Ev Cəmiyyət

Vidadi Əhmədov: “Futbolla əlaqədar bütün inqilablar Tovuzda olub”..

PAY
Vidadi Əhmədov Tovuz Futbol

Qafqazın Tovuzdakı “Ayaks”ı geri dönür

Tovuzda futbol akademiyası yaradılacaq. Bununla bağlı AFFA İcraiyyə Komitəsinin martın 4-də keçirilən yığıncağında qərar qəbul edilib. Bu barədə mətbuata AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O, may ayına qədər layihənin hazır ola biləcəyini vurğulayıb.

Yerli futbolçular yetişdirmək baxımından Qafqazın “Ayaks”ı adlandırılan Tovuzun “Turan” klubunun qurucusu, fəxri prezidenti Vidadi Əhmədovla Azərbaycan futbolu ilə bağlı bu və ya digər məsələləri dəyərləndirdik.

– Vidadi bəy, AFFA-nın bu qərarı ilə bağlı nə deyə bilərsiniz? Niyə məhz Tovuz?

– Bu qərarı çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu qərar Tovuz futbol məktəbinin və ümumilikdə Azərbaycan futbolunun inkişafına çox fayda verəcək. Yəqin ki, AFFA rəhbərliyi bunları düşünərək futbol akademiyasının Tovuzda yaradılmasına qərar verib. Tovuzda yüz illərlə futbol olub. Tovuz futbol ictimaiyyəti adından AFFA rəhbərliyinə bu qərarla əlaqədar öz dərin təşəkkürümü çatdırmaq istəyirəm.

– Tovuz futbol məktəbi bundan sonra Azərbaycan futboluna nələr verəcək?

– Bunu zaman göstərəcək. Düşünürəm ki, ciddi faydalar verə biləcəyik. Hazırda kənardan seyrçiyəm. Amma yeri gələndə Tovuzun futbolu ilə əlaqədar müxtəlif xahişləri ayrı-ayrı şəxslərə çatdırmışam, fikirlərimi söyləmişəm. Bəzi şəxslərin bu futbol məktəbinə cəlb olunmalarında, köməklik göstərmələrində əlimizdən gələni etmişik.

– İki il öncə “Turan” Azərbaycan Premyer Liqasına geri döndü. Lakin maliyyə ucbatından əsas liqada oynaya bilmədi. Həmin vaxt klubu heçmi xilas etmək mümkün deyildi?

– Yüksək liqada iştirak üçün müxtəlif tələblər lazımdır. “Turan” isə həmin ərəfədə o tələbləri yerinə yetirmək iqtidarında deyildi. Düşünürəm ki, AFFA həmin vaxt çox düzgün qərar qəbul edib, “Turan”ın əsas liqada iştirakını təmin etmədi. Çünki klub iştirak edib sonradan çıxışını davam etdirməyə də bilərdi. O zaman “Turan”ın gücü birinci liqaya yüksəlməyə yetdi. Əsas maliyyə səbəbindən iştirak edə bilmədik. Maliyyə olsaydı tələbləri yerinə yetirmək çətin olmazdı.

– Tovuz futbol məktəbinin ənənələri barədə də oxucularımızı tanış edərdiniz…

– Tovuzda futbol hələ Çar Rusiyası dövründə belə olub. Hər zaman Tovuz Azərbaycan futbolunda öndə gedib. Futbolla əlaqədar bütün inqilablar Tovuzda olub. Ötən əsrin 20-ci illərində başqa ölkədən hakim gəlib və burada oyun idarə edib. 40-50-ci illərdə “Neftçi”də Tovuzdan olan futbolçular da iştirak edib. Sonradan “Turan” klubu yaradıldı və Azərbaycanı ilk dəfə UEFA-da təmsil etdi. Ölkəmizdə ilk peşəkar klub da “Turan”dır. Çox sağ olsun ki, AFFA rəhbərliyi belə bir qərar qəbul edib. Tovuzda hər zaman futbol məktəbi olub, hər zaman futbolçu yetişdirilib. Hazırda maliyyə sıxıntısı olsa belə baxırsan ki, Tovuzdan futbolçular yetişir. Hazırda ölkənin bir sıra klublarında Tovuzdan olan oyunçular iştirak edirlər. Bu gün Avropada azərbaycanlı futbolçular yox dərəcəsindədir. İnşallah, bundan sonra Avropaya da qapılar açılar, Tovuzun yetirmələri xarici klublarda iştirak edərlər.

