Ev Cəmiyyət

Ərdoğan-Obama görüşməsi: İsrailə təhlükəsizlik zəmanəti verilməlidir

PAY
Tovuz Misir

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Dünyanın diqqət mərkəzində olan Ərdoğan-Obama görüşməsində tərəflər arasında sərbəst ticarət anlaşmasının imzalanması ilə yanaşı Suriya məsələsi də müzakirə olundu.

Görüşdən sonra açıqlama verən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan müzakirə obyektinin əsasən, Suriyadakı qanlı toqquşmaların dayandırılması, ölkə müxalifətinə dəstək verilməsi, Suriyada fəaliyyət göstərən terror təşkilatlarının qarşısının alınması və gələcək hakimiyyətdə bütün etnik azlıqların təmsil edilməsi olduğunu bildirdi.

ABŞ Prezidenti Barak Obama isə Suriyada Bəşşar Əsədin olmadığı yeni demokratik sistemin olmasında, Əsədin hakimiyyətdən getməsində və bu istiqamətdə səylərin davam etdirilməsində qərarlı olduqlarını bəyan etdi.

Tərəflərin Suriya məsələsində zahirən həmfikir olmalarına baxmayaraq, münaqişənin bu günə qədər davam etdiyini nəzərə alsaq, bu zaman ABŞ-ın heç də bu məsələdə tam olaraq Türkiyənin yanında olmadığını görmək olar.

Fikir ayrılığı isə Suriyanın gələcək taleyi ilə deyil, regionda ABŞ-ın ən önəmli müttəfiqi olan İsrailin gələcək taleyi ilə bağlıdır.
Məhz bu səbəbdən də ABŞ Suriya məsələsində, Türkiyədən fərqli olaraq daha soyuqqanlı davranmaqdadır.

Bu gün Suriyada baş verən hadisələrə nəzər salındıqda, əslində İsrailin də Əsəd rejiminin süqutunda bir o qədər də maraqlı olmadığını görmək mümkündür.

İsrailin Suriyadakı Colan təpəliklərini işğal etməsinə baxmayaraq, Suriya hakimiyyəti bu vaxta qədər ərazilərin azad edilməsi üçün demək olar ki, heç bir ciddi addım atmayıb. Suriyada hakimiyyətin dəyişməsi isə tərəflər arasındakı qeyri-rəsmi sülhü təhlükə altına ata bilər.

İsrailin Suriyadan gələn təhlükənin qarşısını almaqda aciz olduğunu düşünmək doğru deyil.

Lakin İsrail rəsmiləri yaxşı bilirlər ki, Bəşşar Əsədin hakimiyyətdən getməsi, münaqişəni daha təhlükəli məcraya yönəldə bilər və Suriyadakı kimyəvi silahların «Hizbullah» təşkilatının əlinə keçməsi İsrail üçün yaxşı heç nə vəd etmir.

Hətta «Hizbullah» lideri Həsən Nəsrullah son açıqlamalarının birində Suriya hakimiyyətinin ölkədəki kimyəvi silahları «Hizbullah» təşkilatına verəcəyini bildirib.

Təbii ki, İsrail üçün Suriyadakı kimyəvi silahların nəzarət altında olması, onların Beyrutda «dövlət içində dövlət» hesab edilən «Hizbullah» vasitəsi ilə Livana keçirilməsindən daha təhlükəsizdir.

İsrailin qarşısındakı əsas təhlükə isə sadəcə » Hizbullah» təşkilatı ilə bitmir.

Belə ki, Suriyada davam edən toqquşmalar nəticəsində ölkədəki bəzi silahlı müxalif qrupların «Əl-Qaidə» beynəlxalq terror təşkilatının təsiri altına düşməsi və digər ərəb ölkələrindən yaraqlıların Suriyaya keçməsi də təhlükəli məqamlardan biridir.

Digər maraqlı cəhətlərdən biri də, Suriyada müxalifətdə olan siyasi elitanın bu günə qədər İsrailin təhlükəsizliyi məsələsi ilə bağlı hər hansı bir zəmanət verməməsidir.

Təbii ki, bütün bunlar ABŞ-ın Suriya məsələsində nə üçün daha soyuqqanlı davrandığı və Suriya probleminin yalnız İsrailin təhlükəsizliyi təmin ediləcəyi təqdirdə həll ediləcəyi məlum olur.

PAY