Ev Cəmiyyət

Güclü siyasət, yoxsa siyasətdə güc?!

PAY
Arzu Nağıyev

Arzu Nağıyev — Trend-in icmalçısı

Bir neçə gündür ki, yerli və xarici kütləvi informasiya vasitələrində Türkiyə və Almaniyada baş vermiş hadisələr işıqlandırılır, müxtəlif prizmadan yanaşılmaqla qiymətləndirilir. Əslində nə baş verir?

İstanbulda Taksim meydanında Gezi (Gəzinti) parkında inşa edilməsi nəzərdə tutulan böyük ticarət mərkəzinə görə çoxlu sayda ağacın kəsilməsinə etiraz əlməti olaraq əhalinin bir qismi oturaq aksiyalara başladı, polis isə etirazçılara qarşı gözyşardıcı qaz və su şırnağından istifadə edib.Bundan sonra polislə qarşıdurma yarandı.

Taksim etirazlarına dəstək olaraq ölkənin demək olar ki, bir çox böyük şəhərlərində etiraz aksiyaları keçirildi. Hadisə nəticəsində 12 nəfər yaralandı, 60-dan çox adam isə həbs edildi.

Almaniyada isə hökumətin və Avropa İttifaqının iqtisadi siyasətinə qarşı etiraz mitinqi keçirilmişdir. Keçirilən mitinqdə də polis yaşlı insanlara qarşı amansızlıqla rəftar etmişdir.

Hər iki hal vətəndaşların hiddətinə səbəb olmuş və demək olar ki, etiraz dalğaları bütün ölkəni bürümüşdür.

Ən maraqlısı odur ki, hər iki ölkənin iqtidar nümayəndələri hadisənin belə bir şəkil almasında müxalifəti günahlandırırlar.

Məsələnin siyasi tərəfini bir kənara qoyaq. Görəsən, polisin bu qədər qəddarlığına səbəb nədir? Yəni təqaüdçülərə və ya adi vətəndaşlara qarşı bu qədər güc tətbiq etmək iqtidar siyasətinin gücünümü əks etdirir, yoxsa sadəcə olaraq, hər hansı münaqişənin öz məcrasına yönəldilməsi üçün irəli çıxa biləcək bir məmur yoxdur?

Özünü demokratik dəyərlər və insan haqları carçısı hesab edən ölkələrdə kütləvi aksiya iştirakçılarına qarşı edilən bu hərəkətlər dünyada təəccüblə qarşılanır. Son zamanlar, ümüumiyyətlə Avropada polis nəzarəti təəssüf doğurur. Dünya ölkələrinə demokratiya ilə bağlı çağırışlar edən bir ölkədə sadə insanların hüquqlarının pozulması nədənsə çox sakit qarşılanır, dövlət isə bütün bunlara haqq qazandırmağa çalışır.

Türkiyədə isə, hər şeydən əlavə islam dini dəyərləri var, ona görə də insani münasibətlərin ən ali sayılması zəruri olmalıdır.

Geosiyasi baxımdan Türkiyə bu gün ən mühüm müttəfiqə çevirilmiş dövlət hesab olunduğu üçün, Amerika Birləşmiş Ştatları toqquşmalara münasibət bildirib və Dövlət Departamenti polisin aksiya iştirakçılarına qarşı hərəkətlərini pisləyib.

Bakıda da Türkiyə səfirliyi qarşısında gənclərin İstanbuldakı etirazlara dəstək aksiyası keçirildi. Aksiya iştirakçıları Ankaranın nümayişçilərə qarşı zorakılığını pisləyiblər.

Bir sözlə, indi yəqin ki, «demokratik» Qərb siyasətçiləri və hökumətləri Almaniyanı yalandan söyəcək, insan hüquqlarının və demokratiyanın tapdalanmasında ittiham edəcəklər. Lakin bizdə belə bir hadisə olsa idi, artıq çoxdan bəyanatlar verilmiş, sorğular göndərilmişdi.

İstər Türkiyədə, istərsə də Almaniyada polis qüvvələrinin hərəkətlərini pisləyən bəyanatlar verilməsə və birtərəfli mövqe tutulsa, bu, «demokratiyanın və azadlığın» bərpası üçün polisin istifadə edə biləcəyi metodlara bəraət qazandıran, «yaşıl işıq»lı bir dəstək kimi qəbul ediləcəkdir.

Bu isə çox qorxulu nəticələrə gətirib çıxara bilər. Deməli, güclü siyasət heç də siyasəti güclə yeritmək demək deyil…

PAY