Ev Cəmiyyət

Tovuzun ilk diplomlu rəssamı…(VİDEO)

PAY
Tovuz Şirzad Zamanov

Rəssamlıq hər kəsə maraqlı, lakin hər kəsin bacarmadığı sənətdir. 60 ildən çoxdur ki, bu  sənətlə məşğul olan Şirzad Zamanov deyir ki, əsas cizgiləri olduğu kimi yerində əks etdirmək deyil. Elə isə əsas nədir? Növbəti reportajı izləyək.

Şirzad Zamanov 1941-ci ildə Tovuzda doğulub. Qəribəliklərlə dolu bir həyatı olub. Rəssamlığa gəlməsi də çox maraqlıdır.

RƏSSAM ŞİRZAD ZAMANOV: “Mən dördüncü sinifdən, beşinci sinifə keçəndə müəlliməm illik xarakteriztika yerinə yazmışdı ki, rəssamlıq qabiliyyəti var. O vaxtan başladım şəkil çəkməyə. Hərdən olurdu ki, imla dəftərinə yazı əvəzinə müəlliməmin şəklini çəkirdim.”

Məktəb illərində buna görə təqdir olunmasa da o, rəssam olmağa qərar verir. Həmin dövrdə Tovuzda bu sənətə maraq olmadığına görə öyrənmək elə də asan olmayıb.

RƏSSAM ŞİRZAD ZAMANOV: “Bura gürcülər gəlmişdi, rəssamlar. Dərsdən sonra gedirdim onların yanına kömək eləyirdim, əllərinə baxırdım. Üç il getdim onların yanına və rəngləri öyrəndim.”

Qəhramanım daha sonra təhsilini davam etdirmək üçün iki il ard-arda Rəssamlıq Texnikumuna sənəd verir. Amma deyir ki, qəbul olmaq o vaxt indiki kimi asan deyildi. Kimin adamı var idisə onu götürürdülər. Lakin tale onu yaxşı adamlarla qarşılaşdırır.

RƏSSAM ŞİRZAD ZAMANOV: “Çıxdım yuxarı. Rəhmətlik Niyazi dedi ki, bu sənin işindi. Dedim ki, hə. Dedi ki, haranı qurtarmısan dedim heç yeri. 2 ildir gedirəm konkursa salırlar. Deyəndə Niyazi, balaca da adam idi dedi ki, Vəli Yusifoviç görürsüz vicdansızları.”

Beləliklə Şirzad Zamanov Maestronun sayəsində texnikuma qəbul edilir. Və beləcə o Tovuzun ilk diplomlu rəssamı olur. Artıq 65 ilə yaxındır ki, rəsm çəkir. Emalatxanasındakı əl işləri arasında peyzaja və portretə daha çox rast gəldik. Qocaman rəssam deyir ki, əsas naturanı olduğu kimi əks etdirmək deyil.

RƏSSAM ŞİRZAD ZAMANOV: “Portretdə düzdür oxşarlıq şərtdir. Amma əsas xarakteri verməkdir. Baxıcı portreti görəndə həmin adamın nə xarakterdə olduğunu bilməlidir. Rəssamın nə demək istədiyini anlamalıdır.”

73 illik ömründə xeyli uğur qazanan qocaman rəssamın indi bir arzusu var. Deyir ki, 20 Yanvar faciəsində azadlığımız üçün canını fəda edən İlham və Fərizənin kompozisiyasını çəkmək istəyirəm. Rəssam həmin kompozisiyada sinəsinə oğlu ilə gəlininin şəklini basaraq  insan izdihamının önündə gedən ananı əks etdirmək istəyir. Həmin ananın adı Azərbaycandır.

NİCAT ABDULLAYEV (ttv.az)

 

PAY