Ev Cəmiyyət

«Tovuzda futbolun inkişafı üçün bir neçə təklif var» — Millət vəkili

PAY
Tovuz Arzu Nağıyev

«Turan Tovuz» klubu gələn mövsümdən Azərbaycan Premyer Liqasında çıxışına icazə verilib. Milli Məclisinin deputatı Arzu Nağıyev Tovuz futbolu üçün əhəmiyyətli olan bu qərarı şərh edib.

 Millət vəkilinin Fanat.Az-a müsahibəsini təqdim edirik:

— 9 illik fasilədən sonra «Turan Tovuz» yenidən Premyer Liqaya qayıtmaq şansı əldə edib. Duyğularınızı öyrənmək istərdim… 
— Tovuzda həmişə böyük futbol olub. Premyer Liqaya qayıtmaq isə bütün tovuzlular üçün böyük şərəfdir. Bu, eyni zamanda uşaq futbolunun inkişafına böyük xeyir verə bilər.

Özüm cənab prezidentin göstərişi ilə kəndlərdə aparılan futbolunun inkişafı ilə bağlı proqramların iştiraksıçıyam. AFFA nümayəndələri ilə birgə kənd-kənd gəzib uşaqlara toplar, futbolkalar paylamışıq. Bu gün uşaqlar da «Turan Tovuz» Premyer Liqaya qayıtdıqdan sonra futbolun daha da inkişaf edəcəyinə görə sevinclidir. Birinci Divizionda oynayanda stadiona bu qədər azarkeş yığılırdısa, bundan sonra daha çox tamaşaçı gələcək. Bu, özü böyük işdir. Tovuz klubunun fanatları da yenidən komandanın yanında olacaq. Bu istiqamətdə də çox ciddi addımlar atılacaq.

— Necə düşünürsünüz, «Keşlə»nin Şamaxıya köçməsi, Premyer Liqaya Tovuz və Gəncə, Birinci Diviziona isə İmişli, Mingəçevir və Naxçıvan klublarının gəlişinin ölkə futboluna hansı yöndə faydası olacaq? 
— Futbol yalnız Bakıda inkişaf etməməlidir. Tək Tovuzun futbol tarixinə nəzər salsaq, XX əsrin əvvəllərində «Rothe Fahne», müstəqillik dövründə «Məhsul», «Turan Tovuz» kimi klublar bu rayonunun futbol ənənəsinin nümunəsidir. Tovuzda çox futbolçular yetişib. Bütün regionlarda belə olub. Sadəcə, həmin futbolçular maliyyə məsələsinə görə Bakı klublarına keçiblər. Futbol rayonlarda, kəndlərdə inkişaf etməsə, bu vəziyyət ümumi Azərbaycan futbolunda inkişafı dayandıra bilər. Gəncənin, Tovuzun komandalarının Premyer Liqaya qayıtması çox mühüm məsələdir. İnkişaf, perspektiv üçün ən ciddi addımlardan biridir.

— Millət vəkili olaraq təmsil etdiyiniz rayonda futbolun inkişafı üçün hansısa planınız, təklifiniz varmı? 
— Tovuzda futbolun inkişafı üçün bir neçə təklif var. «Turan Tovuz»un Premyer Liqaya qayıdışı ilə bağlı ayın 17-də rayon rəhbərliyi ilə görüş keçiriləcək. Bildiyimə görə Premyer Liqada olmaq üçün komandaya illik ən azı 500 min manat pul ayrılmalıdır. Bu maliyyə dəstəyi olandan və yaxud səhmdar cəmiyyət yaranandan sonra inkişaf istiqamətində mühüm addımlar atıla bilər. Əsas məqamlardan biri isə odur ki, sponsorluq edən hər bir qurumun, şəxsin də öz imtiyazları olmalıdır. Çünki vergi imtiyazları təmin olunmalıdır ki, onların da kluba sponsorluq etməyə maraqları olsun. Eyni zamanda səhmdar cəmiyyət yaradılsa, yerinə düşər. Hansısa rayondan, şəhərdən Tovuz futboluna kimisə dəvət ediriksə, birmənalı şəkildə gəlib burada oynamağa marağı olmalıdır. Yəni həm maddi, həm mənəvi cəhətdən tam təmin olunmalıdır. Buna görə də bu gün Tovuzda futbol akademiyasının açılması, eyni zamanda stadionun yeni səviyyəyə çatdırılması təqdirəlayiq haldır. Lakin istər maddi, istər mənəvi, istərsə də digər istiqamətlərdə bu addımlar atılmalıdır. Çünki indiki durumda hansısa bir oyunçunu digər komandadan gətirib burada oynatmaq çətin olar. Onların maraqlarına cavab verən şərait yaradılmalıdır.

— Düzdür, millət vəkili futbol klubuna maddi dəstək ola bilməz, ancaq kluba sponsor cəlb edilməsi, və ya başqa yöndə köməyiniz dəyə bilərmi?
— Məlum məsələdir ki, mən böyük biznes sahibi deyiləm, ancaq təbliğat istiqamətində istənilən addımı atmalıyam. Kiməsə sponsorluq təklif edilirsə, əvəzində o şəxsə də müəyyən imtiyazlar verilməlidir. Mən və Tovuzu təmsil edən digər həmkarlarım bu işdə maraqlıyıq. Çünki bu, bizim adımızdır, bizim rayonumuzdur, idmanın inkişafıdır. Mən də millət vəkili olaraq sözümü deməyə hər zaman hazıram.

Özüm Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbini bitirmişəm. Mütəmadi olaraq o məktəbin bədən tərbiyəsi müəllimlərindən də maraqlanıram ki, nələr çatmır. Bu istiqamətdə də çalışıram ki, müəyyən köməkliklər göstərim.

Röya Kərimli

PAY