– Qafqazın “Ayaks”ı bundan sonra yerli futbolçulara, yoxsa legionerlərə üstünlük verəcək?

– Əslində legionerlər lazımdır. Hələ mən “Turan”ın prezidenti olanda ilk dəfə xaricdən məşqçi, legioner gətirdik. Legionerlər elə olmalıdırlar ki, bizimkilərdən üstün olsunlar. Öz futbolçularımızın onlardan nələrsə öyrənmələri baxımından da bu vacibdir. Ona görə legionerlər də vacibdir. Amma hesab edirəm ki, legionerlər klubda 2 və ya 3-dən artıq olmamalıdır. Lakin o da bir reallıqdır ki, maliyyə yüksək olanda klub qarşısına daha çox hədəflər qoyur və bunu reallaşdırmaq üçün kluba futbolçular gətirir. Bu zaman yerli və ya xarici oyunçulara o qədər ciddi önəm vermir. Bu günləri “Turan”ın o maliyyəsi yoxdur ki, legionerlər gətirsin. Əsas liqaya qayıtdıqdan sonra bəlkə nələrsə ola bilər. Klub rəhbərliyindən çox şey asılıdır.

– “Turan” əsas liqada oynamaq üçün rəsmi müraciət edib. Növbəti sezonda klubu Premyer Liqada görə biləcəyik?

– Bunu zaman göstərəcək. Tələblər yerinə yetirilsə, düşünürəm ki, AFFA iştirakımızı təmin edə bilər. O tələbləri yerinə yetirə bilməsək, demək, hələ gözləməli olacağıq.

– “Turan”ın tarixi barədə məlumat versəniz maraqlı olardı…

– Klub 1992-ci ildə təsis olunub. O zaman müharibə gedirdi. Hər kəs Tovuzun müdafiəsi barədə düşünürdü. Bir rayonu ki, insanlar tərk etdilər, o rayon işğal təhlükəsi ilə üz-üzə qalır. Sona qədər rayonumuzu müdafiə etməyi qarşımıza məqsəd qoymuşduq. Müharibə vaxtı ən çox “Turan”ı onun üçün yaratdıq ki, insanlar rayonun yaşadığını görsünlər. Bu, sərhədlərimizin müdafiəsinə çox müsbət təsir göstərdi. “Turan” yarandığı illərdən yüksək yerlər uğrunda mübarizə aparıb. 1993-94-cü ildə ölkə çempionu olub. Həmin vaxt ölkəmizi ilk dəfə Avropada təmsil etdi.

– Səhv etmirəmsə, “Turan” artıq 8 ildir əsas liqada mübarizə aparmır. Bu illər ərzində Azərbaycan futbolu və komanda nələr itirdi?

– Uşaq futbolunun inkişafı klubun yüksək liqada iştirakına çox müsbət təsir edir. “Turan” klubu yarandığı zamandan onun nəzdində futbol məktəbi də var idi. Bunun kluba çox böyük təsiri var idi. Bildiyim qədəri ilə hazırda “Turan”ın futbol məktəbinin uşaqları çox zəif iştirak edirlər. Başqa klublar “Turan” futbol məktəbinin uşaqlarını aparırlar. Komanda güclülər dəstəsində oynayanda, azyaşlı futbolçu düşünür ki, gələcəkdə öz klubunda oynayacaq. Ona görə də kənara getmir. Amma bir halda görəndə ki, klub güclülər dəstəsində deyil, o zaman uşağın valideyni övladının gələcəyini düşünüb onu başqa kluba dəyişir.

