Ev Tovuz mətbəxi

Tovuz mətbəxi –Xəngəl

PAY

 

Əgər qoyun əti ilə bişirilirsəəti təmiz yuduqdan sonra sümüklə birgə xırda-xırda doğrayır və qazana tökürlər.Xörək mal ətindən bişəsidirsə, yumşaq ət sümüklərdən ayrılır.İri sümüklər qazandakı suya salınır. Ət isə ət çəkən maşının iri gözündən keçirildikdən sonra duzlanır, xırda küftələr tutularaq sümük olan qazana tökülür. Tez-tez kəfi alınır. Yaxşı bişdikdən sonra mal ətinin iri sümükləri qazandan çıxarılır. Ət bişənədək, ayrı qabda qızardılmış baş soğana pomidor və ya tomat töküb bir qədər qaynatdıqdan sonra ət qazanına boşaldırlar.

 

Bir dərin qaba ailə üzvlərinin sayından asılı olaraq un tökülür, bir az duz atılır, yumurta da vurula bilər, sonra bərk yoğrulur. Xəmir balaca kündələrə ayrılır. Kündələr 1 mm qalınlığında yayılır. Yayılan zaman yapışmaması üçün arasına un səpilir. Əgər xingal bişərsə, yayılmış yuxa oxlova dolanır və bıçaqla kəsilir. Sonra 1-1.5 sm böyüklükdə kvadrat şəklində doğranır. Əgər əriştə bişəsidirsə, yayılmış yuxanın arası yenidən unlanır, oxlava dolanmadan 4-5 sm eninə qatlandıqdan sonra bıçaqla nazik-nazik (1-1.5 mm enində) doğranıb səpilir. İstər doğranmış xingal, istərsə də əriştə ələkdən keçirilib unu çıxarıldıqdan sonra qazanda qaynayan ətli suya az-az tökülür və qarışdırılır ki, isti suda bir-birinə yapışmasın. Qazana sarıkök, istiot səpilir. Xəmir qazandakı suyun üzünə çıxanda demək xörək hazırdır. Yalnız bundan sonra qazana təmizlənib xırda doğranmış keşniş tökürlər.  Qazan götürülür və hazır xörək sup qabına boşaldılıb süfrəyə verilir. Əksər ailələrdə adətən xingalı sarmısaqlı qatıqla, əriştəni isə üzüm sirkəsi ilə yeyirlər.

 

Bu xörəklər toyuqla da bu qayda ilə bişirilir. Ətsiz bişirildikdə isə yağla soğanı çox götürmək lazımdır. Çox vaxt əriştə və xingala ət əvəzinə xırda lobya tökürlər. Buna xalq arasında tutmac deyirlər. Bunu da sarmısaqlı qatıqla yeyirlər. Kəndlərdə çox zaman qurud (qurudulmuş ayran) işlənir.

PAY