Ev Cəmiyyət

Aşıq Əli : «Gördüm Nəsimini edama aparırıar»…

PAY
Tovuz Aşıq Əli

Həmyerlimiz Murad Köhnəqalanın ustad aşıqlarımızdan olan Aşıq Əli ilə dərdləşməsini sizə təqdim edirik…

Tovuz Aşıq Əli

Türk dünyasının ünlü sənətkarı Aşıq Əlini Bakı şəhərində görməyə öyrəşmişdik.

Yaxınlarda təsadüfən rayonda görüşdüm, bu dəfə onunla saytımız üçün dərdləşməyi planlaşdırdıq.

Zəngləşdik. Aşıq dedi, yaxşısı budu, gəl bizə, “Ətlaz büvü”nün (Atlas bibinin) də boynuna qoymuşam, hərəmizə bir sini beçəli xəngəl hazırlayacaq.

Bizi aşığın Əlimərdanlı kəndindəki evində həyat yoldaşı Atlas xanım qarşıladı. İçəri  keçməzdən qabaq aşıqla həyətdə gəlmişdən-getmişdən xeyli söhbət elədik. Qapıdakı qoca tut ağacını göstərib dedi, bu ağacın dibində kimlərlə məclis qurmamışıq?

Bakıdakı vəziyyətdən danışanda dedi, uşaqlarımı bir papaq altına yığıb gəldim.

Şəhər çox yordu məni.  Dedim, Bakı, bir də sənin qoynuna Allah bilir havax gələcəm. Ətlaz büvünü də yanıma alıb gəlmişəm. Şadlıq saraylarında çalıb-oxumaq mənlik deyil. Bakıda sonuncu dəfə bir toyda oldum, dedilər, otur, növbəni gözlə, çağıranda gəlib havanı oxuyarsan. Dedim, a bala, mən təlim heyvanı deyiləm ki, çağıranda gələm. Elə o gündən sonra hay-küylü toylara getməyi özümə qadağa eləmişəm. İndi, söz qanan beş-üç nəfər məclis qurub çağıranda gedirəm. Bakıda maşın da sürə bilmirdim, əsəblərim dözmürdü artıq. Nə isə, gəl, qanqaraldan söhbətlərdən qaçaq, elə bu tut ağacının dibindən sənə bir əhvalat danışım. Burda dədəmin iri bir taxtı vardı, kişi yayda da, görərdin çöldə, taxtın üstündə yatır. Hə, aşıq Ədalətlə möhkəm dost olan vaxtlarımızdı. Ədalətin yanında bir müddət şagird olsam da, sonralar tay-tuş kimi dostluq eləyirdik. Şərt kəsmişdik, mən Qazaxa gedəndə mütləq onu tapmalıydım, o da Tovuza gələndə birinci məni axtarmalı idi. Bir gün Ədalət Tovuza gələndə maşını küçədə saxlayıb içəri, bizim həyətə girir. Anam rəhmətlik də taxtın üstündə oturub tikmə tikirmiş. Ədaləti bilmirsənmi, hay-küynən içəri təpilir. Anam da yaman ötkəm adam idi, yeddi sözün birinə cavab verərdi. Ədalət baxır ki, anam heç başını da qaldırmadı, tez mənim yerimi öyrənmək üçün arvadın qılığına girir. Bıy, hər vaxtın xeyir, ay anam, nətərisən, canın-başın yaxşıdımı? Bə, mənim qardaşım Əli hardadı?

Arvad buna bir tərs baxıb cavab vermir. Ədalət fikirləşir ki, yəqin arvad bunu tanımadı. Təzədən bağıra-bağıra deyir, ay ana, mənəm danaa, Ədalətəm, tanımadınmı? Qadan alım sənin ay ana, Ədalət Nəsibovam eey, radioda-zadda eşitmiş olarsan, Əli hardadı? Arvad yenə dillənmir. Ədalət təzədən coşur, ay ana, yadında döyülmü, Əlinin toyunu bax, bu həyətdə eləmişdik, mağar da burdan oraya qurulmuşdu, indi də tanımadınmı? Anam bu dəfə başını tikmədən qaldırıb deyir:

”A bala, hardan tanıyım, gündə bu öyə sənin kimi yüz sarsax gəlif-geder”.

Bu əhvalatı sonralar Ədalətin özü mənə danışırdı, deyir, arvad o sözü deyən kimi qapıdan hancarı çıxdımsa…

Tovuz Aşıq Əli

Mən aşıq Ədalətin cavan, çılğın vaxtını təsəvvür eləyib, qoca arvadın onunla məzələnməsini gözümün önünə gətirərək gülməkdən qəşş elədim. Aşıq da təzədən mənə qoşulub uğunub getdi.

