Ev Cəmiyyət

Tovuz Rayon İcra Hakimiyyəti yanında yaradılmış Gənclərin Məşvərət Şurasının onlayn görüşü keçirilmişdir

PAY

Tovuz rayon İH yanında yaradılmış Gənclərin Məşvərət Şurasının onlayn görüşü keçirilmişdir. Görüşdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Tovuz gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov və Tovuz Məşvərət Şurasının üzvləri  iştirak ediblər.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev tədbir iştirakçılarını salamlayıb və onların şəxsində Azərbaycan gəncliyinə ölkəmizin sürətli inkişafı naminə fəaliyyətlərində uğurlar diləyiblər.

M.Məmmədov çıxış edərək qeyd edib ki, Azərbaycan dövlətçiliyinin mühüm tərkib hissələrindən biri də dövlət gənclər siyasətidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, hümanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Hal-hazırda gənclərlə bağlı 2017-2021-ci illəri əhatə edən dövlət proqramı uğurla həyata keçirilməkdədir. Bundan başqa 2015–ci ildə  “Azərbaycan  Gənclərinin İnkişafı Strategiyası” qəbul olunmuşdur. Əsas məqsəd gənclərimizin potensialından ölkəmizin mənafeyi naminə istifadə etmək və fəal vətəndaşlıq mövqeyinə malik yeni nəsil formalaşdırmaqdır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən cox böyük uğurla davam etdirilməsi Azərbaycan gəncliyinin inkişafına sanballı təkan vermişdir. Məhz cənab Prezidentin rəhbərliyi və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə  həyata keçirilən davamlı tədbirlər, uğurla icra olunan layihələr gənclərimizin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.

Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onlarda Vətənə məhəbbət, dövlətçilimizə sədaqət hisslərinin  aşılanması öncə 2020-ci ilin iyul ayında düşmənin dövlət sərhəddinin Tovuz rayonu istiqamətində  yaratdığı təxribatın qarşısının alınmasında, bundan sonra isə 27 sentyabr tarixindən başlayan 44 günlük Vətən müharibəsində özünü tam sübut etdi.  Rəşadətli Azərbaycan Ordusunun sıralarında hərbi xidmət keçən gənclərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əzəli torpaqlarımızın işğaldan azad olunması və tarixi Qələbəmizin əldə olunmasında cəsurluq, igidlik və yenilməzlik nümunəsi göstərdilər. Azərbaycanın əldə etdiyi bu Zəfər tarixi müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı Azərbaycan Ordusunun adı ilə bağlıdır. Təbii ki, bu Qələbədə Azərbaycan Gəncliyinin xüsusi yeri və rolu vardır. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə şanlı Azərbaycan Ordusunun sıralarında tovuzlu gənclər də döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetiriblər.

Artıq bir ilə yaxındır ki, Gənclər Təşkilatları Milli Şurasının  rayon icra hakimiyyəti yanında Məşvərət Şurası yaradılmışdır. Qlobal pandemiya dövründə Məşvərət Şurası əsasən onlayn qaydada fəaliyyət göstərmiş, eyni zamanda rayon gəncləri arasında müəyyən maarifləndirici tədbirlər həyata keçirmişdir. Məşvərət Şurasının üzvlərinin təşəbbüsləri və təklifləri tərəfimizdən maraqla  izlənilir və bundan sonra da onların icra olunmasına lazımi dəstək göstəriləcəkdir.

Tədbir Məşvərət Şuarsı üzvlərinin çıxışları və müzakirələrlə davam etdirilib, müxtəlif təkliflər səslənib.

PAY