxsiyyətlərə, xalq hikmətini özündə yaşadan Müəllimə çox böyük ehtiyacımız vardır”.
Çingiz Qəribli
Ramiz Çıraqlı