Soruşuram:

— Ustad, bəs, ilk dəfə kimə şagirdlik eləmisiniz?

— Mən səkkiz yaşımdan saz çalmağa başlamışam. Atam behiştlik gördü ki, aşıqlığa meyilliyəm, məni sizin kəndçi köhnəqalalı Aşıq Səmədə şagird verdi.

— Necə verdi, necə danışdı, yadınızdadımı?

— Yadına gələr, Qara Səməd deyərdilər, zil səsi vardı, dastanı, əhvalatı çox şirin danışardı. Aşıq Səməd atamın bəyəndiyi aşıqlardan idi, şəxsi tanışlıqları da vardı. Onda mən on iki yaşında yeniyetmə bir uşaq idim, getdik Köhnəqalaya. Aşıq mənim saz çalmağımı dinləyib şagird götürməyə razılaşdı. Sonra atam ona bir xaral buğda, bir dənə də iri toğlu verdi. Qızıl buğda deyirdilər o vaxt, iri dənli qırmızı buğdalar olurdu, bax, ondan vermişdi. Sonralar da həmişə aşığın pay-sovqatını göndərirdi.

— Bəs neçə il şagirdlik elədiniz?

— Üç il. Təsəvvür elə, on iki yaşlı bir uşaq olasan. Aşıqlığa marağım o dərəcədə idi, hər dəfə Qovlardan sizin kəndə piyada gedirdim. Bu arada işləyən bir avtobus vardı, səhər tezdən Tovuzdan Qovlara gedər, axşam da geri qayıdardı. Mən də səhər tezdən özümü rayona çatdırmalı, Qovlara qədər avtobusla getməli, ordan Köhnəqalaya səkkiz kilometr yolu isə piyada. O vaxtlar həmin yollarda taxıl əkilirdi, hər cür vəhşi heyvana rast gəlmək olardı. On iki yaşım olmasına baxmayaraq sənətə sevgim bütün qorxuları üstələyirdi. Beləcə, üç il Qara Səmədə şagirdlik elədim.

Sonralar da Ədalətin yanına getmisiniz.

— Hə, Ədalət böyük sənətkardı, ona da şagirdlik eləmişəm, ancaq çox az, hardasa səkkiz-on ay. Artıq özümü yetkin aşıq sayırdım, toylara çıxırdım, Ədalətlə toy aparırdım.

Siz Aşıq Xanlarla da uşaqlıq dostu olmusunuz.

— Aşıq Xanlarla, qapıbir qonşu olmuşuq, demək olar, eyni yaşda əlimizə saz götürmüşük. İkimiz də uşaq idik, yaşlı adamlar bizi çağırıb saz çaldırırdılar. Xanlar həmişə sazda yeniliyə meyl eləyib, ancaq mən klassik formaya sadiq qalmağa üstünlük vermişəm. Aramızda heç vaxt təkəbbürlü münasibət olmayıb, həmişə biri-birimizi hörmətlə anmışıq. Mən saz çalanda Xanlar gəlib sazımı öpüb, Xanlar saza sarılanda mən onun sazını öpmüşəm.

Siz həm də şeir yazırsınız.

— Əmi, (bizim tərəflərdə yaşca özündən kiçiyə də hörmət mənasında belə müraciət edə bilirlər), şeir də bir bəladı keçib boğazımıza. Heç vaxt şeir yazmaq haqda düşünməmişəm. Bir dəfə Tufarqanlı Abbasın qoşmasının bir bəndini unutmuşdum, yatdım, həmin bəndi yuxuda dedilər mənə. Günlərin bir günü də yuxuda öz-özümə bir şeir dedim. Oyandım ki, yuxuda dediyim elə öz şeirimdi. Ondan sonra şeir yazmağa başladım. Dərdimi Sinədəftər Səlimə söylədim.  O da, sən yaxşı tanıyırdın, şeir aləmini mükəmməl bilən idi, bir-ikisini məcbur dedirtdi mənə. Üzə çıxartmağa utanırdım. Səlim müəllim şeirlərimi çox bəyəndi, ondan sonra ürəklənib yavaş-yavaş aşkarda deməyə başladım.

