Ev Cəmiyyət

Tovuzda şəhid Vüqar Hüseynovun xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib 2021-12-20

PAY

Tovuz rayonunun Aşağı Quşçu kəndində Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Vüqar İsmayıl oğlu Hüseynovun adını əbədiləşdirən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və Aşağı Quşçu kənd sakinləri iştirak ediblər.

Tədbirin əvvəlində torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edənlər Əli Əliyev, Etibar Vəliyev, İ.Bayramov adına  Aşağı Quşçu kənd ümumi orta məktəbinin direktor müavini Hafiz Namazov və Aşağı Quşçu kənd 2 saylı körpələr evi-uşaq bağçasının müdiri, şəhid anası Aytəkin İsmayılova Vətən müharibəsində Ordumuzun nümayış etdirdiyi qəhrəmanlıqlardan bəhs etmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışmış, Vüqar Hüseynov və onun kimi şəhidlərimizin şücaətlərindən söz açmışlar. Çıxışlarda Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirən şəhidlərimizin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağı vurğulanıb.

Sonda Aşağı Quşçu kənd məktəbinin şagirdləri Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

Qeyd edək ki, şəhid Vüqar Hüseynov 29 avqust 1970-ci ildə anadan olub. 1977-1987-ci illərdə Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. 1988-ci ildə hərbi xidmətə yollanan Vüqar Hüseynov 1993-cü ilin dekabr ayında Ağdam rayonunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Allah Şəhidlərimizə rəhmət eləsin.

PAY