Ev Tovuz xəbərləri

Şəmkir Olimpiya İdman Kompleksində final

PAY

Şəmkirdə 6-cı respublika oyunları çərçivəsində reallaşan əltopu növlərindən həndbol üzrə yarışın, nəhayət ki, final mərhələsi keçirilib. Olimpiya kompleksində baş tutan həlledici mərhələnin yekununda sevinən tərəf paytaxt təmsilçiləri olub. Qeyd edək ki, yarış 13-14 yaşlı oğlanlar arasında reallaşıb.

İdman məktəblərinin 6-cı respublika oyunlarına daxil olan əltopu növlərindən – həndbol üzrə oğlanlar arasında yarışın final mərhələsi baş tutub. Hər il ənənəvi olaraq təşkil olunan birinciliyin bu dəfə qalibi Bakı Təhsil Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Mərkəzinin Uşaq Gənclər İdman Məktəbi komandası olub. Ümumilikdə, 6-cı respublika oyunlarına daxil olan həndbol yarışının keçirilmə qaydasına nəzər yetirsək, birincilik əvvəlcə 2 zona — Astara və Tovuzda olmaq üzrə həyata keçirilib. Qərb bölgəsində keçirilən yarışda 8 – Gəncənin UGİM və TİM, Mingəçevir, Şəmkir, Ağstafa, Göygöl, Qazax və Tovuz komandaları iştirak edib. Cənub bölgəsində də eyni sayda 8 – Biləsuvar, Şirvan, Neftçala, İsmayıllı, Lənkəran, Astara, Cəlilabad və Masallı həndbolçuları iştirak edib. Bu 2 zonada keçirilən oyunların nəticəsindən sonra final mərhələsinə Gəncə, Mingəçevir, Ağstafa, Qazax, İsmayıllı və Şirvan komandaları yüksəlib. Bununla yanaşı, final mərhələsinə Bakı çempionatının 1 və 2-cisi də qatılıb. Bunlar Bakı Təhsil Respublika İxtisaslaşdırılmış və Nəsimi rayon Olimpiya Ehtiyatları Mərkəzinin Uşaq Gənclər İdman Məktəbi komandalarıdır. Final mərhələsi Şəmkir Olimpiya İdman Kompleksində həyata keçirilib. Sözügedən mərhələdə də adıçəkilən komandalar 2 yarımqrupa bölünərək dairəvi sistem üzrə bir daha qüvvələrini yoxlayıblar. Oyunlar 2 hissə olmaq üzrə hər biri 15 dəqiqədən ibarət olub. Yarışın keçirilməsində məqsəd, həndbol idman növünün populyarlığını daha da artırmaq, perspektivli idmançıları üzə çıxarmaq və bu idman növü ilə məşğul olan idmançılar arasında dostluq münasibətlərini möhkəmləndirməkdir. 2 gün davam edən yarımqrupun hər birindən 2 komanda – birinci qrupdan paytaxt təmsilçiləri, digərindən isə Gəncə ilə İsmayıllı kollektivləri yarımfinal mərhələsinə keçməyi bacarıb. Burada Bakı Təhsil komandası Gəncə yığmasından, Bakı Nəsimi isə İsmayıllı kollektivindən güclü olub. Beləliklə, yarışların ertəsi günü həndbolçular əvvəlcə 3-cü yerin sahibini müəyyənləşdiriblər. Belə ki, 3-cülük uğrunda gedən oyunda Gəncə yığması ilə İsmayıllı hənbolçuları qarşılaşıb və qərb təmsilçiləri əzmkarlıq nümayiş etdirərək görüşdən qalib ayrılıb. Və, nəhayət, həlledici görüş baş tutub. Burada isə, 2 paytaxt təmsilçisi — Bakı Təhsillə Nəsimi komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən görüşdən Bakı Təhsil komandası 11:8 hesabı ilə qalib ayrılaraq 6-cı respublika oyunlarına daxil olan həndbol yarışının çempionu adını qazanıb. Oyunların yekunundan və qaliblərin müəyyənləşməsindən sonra mükafatlandırma mərasimi təşkil olunub. Burada 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplomla təltif olunublar.

Vüqar Qarayev

Türkeltv.az

PAY