Ev Cəmiyyət

Tovuzda Milli Qəhrəman Rafiq Alıcanovun xatirəsinə həsr olunmuş “Oğuz elinin qəhrəmanı” adlı filmin təqdimatı keçirilib

PAY

Tovuzda “Nizami” adına mədəniyyət evində Milli Qəhrəman Rafiq Alıcanoun xatirəsinə həsr olunmuş “Oğuz elinin qəhrəmanı” adlı filmin təqdimatı olub.

Tovuz keçirilən təqdimat mərasimində Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, məktəb direktorları, gənclər,  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmin nümayışından sonra rejissor Kəmalə Musazadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasının “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində 100-dən çox filmin çəkildiyini qeyd edib.

Belə filmlərin çəkilməsinə, xüsusilə də ona yaradılan şəraitə görə Mədəniyyət Nazirliyinin və “Salnaməfilm” studiyasının rəhbərliyinə minnətdarlığnı çatdırıb. Milli Qəhrəmanımız haqqında ürək sözlərini bölüşən K.Musazadə müəllifi olduğu filmdə də onun həyatını, keçdiyi şərəfli döyüş yolunu, Vətən olan bağlılığını, yurd, el-oba sevdalı olduğunu çatdırmağa çalışdığını qeyd edib.

Filmin 44 günlük Vətən müharibəsi ərəfəsində çəkildiyini bildirən müəllif əldə etdiyimiz şanlı Zəfərin həmin filmdə yer aldığını vurğulayıb. Milli Qəhrəmanın ailə üzvlərinin, yaxınlarının, doğmalarının, döyüş yoldaşlarının, sinif yoldaşlarının, müəllimlərinin Rafiq Alıcanov haqqında söylədikləri ürək sözlərinin, dəyərli fikirlərinin filmdə yer aldığını söyləyib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Ağstafa regional Mədəniyyət idarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Qasımov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin mətbuat katibi Novruz Hümbətov çıxışlarında qeyd ediblər ki, vətənpərvərlik mövzusunda filmlərin ərsəyə gəlməsində, xüsusilə də Milli Qəhrəmanlarımızın, şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında, gənclərin vətənpərvər ruhda böyüməsində, tərbiyə olunmasında bu cür filmlərin böyük rolu və əhəmiyyəti var.

Tədbirdə çıxış edən Qarabağ Müharibəsi veteranları, Milli Qəhrəman Rafiq Alıcanovun döyüş yoldaşları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, həmin Zəfəri bizlərə bəxş edən şəhidlərimizdən bugünkü qalibiyyətimizi onlara borclu olduğumuzu söz açıblar. Filmin ssenari müalifi və rejissoru  olan Kəmalə Musazadəyə rayon ictimaiyyəti adından minnətdarlıqlarını bildiriblər.

 

  Milli Qəhrəman Alıcanov Rafiq Cəfər oğlu
Kapitan Alıcanov Rafiq Cəfər oğlu 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır. 1988-ci ildə o, Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür. Ağstafa rayonunun Köçvəlili kəndində dəfn edilmişdir. Köçəvəlli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

 

 

PAY