Ev Cəmiyyət

İnternet və mənəviyyat

PAY
Tovuz Arzu Nağıyev

Bu gün cəmiyyətdə sosial şəbəkələrdə yer alan söyüşlərə, təhqirlərə, nalayiq ifadələrə görə cəza nəzərdə tutulmasına münasibət birmənalı deyil. Sosial şəbəkə dedikdə, ilk növbədə, internet nəzərdə tutulur.
İnternet müasir zamanda demək olar ki, bütün dünyanı əhatə edən qlobal kompyuter şəbəkəsidir. İnternet vasitəsilə əlaqə yaradanlar real həyatları bu və ya digər səbəblərdən bir -birlərinə bağlı olan şəxslərdir. Həmin şəxslər üçün internet xüsusilə vacibdir. Bu insanlar öz ətraflarından fərqli olaraq interneti daha real bir dünya kimi qəbul edir və demək olar ki, onunla yaşayırlar.
İnternet şəbəkəsinə qoşulduqdan sonra insanların həyat tərzi həqiqətən də dəyişir. Onları digər insanlarla ayıran sərhədlər silinir, hamı ona yaxın olur. İnsan elm, texnologiya, fəlsəfə, idman, cinsi münasibətlərlə və s. bağlı məlumatlar əldə etmək imkanı qazanır. Həyat tərzinin bu formada dəyişməsi, eyni zamanda yeni etik normaların da əldə edilməsini vacib edir.
İnternet səhifələrindəki hər bir məlumata iştirakçıların şərh verməsi onların məsuliyyətini artırmalıdır.
Şəbəkələrdə məlumatlara, əsasən iki növ insanlar tərəfindən şərhlər verilir.

Birincilər interneti öz mənfi emosiyalarını cəmiyyətdə qəbul olunmayan bir tərzdə çatdırmaqla məşğul olan tərbiyəsizlər, ikincilər isə məqalədə göstərilən fikirləri araşdırdıqdan sonra öz fikirlərini müəllifə çatdlrmaq və onunla bölüşərək rəyini bilmək istəyənlərdir.

Yeniyetmələr üçün isə internet şəbəkəsi faydalı olduğu kimi, eyni zamanda mənfi hallarla dolu sərbəst bir məkandır. Artıq onlar canlı münasibətdən virtual əlaqəyə keçir, saatlarla, günlərlə, həftələrlə öz fikirlərini istədikləri dildə, forma və məzmunda çatdırmağı mümkün edən böyük bir texnikanın arxasında oturmaq imkanı əldə edirlər.

Mənəviyyat deyəndə nə başa düşülür? Ensiklopediya lüğətlərində bu, ictimai şüur və ictimai əlaqələrin bir növü olmaqla cəmiyyətdə qəbul olunmuş qaydalar vasitəsilə insanın öz hərəkətlərini tənzimlənməsi yollarının xüsusi bir formasıdır. Yəni, geniş formada mənəviyyat, cəmiyyətdə insanın özünü necə aparmasını tənzimləyir.

Sosial şəbəkələr bu gün Azərbaycanda əhalinin 65-70 faizini əhatə edir və bunun da öz müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, istənilən vaxt məlumat əldə etmək, yaxınlarla əlaqə, yeni tanışlıqlar yaratmaq, foto və video materiallarla mübadilə, ümumi maraq dairəli insanlarla münasibət yaratmaq imkanı əldə edilir. Mənfi cəhət odur ki, virtual münasibətlər insan həyatının real münasibətlərini sıxışdırırb aradan çıxarır.

Bütün bunlarla yanaşı isə internet aləmində mənəvi senzuranın, mənəvi-etik normaların yaradılmasına ehtiyac daima duyulur.
Bu problemdən çox danışmaq olar. Lakin əsas məsələ informasiya məkanında gənclərimizin mənəviyyatının qorunması və inkişafıdır. Amma bu işdə mövcud problemləri həll etmək üçün gənclərin özləri də fəal olmalıdırlar.

Bilik və savadı məlumata çevirmək üçün mənəviyyatı unutmaq olmaz. Bilik həmişə şəxsi amildir, münasibət üçün vasitədir. Məlumata çevirilmiş bilik isə onu istifadə edəcək adam üçün əhəmiyyət kəsb edən amilə çevirilir. Əlbəttə ki, real münasibət virtual əlaqələrdən daha vacib məsələdir, lakin bu gün gənc nəsil virtual ünsiyyətə daha çox meyllidir.

Bu gün mənəvi senzuranın tətbiqi cəmiyyətdə narahatlıq doğuran məsələ olsa da, bu senzuranın mexanizmi cəmiyyətin öz əlində olmalıdır. Bu gün hansısa suala cavab axtarmaqdansa, gənc nəslə informasiya texnologiyalarının mənəvi statusunun cəmiyyətə təsirinin məhz cəmiyyətin özündən asılı olduğunu göstərmək zəruridir.

Heç vaxt unutmaq olmaz ki, virtual şəbəkədə göndərilən hər bir məlumatı istər anonim, istərsə də açıq şəkildə alanlar adi insanlardır. Təsəvvür etmək lazımdır ki, bu sözləri onların üzünə utanmadan demək olar.

Ən başlıcası isə odur ki, virtual həyatda real həyatdakı mənəvi dəyərləri unutmaq olmaz. Virtual şəbəkədə insani münasibətlərdəki qanunları, mənəvi normaları pozmaq imkanından istifadə edənlər vicdanlarının təmiz olmaları haqqında da düşünməlidirlər.

PAY