Ev Cəmiyyət

Tovuzda kartof səpininə start verildi

PAY

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin müəyəyn etdiyi strateji hədəflərdən biri də kartofçuluğun inkişafı, təzə kartof istehsalının artırılmasının dəstəklənməsi, həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsidir.

Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə uyğun olaraq Tovuz rayonunda kartof istehsalı üçün əlverişli ərazilər müəyyənləşdirilmiş, bu sahədə ixtisaslaşmış fermerlər qrupu yaranmış, müasir texnologiyaların tətbiqinə başlanmış və faraş kartofçuluğun inkişafına maraq artmışdır. Kartofçuluq Tovuz rayonu üzrə ənənəvi sahədir və rayonun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Keçən il rayonda 6748,7 hektar sahədə kartof əkilmiş, 174453,5 ton məhsul istehsal edilmişdir. Orta hesabla hər hektardan 258,5 sentner məhsul götürülmüşdür.

Rayonun təsərrüfatlarında artıq kartof səpininə başlanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Dönük Qırıqlı və Əyyublu kəndlərində olmuş, kartof sahələrində fermerlərlə görüşmüşdür. Kartof səpininin gedişi ilə yerində tanış olan rayon rəhbəri kartofçuluğun inkişafı ilə bağlı fermerlərlə söhbətlər aparmış, onları maraqlandıran sualları cavablandırmış, kartof əkininin müasir üsullarla təşkil olunması, innovativ tədbirlərin tətbiq olunması, aqrotexniki qaydalara riayət olunması barədə tövsiyələr vermişdir.

Kartofçuluqla məşğul olan fermerlərin dəstəklənməsi, onlara lazımi metodiki köməkliklərin göstərilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması, onların kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısından lazımınca yararlanması istiqamətində aidiyyətli qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

PAY