— Hə, Səlim müəllimin həm də möcüzəli yaddaşı vardı, təkcə müasir şeirləri yox ee, klassikanı əzbər bilirdi. Əzbərdən deyib xırdalayırdı. Sabirin “Hophopnamə”sini, Cavidin “İblis”ini başdan ayağa əzbər bilirdi. Hələ Hadini! Hadinin nəyi var Səlim müəllimin əzbərində idi. Yadındadımı, Səlim buralarda söhbət eləməyə adam tapmırdı, ona görə səhər tezdən Qazax-Gəncə elektrik qatarına minib Gəncəyə, füzulişünas Sabir Əliyevlə dərdləşməyə gedər, axşam da həmin qatarla geri, evlərinə qayıdardı. Maraqlıdı, çox adam elə bilirdi Səlim ədəbiyyat müəllimidi, ancaq kişi Aşağı Quşçu kəndində idman dərsi keçirdi.

— Səlim müəllimi çox istəyirdim. Aramızda xeyli yaş fərqi olsa da, zarafatımız vardı. Özü məni zarafat məsafəsinə buraxırdı.

— Əmi, bax, mən də səni özümə tay-tuş bilirəm. İnan ki, Səlimin günündəyəm, söhbət eləməyə adam tapa bilmirəm. Bax, bu saat, tutaq ki,  Xəstə Qasımın, ya da Qaracaoğlanın bir bəndini yaddan çıxarmışam, gedib soruşmağa bir adamım yoxdu. Vəziyyətim belədi, heç kimlə söhbət eləyə bilmirəm.

Ustad, bayaq Aşıq Xanlar haqda danışanda dediniz ki, o, yeniliyə meyilli olub. Ancaq sizin özünüz də bu saz-söz sənətində xeyli yenilik eləmisiniz. Elə saz havası altında Nəsimidən qəzəl demək…

— Hə, bunu birinci mən eləmişəm. Ümumiyyətlə, bizim aşıqlar divan ədəbiyyatına diqqətli olmayıblar. Bu saat hansı aşığa desən ki, Füzulidən, Nəsimidən bir qəzəl de, gözünü döyəcək.

— Bəs siz bu fikrə necə gəldiniz?

— Yuxu! Yuxuda gördüm Nəsimini! Gördüm, edama aparırlar, çönüb mənə əl elədi.

Demək, Nəsimi edama aparılanda görmüsünüz. Boy-buxunu, yaşı, geyimi necə idi, aşıq?

— Uca boylu, nazik adam idi. Ağ çuxasının altında yaşıl rəngli köynəyi vardı. Çuxanın qıraqları qırmızı naxışla bəzədilmişdi. Uzun saçları, üzünə yaraşan çal saqqalı vardı.

— Neçə yaşı olardı?

— Təxminən qırx-qırx üç yaşlarında olardı. Onu edama aparırdılar. Mən bir qəzəlini əzbərdən dedim, dönüb mənə əl elədi. O gündən Nəsiminin qəzəllərini saz havası üstündə deməyə başlamışam. İndiyə qədər heç yerdə demirdim bunu, fikirləşirdim, deyəcəklər aşıq dəli olur. Füzulini də görmüşəm yuxuda. Uzun ağ saçları, saqqalı vardı. Saçının qabaq hissəsi seyrək idi. Sifəti əsmər idi. Boyca Nəsimidən balaca olardı. Mənə dedi, bir qəzəl de! Mən də onun “Şəfayi-vəsl ilə qədrin hicr ilə bimar olandan sor” misrası ilə başlayan məşhur qəzəlini söylədim. Nə gözəl səsin var, dedi mənə və yoxa çıxdı. Yuxuda ağladım, oyanandan sonra da xeyli ağlamışdım.

Ustad, bilirəm ki, “Ruhani”nin ən kamil forması, “Dilqəmi”nin oxu vəziyyətindən solo halına gətirilməsi sizin adınızla bağlıdı.

— Bəli, bunlar da mənim yeniliklərimdi. Mən yeniliyi saz sənətinə zədə vurmadan eləməyə çalışmışam. Əməkdar incəsənət xadimiyəm.

— Həmin titulun qonorarı verilirmi?

— Verirlər, hardasa, yetmiş manata yaxındı. Ancaq mənim bu yaşımda, belə pis çıxmasın, uşaq başı aldatmaq kimi bir şeydi bu. Çox istərdim, dövlət qayğısı mənə də gəlib çatsın. Prezident təqaüdü alsaydım, vəziyyətim xeyli yaxşılaşardı.

— Ustad, mənim gücüm bu arzunuzu saytımız vasitəsilə dilə gətirməyə  çatır. Sənətin sizin kimi sonuncu mogikanlarını ehtiyacsız yaşatmaq dövlətimizin borcudu. Sağ olun, min yaşayın!

— Sən də sağ ol! Saytınızın işçilərinə sufi salamımı göndərirəm.

Murad Köhnəqala (www.lent.az)

PAY