Ev Cəmiyyət

Elman Tovuz – DƏRDİ OLAR ADAMIN, EYY..(şeirlər)

PAY
Tovuz Elman

Hörmətli dostumuz Elman Tovuzun http://kultur.az/?p=433  saytında çap olunmuş ,qəlbləri oxşayan şeir çələngini məmnuniyyətlə oxucularımıza təqdim edirik

DAHA

  Qartal baxışlarım ağırdan ağır,

 Hədəflər yayınır gözümdən daha.

 Dinəndə dilimdən yalvarış yağır,

 Qan iyi gəlməyir sözümdən daha.

 

 Hay vermir hayıma göylər mələyi,

 Ruhum – səksəkəli dağ kəpənəyi.

 Neynirəm bəsləyib mən bu ürəyi,

 Köz alan yoxdusa közümdən daha?!

 

 Arzular açmayır puçur, içimdə,

 Qurduğum qalalar uçur içimdə.

 Qalmışam günahın, suçun içində,

 Əllərim üzülmür üzümdən daha.

 

 Dərdi saman kimi doğrayan vəldim,

 Atımı bu yolda yorub dincəldim…

 Yoxsa, iraq olsun, gözəmi gəldim? —

 Söhbət açan da yox dözümdən daha.

 

 

 

Elmanam, gurladım yağa bilmədim,

 Əridim, zülməti boğa bilmədim.

 Dünyanı özümə yığa bilmədim,

 Çıxıb gedəcəyəm özümdən daha…

 

 

OLMUR

 

 “Yaxşını yamandan ayır!” – deyirlər,

 Yaxşını yamandan ayırmaq olmur.

 Acı dindirirsən, “toxam”,  — söyləyir,

 Toxun gözlərini doyurmaq olmur.

Bulaqlar torpaqdan umur suyunu,

 Torpağa bulaşan suda yuyunu…

 Fələk belə yerdə qazır quyunu,

 Ağlın qılıncını sıyırmaq olmur.

 

 

Ay Elman, zamana yox etibarın,

 Zəhər də verirmiş bal verən arın.

 Dünən dörd yanında dolananların

 Bu gün birini də buyurmaq olmur…

 

DƏRDİ OLAR ADAMIN, EYY..

Mən ayrıyam, sənə baxma,

 Adamlıya “pis” adamam…

 Dərdimi bilməyə qalxma,

 Mən bir az xəsis adamam.

Acam ac olan adama,

 İşi yox ki, toxun mənnən!

 Toy tutur yalan adama —

 Oynamır ha çoxu mənnən…

 

 

Hamı mən deyiləm, a bəy,

 Məndən də heç hamı olmaz.

 Dərdi olar adamın, eyy…

 Adamın adamı olmaz!

 


* * *

 

 Azdı sevdiyini gətirmək dilə,
Gərəkdir – könüllər çıxa görüşə!
Mənə can atmağa tələsmə belə,
Birdən tutammaram can yerə düşər…

Biz belə gedişlə görüşək, çətin!
Sən də yagecikər, ya tələsərsən.
Ayağın ağırdı, yerişin iti,
Bir azca yavaş ol, yolu kəsərsən…

Həsrəti çəkməyə usta oluruq,

 Vüsala bir yerdə gör düşəcəyik?!

 Harda olmasaq da, yasda oluruq, —

 Ümidlər öləndə görüşəcəyik…

 

 

OLUNCA

 

 Ürək yanar, bilən olmaz,

 Kipriklərin nəm olunca.

 Harayına gələn olmaz,

 Zilin dönüb bəm olunca.

 

 

Can dediyin gendən keçər,

 Dara düşsə səndən keçər.

 Keçən – ömür-gündən keçər,

 Ağıl başda cəm olunca.

Nə qanadsız quş olasan,

 Nə də könlü çaş olasan.

 Elman, dönüb daş olasan,

 Qurda-quşa yem olunca.

ƏTƏYİNİ ÇƏK ÜSTÜMDƏN

 

Niyə dünya dağılmadı

 Dünyaya gəldiyim yerdə?

 Bilirəm nəyi bilmirəm,

 Bilmirəm bildiyim yerdə.

 

 

Dərd əlindən can ağlayır,

 Yaxın susur, yan ağlayır.

 Ürəyim də qan ağlayır,

 Ürəksiz güldüyüm yerdə.

 

 Bu qarğışı tök üstümdən, —

 Keçir rüzgartək üstümdən.

 Ətəyini çək üstümdən,

 Qoy ölüm öldüyüm yerdə…

 


PAY