– Azərbaycan futbolunun  bugünkü durumu barədə nə deyə bilərsiniz?

– Hazırda Azərbaycan futbolundan tamam kənardayam. Amma eşitdiyim qədər uşaq futbol məktəblərinə ciddi önəm verilməyə başlanıb. Bunlar davam edərsə, gələcəkdə müəyyən müsbət nəticələr əldə etmək olar. 2007-ci ildən etibarən Azərbaycan futbolundan tamam kənardayam. Belə müsbət addımların atıldığını görəndə ümidlənməyə dəyər.

– Azərbaycan milli komandası barədə nə deyə bilərsiniz?

– Futbol komanda oyunudur. Millinin çıxışına hər bir amilin təsiri olur. Yığma komandada oyunçu yetişdirilmir, sadəcə olaraq taktiki göstərişlər verilir. Milli ilə əlaqədar nəsə fikirlər söyləmək mənim üçün çətindir. Amma oyunlara baxanda görürəm ki, futbolçularımız bəzi hallarda əzmkar oynayıb yaxşı təsir bağışlayırlar, bəzən də zəif çıxış edirlər. Bunun nə ilə əlaqədar olduğunu deyə bilmərəm. Yəqin ki, komandadaxili baş verənlər bu cür vəziyyət yaradır. Hesab edirəm ki, komanda bəzi hallarda gücündən çox aşağı səviyyədə çıxış edir. Mətbəxin içərisində olmadığım üçün futbolumuzda hansı problemlərin olduğunu deyə bilmərəm.

– Əvvəllər klublarımızın maliyyəsi az idi, amma çempionatda sayca daha çox komanda çıxış edirdi. Lakin son zamanlar maliyyə yüksək olmasına baxmayaraq, əsas liqada iştirak edən klublar azdır. Səbəb nədir?

– Maliyyə az olan vaxt klublar qarşısında bugünkü tələblər yox idi. UEFA tərəfindən ciddi tələblər qoyulub. Qoyulan tələbləri yerinə yetirmədikləri üçün klublar çempionatda azdır. Burada AFFA rəhbərliyini günahlandırmaq olmaz. AFFA istəyir ki, futbol daha da inkişaf etsin. Klublar tələbləri yerinə yetirə bilməyəndən sonra AFFA nə etsin?

– 8 klubun mübarizə apardığı çempionat acınacaqlı deyilmi?

– Elə ölkələr var ki, daxili çempionatları belə yoxdur. Lakin həmin ölkələrin milli komandaları olur. Elə dövlətlər də var ki, 1-2 klubları var. Belə ölkələrin millilərinin  bəzən güclü çıxışlarının şahidi oluruq. Doğrudur, klubların sayının çoxluğu ancaq müsbət təsirlər edir. Təsəvvür edin ki, Azərbaycanda demək olar əksər klublar Bakıdadır. Meydanlara azarkeş axını yoxdur. Amma rayonlarda belə deyildi. Oyunlar olan zaman stadionlar daim dolu olurdu. Azarkeş 12-ci oyunçudur. Futbol kralı Pele deyib ki, futbolu 12 adam oynayır. Bakıda 12-ci oyunçu olmasa da, rayonlarda var. Çalışmaq lazımdır ki, rayonlarda komandalar olsun. Diqqətləri bölgələrə yönləndirmək lazımdır.

– Təsəvvür edin ki, çempionatımızda iştirak edən 8 klubdan yalnız “Qəbələ” əyalət təmsilçisidir. Buna çempionat demək olarmı?

– 8 komandanı yığıb Bakıya gətirmək nəyə lazımdır? Qəbələlilər məndən inciməsinlər. Hər bir ölkənin xüsusi bir ənənəsi var. Tarix boyu Qəbələdə demək olar futbol olmayıb. Futbol hər zaman Tovuzda, Gəncədə, Zaqatalada, Qubada, Lənkəranda, Mingəçevirdə olub. Qəbələdəki azarkeş axını bu rayonlardakı qədər ola bilməz.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

PAY