Ev Cəmiyyət

Tovuz rayonundakı “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib

PAY

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bu gün Tovuz rayonu ərazisindəki “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə keçirilən tədbirdə iştirak edərək hərbi hissənin əsgər və zabitlərini Novruz bayramı münasibətilə təbrik edib.

Hərbi hissənin şəxsi heyyəti qarşısında çıxış edən Məmməd Məmmədov qeyd edib ki, Novruz bayramı ənənələrinin qorunub saxlanılması milli-mənəvi dəyərlərimizə hörmət və sevginin təzahürüdür.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olaraq  ölkəmizdə Novruz ümumxalq və dövlət bayramı səviyyəsində qeyd edilir. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın apardığı uğurlu siyasət nəticəsində Novruz bayramı beynəlxalq səviyyədə tanınan bayrama çevrilmişdir.

Bu il bütün xalqımız kimi, Azərbaycan Ordusu da Novruz bayramını Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun yaratdığı yeni reallıqlar şəraitində qarşılayır. Bildiyiniz kimi böyük tarixi şəxsiyyət Heydər Əliyevin müstəqillik dövründə Azərbaycana rəhbərliyi dövründə Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordu quruculuğunu dinamik inkişaf etdirdi. İndi Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

Bunu keçən il sentyabr ayının 27-dən başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Xalqımızın  mübarizliyi və yeniməzliyi bir daha təsdiq olundu. Bütün dünya yumruq kimi Xalq — Ordu birliyinin şahidi oldu və bu birlik Böyük Qələbənin əldə olunmasında mühüm rol oynadı. Bu birliyin ilk təzahürlərini iyun ayının 12-dən başlayan düşmənin dövlət sərhəddinin Tovuz rayonu istiqamətində təxribatının qarşısının alınması zamanı gördük. Azərbaycan əsgərinin döyüş ruhu, peşəkarlığı və şücaəti bütün dünyanı heyrətləndirdi və düşməni yerlə-yeksan etdi. Bütün bunlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, müzəffər Sərkərdə cənab İlham Əliyevə və qüdrətli Azərbaycan ordusuna sonsuz minnətdarlığımızı bildiririk.

İnanırıq ki, siz Vətən qarşısında borcunuzu bundan sonra da şərəflə yerinə yetirəcəksiniz, hər an Vətənin müdafiəsinə, Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqsınız.

Bu bayram günlərində şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizə şəfa diləyirəm.

M.Məmmədov hərbi hissənin şəxsi heyyətini bir daha Novruz bayramı münasibətilə ürəkdən təbrik edib, onların hər birinə möhkəm cansağlığı, evlərinə ruzi-bərəkət və şərəfli xidmətlərində uğurlar arzulayıb.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub və onlara qiymətli hədiyyələr verilib.

PAY