Ev Cəmiyyət

Tovuzda 300-dən çox şəhidin fotosunun yer aldığı abidə ucaldılıb FOTO VİDEO

PAY

Tovuz, 26 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzun Şəhidlər xiyabanında quraşdırılan abidə üzərində 300-dən çox şəhidin adı və fotosu həkk edilib. Xiyabanı ziyarət edənlər bu abidə önündə ayaq saxlayır, qəhrəmanlarımızın fotolarına baxır, onların ruhuna dualar oxuyurlar.

AZƏRTAC xəbər verir ki, abidə üzərindəki fotolar qəhrəmanlarımızın şəhadətə ucalma tarixinin ardıcıllığı ilə vurulub. Birinci və İkinci Qarabağ müharibələri şəhidləri, eləcə də mülki şəhidlər haqqında məlumatlar burada əks olunub. 2011-ci ildə düşmən tərəfindən çayla axıdılan, içərisinə partladıcı qurğu yerləşdirilən oyuncağı götürüb oynadarkən partlayış nəticəsində şəhid olan Aygülün gülərüz siması şəhid qardaşlarının fotosu arasından diqqəti çəkir… İndi 12 yaşında şəhadətə ucalan bu qızcığazın da ruhu şaddır. Axı, onun da qisası alınıb, onun kimi yüzlərlə mülki şəhidimizin qanı yerdə qalmayıb.

İyul döyüşlərində yaşadığı evdən bir an belə ayrılmayan, elə evinin həyətində düşmən mərmisinin partlaması nəticəsində həlak olan Ağdam kəndinin 76 yaşlı sakini Əziz Əzizovun fotosu da burada yer alıb.

30 il əvvəl salınan Tovuzun Şəhidlər xiyabanında bu abidənin ucaldılması həm rayon sakinləri, həm də qonaqlar üçün önəmlidir. Bu məkana gələnlər rayonun bütün şəhidlərini ziyarət etmiş olurlar. Gələcək nəsillər, məktəblilər, gənclər bu qəhrəmanların keçdiyi döyüş yolunu öyrənməli, tanımalı, qəhrəmanlıqlarını özlərinə bir nümunə seçməlidirlər. Bu müqəddəs məkana ayaq basan hər bir vətəndaş qəlbində bu hissləri daşımalıdır.

 

 

PAY